NARGIS MAGAZINE
Həyat tərzi

Macəraya doğru, irəli!

Libas – DERVİŞ BAĞZIBAĞLI

"Bu elə sehrli bir şeydir ki: başqa bir insan olaraq gedirsən, tamam başqa biri olaraq geri qayıdırsan"

Keyt Duqlas Uiqqen

Səyahət – bir möcüzədir: onlar bizə yeni yerləri görmək, fərqli insanlarla, bizdən uzaq olan yeni mədəniyyətlərlə tanış olmaq şansı verir. Səyahət bizim hisslərimizi canlandırır, sayəsində daha da çox yaşamaq istədiyimiz yeni bir məna tapmağa kömək edir. Ruhumuz üçün yeni hisslər çox vacibdir və Yer üzündə ağlınızın və ruhunuzun huzurlu ola biləcəyi yeri tapmaq üçün isə uzun bir səyahətə yollanmalısınız!
İnsanların zövqləri fərqlidir: bəziləri çimərliyi daha çox sevir, bəziləri dağları, bəziləri isə müxtəlif ölkələri, şəhərləri və kəndləri kəşf etməkdən zövq alır... Ancaq, mənim fikrimcə, əsas olan səyahətin, yolun özüdür, bu yolun hara apardığı isə o qədər də vacib deyil! Hər birimiz zaman-zaman ruhumuzun sağlamlığı üçün evimizdən çıxıb naməlum istiqamətə yollanmalıyıq. Əgər hər gün sadəcə ev işləri ilə məşğulsunuzsa, kiçik şəxsi gündəlik problemlərinizdə boğulursunuzsa, o zaman mənəvi boşluğa düşmək riskiniz yüksəkdir. İnanın: evdə ciddi görünən problemlər, məsələn, Taylandda bir çimərlikdə olduğunuzda sizə o qədər də qorxulu gəlməyəcək. Sizi bezdirən şeylər isə evdən uzaqda o qədər sevimli olacaq ki, onlar üçün darıxmağa başlayacaqsınız. Həyatınızda sonsuz şükür etməli olduğunuz bütün yaxşı şeyləri görməyə və qiymətləndirməyə başlayacaqsınız.
Səyahətlər həm də özünüzü tanımağa kömək edəcək. Kiçik bir kənddə, ya da böyük şəhərdə yaşamağınızdan asılı olmayaraq dostlarınız, ailəniz, mədəniyyət, cəmiyyət sizə həmişə təsir edir... Yeni yerləri görərək, fərqli insanlarla tanış olaraq, başqalarının təsiri olmadan həqiqətən kim olduğunuzu tapa bilərsiniz. Bu, şəxsi inkişafa çox kömək edir! Həm də nə qədər səyahət edərsəniz, bir o qədər özünüzə inamlı olacaqsınız. Heç olmasa bir dəfə də olsa Səyahətə qərq olmağınızı tövsiyə edirəm: bilmədiyiniz yerlərə gedin, əvvəl olduğunuz yerlərə də gedə bilərsiniz, amma tək başına. Bəli, bu sizi çox əsəbləşdirə bilər, bəzən darıxdırıcı, bəzən də qorxulu ola bilər, göz yaşlarına boğa bilər, tənhalıq və qəzəb hissi də verə bilər. Ancaq bu səyahət sizə təxmin belə edə bilməyəcəyiniz güc verəcək. Yeri gəlmişkən, bilirsiniz, ağıllı insanlar tez-tez nə deyir? Həyat sizin komfort zonanızın bitdiyi yerdən başlayır!

Ülviyyə Mahmudova,
Baş redaktor