NARGIS MAGAZINE
Həyat tərzi

Horoscope. İyul 2020

Günəşli günləri çox olsa da öz sirli tərəfini göstərən əsrarəngiz Ayın idarə etdiyi iyul ayında daxili sakitçiliyinizi qorumağa, lakin yaxınlarınızın dərdinə şərik olmaq hissini itirməməyə çalışın. Yay mövsümü asan olmayacaq – bir sıra ay tutulmaları ilə, həm də gələcəklə bağlı qorxularla dolu keçəcək. Məhz iyul ayı bizim acizliyimizi üzə çıxaracaq və baş verənləri bütün çılpaq gerçəklikləri ilə qəbul etməyi öyrədəcək. Bütün dərketmələr kimi bu vəziyyət də əsl cəsarət tələb edir. Kimisi üçün Ayın emosiyaları və 5 iyulda olacaq ay tutulması ədalət zəfəri ola bilər, kimisinə isə öz uğursuzluğunun nəticələrinin və ruhunun dərin ehtiyaclarına qarşı laqeyd yanaşmağının cəzasını çəkmək qalacaq. Ay – bizim şüuraltı düşüncəmizin obrazıdır, o bizim emosional mühitimizə təsir edir. Ay tutulması vaxtı bizim gizli qorxularımız üzə çıxır, biz patoloji olaraq psixoloji düşüncələrdə və keçmiş hisslərdə ilişib qalırıq. Ümumi və artıq adiləşmiş isteriyalara əsasən (əlbəttə ki, səbəbsiz olmayan) ruhumuzun müdafiəsiz olması məhz ay tutulması vaxtı daha çox üzə çıxacaq, bu da bütün iyul ayı boyunca öz təsirini göstərəcək. Bu ayda, xüsusən ayın ilk on günündə verə biləcəyimiz yeganə tövsiyə özünüzü dinləmək, lakin bununla başqalarının səsini susdurmamaqdır. Güzəştə getmək və səbr etmək iyul ayında bizim ən sadiq yol yoldaşlarımız olacaq. Münasibətlərinizdən sui-istifadə etməyin, yaxınlarınıza şəfqət göstərin və ilahi qüvvəyə etibar edin. Yeni mənəvi səviyyəyə ucalmaq üçün qorxularınıza və qəlb ağrılarınıza qalib gəlmək imkanı yaranacaq. Sevin və iyul ayının ilk ongünlüyündə hər kəsi bağışlayın, keçmişi buraxın və son ongünlükdə hər şeyi təmiz səhifədən başlayın.

Çox emosional olan QOÇLAR yaxşı olardı ki, artıq istirahət etməsinlər. Böyük layihələrə, xüsusilə, əmlak işlərinə başlamayın. Ailənizin yaşlı üzvlərinin sizin səbriniz və qayğınıza ehtiyacı olacaq – sonradan etmədiklərinizə görə peşmanlıq çəkməməyiniz üçün öhdəlikləriniz və ləyaqətiniz haqqında unutmayın. Xüsusən, ay tutulması ərəfəsində rəhbərliklə mübahisə etməyin, yoxsa sizi günah keçisi edəcəklər və uzun müddət etibarınızı itirəcəksiniz.

BUĞALAR vicdan əzabı çəkmək istəmirlərsə, o zaman yaxşı olardı ki, qohumlarla mübahisəli məsələlərdə inadkarlıqlarını və prinsipiallıqlarını azaltsınlar. Ay tutulması zamanı səfərlər və səyahətlər arzuolunmazdır. Öz dünyagörüşünüzə, təhsilinizə diqqət ayırın – bəlkə də, ənənəvi doqmalardan, inkişafınızı tormozlayan və sizi xoşbəxt etməyən göstərişlərdən qurtulmağın tam zamanıdır.

ƏKİZLƏR sağlamlıqlarını qorumalıdırlar, çünki enerji çatışmamazlığı olacaq. Həm işdə, həm də adi həyatda gərgin olmayın. Maliyyə avantüraları arzuolunmazdır – nə qədər gəlir vəd olunsa da, uzun müddət vəsaitsiz qalmaq riskiniz var. Sağlamlığınızla – fitnes, dieta və sair ilə məşğul olmağın tam zamanıdır, çünki ay tutulmasından sonra metabolizm sürətlənir və artıq çəkini atmaq asan olur.

Dəyərli XƏRÇƏNGLƏR, bu Xərçəng-Oğlaq oxunda son ay tutulmasıdır, sizin əziyyətləriniz və qorxularınız bitmək üzrədir, çox az səbr etmək lazımdır. Ümid edirəm ki, sadəcə zirehinizdə gizlənməyib qısqaclardan istifadə etməyi öyrənmisiniz və öz qorxularınızı daha səmərəli bir şeyə dəyişmisiniz. Partnyorlara qarşı cəsarət və gücünüzü göstərin, daha çox istirahət edin, xüsusilə də, ay tutulması zamanı.

Bu ay ŞİRLƏRİN rahatlığını pozacaq, onlar üçün bütün imkanlar açıq olmayacaq. Savaşçı çevikliyinizi və nəsihət verməyə can atmaqlarınızı azaldın – bu qədər emosional gərgin zamanda ətrafdakılara dayaq lazımdır, rəqib deyil. Himayəçilərin xeyirxahlığına müvəffəq olmaq çətin olacaq; ən yaxşısı gələcəklə bağlı strategiya düşünərək, gələcək qalibiyyətlər və nailiyyətlər əldə etmək üçün güc toplayaraq kölgədə qalın.

Ay tutulması QIZ bürclərinin planlarını alt-üst edəcək: sizin diqqətiniz uşaqlarla münasibətinizə, onların tərbiyəsinə fokuslanacaq. Çoxlu problem yaranacaq, ilk baxışda həll olunmayacaq görünsələr də, sizin məsuliyyətiniz və fədakarlığınız sayəsində mütləq bunun öhdəsindən gələcəksiniz! Dostlarınız və həmfikirlərinizlə birlikdə nəsə yaradıcı və ya xalqın və millətin xeyrinə olacaq sosial-humanist layihə hazırlamağınız yaxşı olardı.

İyul ayı TƏRƏZİLƏRİN diqqətini karyera məsələlərinin həllinə cəmləşdirəcək, ancaq əmin ola bilərsiniz ki, bu problemlər nə qədər həll olunmaz görünsə də, sizin iradə gücünüz, peşəkarlığınızı göstərmək və bütün vəziyyətlərdən çıxış yolu tapmaq üçün çox yaxşı şərait yaranacaq. Məqsədlərinizin və məsələlərinizin nəticələrini yekunlaşdırmaq lazımdır. Bütün işlərinizdə yaxınlarınız və ailənizdən lazımı dəstəyi alacaqsınız.

ƏQRƏBLƏR, xüsusilə, ay tutulması zamanında uzaq səfərlərə getməməlidirlər. Yaxınlarınızın və qohumlarınızın problemləri növbəti dəfə sərbəstliyiniz və müstəqilliyinizlə bağlı təhlükə yaradacaq; yalnız müdrikliyiniz və mərhəmətiniz sizə ədalətli olmağa və yaranan münaqişələri həll etməyə kömək edəcək. Ancaq iyul ayında qoruyucu mələklər sizə hər zamankindən daha çox yardım edəcək, bu sizə ilham verəcək və gələcək yeniliklərə qanadlandıracaq.

OXATANLAR maliyyə məsələlərini gözdən keçirməli və böyük məqsədlər naminə nələrdənsə imtina etməli olacaqlar. Ayın ilk yarısında heç bir ciddi müəssisəyə investisiya qoymağı məsləhət görmürəm. Sağlamlığınızı, xüsusən də, əsəbi yüklərdən özünüzü qoruyun – sizin səyləriniz gələcəkdə sizə lazım olacaq, hələlik isə energetik potensialınızdan daha səmərəli istifadə etməyi öyrənməlisiniz.

OĞLAQ bürcləri üçün sonuncu olan bu ay tutulması gizli mənəvi yaraları üzə çıxararaq şəxsi problemlərə diqqət yetirməyə kömək edəcək. Ali güclərə inam olmadan mətanət və səbr göstərmək asan deyil, Kainatın son iki il ərzində sizə öyrətdiyi məhz budur – Dünyanın qanunlarını itaətkarlıqla qəbul etmək. Xatırladıram: həyatınızda hər bir şey doğru zamanda baş verir və bəlkə də, ruhunuzun elastikliyini göstərməyin vaxtıdır.

DOLÇALAR daxili aləmlərinə diqqət yetirməlidirlər. Özünəqapanma və öz bacarıqlarınıza konsentrasiya, yaradıcı potensialın üzə çıxması, özünüinkişaf təkcə enerjinizə qənaət etməyəcək, həm də başqaları ilə paylaşmağı öyrəndiyiniz Kainatın sirlərini dərk etməyə kömək edəcək. Lakin bütün ay ərzində sağlamlıq problemləri və potensial travmalar aktual olacaq, odur ki, həddindən artıq gərginləşməyin.

BALIQLAR dostları ilə münasibətlərini yenidən nəzərdən keçirməlidirlər: bəlkə münasibətlərinizin hekayəsindən asılı olmayaraq kimisə həyatınızdan çıxarmağın vaxtı gəlib? Bağışlayaraq buraxmağı öyrənin. Sevdiklərinizlə uzanan münaqişələr yenidən gözdən keçirilməyi tələb edir. Köhnəlmiş, sizi məhdudlaşdıran münasibətlərə yapışmadan istəklərinizə fokuslanmağın və gələcəyə cəsarətlə baxmağın vaxtıdır – iyul ayında ay tutulması onlardan qurtulmağa kömək edəcək.