NARGIS
NARGIS MAGAZINE
Həyat tərzi

Özünü sərbəst burax!

"Bir yerdə oxumuşdum ki, gözəl bir qadın sonsuza qədər sevincdir. Ancaq öz təcrübəmdən əmin oldum ki, ən gözəl qadın belə maksimum üç saatlıq bir sevincdir. Çünki sonra o, mütləq uşaqlıq travmalarından danışmaq istəyəcək..."

Çak Palanik

Emosional travmanın yaratdığı zərər bəzən fiziki travmadan daha ciddidir, həm daha dərindir, həm də daha ağrılıdır. Axı fiziki yaraları müalicə etmək olar, bu yalnız zamana bağlıdır. Ancaq pozulmuş psixikanın öhdəsindən gəlmək daha çətindir! Emosional zorakılıq fiziki zorakılıqdan daha məhvedici ola bilər, bəzən isə nəticələri düzəltmək mümkün olmur. Bəzən ürək ağrısını susdurmaq üçün insanlar bilərəkdən özlərinə fiziki ziyan vururlar. Çox vaxt yeniyetmələr və böyüklər ürək ağrısından uzaqlaşmaq üçün əllərini kəsirlər. Təəssüf ki, bu, müsbət nəticə vermir – sevgilisindən onu artıq sevmədiyi və münasibətlərinə son qoyması haqqında məktubu oxuduqdan sonra qadının təbii doğuş zamanı ağrının öhdəsindən asanlıqla gələ biləcəyini təsəvvür edə bilmirəm.
İnsanların başqalarının emosional travmasından daha çox fiziki ağrılarına daha kəskin reaksiya verdiklərini müşahidə etmişəm. Əgər gözümüzün qabağında kimsə yıxılıbsa və ya onu maşın vurubsa, diksinirik, qışqırırıq, hər şeyin qaydasında olub-olmadığını yoxlamaq üçün yanına qaçırıq. Ancaq yanımızda tanımadığımız birini ələ salırlarsa, təhqir edirlərsə və ya alçaldırlarsa nadir hallarda buna reaksiya veririk...
Bəli, nə qədər kədərli olsa da, ürək ağrısının öhdəsindən çox vaxt təkbaşına gəlməli oluruq. Ancaq bu ağrını içimizdə saxlamamalıyıq. Əgər tarakanları bir qutuda bağlı saxlasaq, uzun müddət orada qalacaqlar, amma qutunu açan kimi yenə də oradan çıxacaqlar. Qəlbimizdə saxladığımız hisslərimiz kimi: onlar uzun müddət qapalı qala bilərlər, üstünə öhdəsindən gələ bilmədiyimiz yeni problemlər yığılacaq, çünki özümüzə etiraf etməsək də, qəlbimiz qırılmağa başlayacaq. Bu illərlə davam edə bilər, amma gec-tez, artıq emosiyalarımızı gizli tuta bilmədikdə vulkan kimi püskürəcək! Və bu müddət ərzində yığılmış müxtəlif problemlər ortaya çıxacaq. Emosiyalar illərlə, on illərlə yığıla bilər, ancaq onların varlığını nə qədər tez qəbul etsək və qəlbimizi sağaltmağa başlasaq, bir o qədər görünməz, lakin hiyləgər izlərin qalma ehtimalı var. Bir çox insan səy göstərərək duyğularını idarə edə biləcəyini düşünür. Həyəcan dalğasını yıxmaq üçün insanlar başlarını qatmağa, birtəhər əhval-ruhiyyələrini qaldırmağa çalışırlar. Kaş ki, özünü xoşbəxt hiss etmək o qədər asan olsaydı: düyməyə basıb “xoşbəxtlik” rejiminə keçirdin, vəssəlam! O zaman psixoterapevtlərin işi olmazdı.
Ya da ki, bunu büruzə verməmək olar, özünü pis hiss etdiyinə "publikaya oynamaq"... Bəs niyə? Bəlkə bütün problemləri və həyəcanları olduğu kimi qəbul etmək lazımdır? Özünüz haqqında həqiqəti olduğu kimi qəbul etmək. Axı həqiqət hər şeyə rəğmən güclüdür. Bu da bir növ terapiyadır. Ağlayırıqsa, zəif deyilik, hirsləniriksə də, pis deyilik. Hamımız insanıq, qalır, bunu qəbul etməyi öyrənmək. Özünüzü sərbəst buraxın, zəifliyinizi qəbul edin...

Ülviyyə Mahmudova,
Baş redaktor