Mayın 10-da İçərişəhərdə yerləşən Qoşa Qala meydanı bir günlüyə musiqi və yaradıcılıq platformasına çevrildi. İlk dəfə təşkil olunan “Arzular nöqtəsi” inklüziv musiqi festivalı tamaşaçılara fərqli və ilhamverici bir sənət mühiti təqdim etdi.
Festival IMEC Beynəlxalq Musiqi Tədris Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə, Heydər Əliyev Fondunun dəstəyi, PASHA Holding-in baş sponsorluğu və Bakı Media Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirildi.
Layihə inklüzivliyin gücünü, yaradıcılığın sərhədsizliyini və musiqinin birləşdirici rolunu ön plana çıxardı. Uşaq və gənclərin iştirakı ilə təqdim olunan proqram onların istedadlarının nümayişi ilə yanaşı, cəmiyyətə güclü sosial mesaj ötürdü.
Festival çərçivəsində Azərbaycan kinosunun klassik səhnələri müzikl formatında yeni səhnə həyatı qazandı. Canlı musiqi ifaları, müxtəlif janrlı çıxışlar və fləşmoblar tədbirə xüsusi dinamika və emosional zənginlik qatdı.
“Arzular nöqtəsi” musiqi və insanları bir araya gətirərək Bakının mədəni həyatında yaddaqalan bir hadisəyə çevrildi.


