NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Olqa Kurilenko arzulara doğru

O, hər ampluada bacarıqlıdır – faciədə, komediyada, dramda… Budur, o, dağınıq saçlarla tarlada qaçır və məftunedici gülüşü ilə Ben Afflekin "Möcüzəyə doğru" filmində oynadığı qəhrəmanı arxasınca sürükləyir. Başqa bir filmdə isə göz qırpmadan silahdan atəş açır və nəfəs kəsən viraj dönüşündə ustalıqla əyləcə basaraq gur səslə agent 007-yə "Otur!" deyə əmr edir. O, həmişə fərqlidir, amma dəyişməz olaraq həqiqi, səmimidir. Olqa Kurilenkonun ulduz taleyi nağıl hekayəsinə bənzəyir: Ukraynanın Berdyansk mahalında yoxsul uşaqlıq, on üç yaşında ikən metroda model işində vasitəçi ilə taleyüklü görüş, on altı yaşında Parisin Madison agentliyi ilə müqavilə, on səkkiz yaşında dünya miqyaslı jurnalların üz qapaqları, birinci dərəcəli ulduzlarla ən yaxşı rejissorların filmlərində kastinqdən keçmədən baş rollar... Maraqlıdır, Sleep Cupid şikətinin sorğusuna əsasən avropalı kişilər üçün ən cazibədar və arzu olunan qadın olaraq seçilən bu gözəl başqa nə arzu edə bilər?

Uşaqlıqda musiqi və baletlə məşğul olmusunuz. Bir çox qızlar kimi məşhurlaşmağı, səhnədə işıq saçmağı arzulayırdınızmı? Ümumiyyətlə, uşaqlıqda kim olmaq istəyirdiniz?

Kiçik yaşlarımda səhnə haqqında ümumiyyətlə xəyal qurmamışam, əksinə ondan qorxmuşam. Yadımdadır, yalnız utancaqlığımdan qurtulmaq üçün aktyorluq kurslarına getməyə qərar vermişdim. Çox ciddi bir qız idim, mənə çətin idi. Ümumiyyətlə, həmişə nənəm kimi həkim olmaq istəyirdim. Axşamları dəli kimi onun evdə saxladığı tibb kitablarını oxuduğumu xatırlayıram...

Sizcə, nə üçün bəzi insanlar xəyallarını gerçəkləşdirməyi bacarır, başqalarının xəyalları isə gerçəkləşməz olaraq qalır?

Arzunu reallaşdırmağın o qədər də asan iş olduğuna inanmıram. Hər halda, mənim üçün heç vaxt belə olmayıb. Mən bir anda məşhur olmamışam. Bu, öz üzərimdə illərlə işləməyimin, zəhmətli əməyimin nəticəsidir, çünki mənim də yoluma müxtəlif maneələr çıxırdı. Dillər öyrənirdim, aktyorluq dərsləri alırdım, sonra özümü sınaqlarda yoxlayırdım. Və bu bir müddət davam etmişdi mən inadla hədəfimə doğru gedirdim, buna görə ciddi filmlərdə ilk ciddi rollarımı aldım. Mən bir yerdə durmurdum. Həmişə nəiləsə məşğul olurdum. Öyrənirdim. Sınayırdım. Öz üzərimdə işləyirdim. Dayanmırdım və rahatlaşmırdım. Və əgər bir insanın xəyalları gerçəkləşmirsə, deməli o, sadəcə xəyalpərəstdir və hər şeyin ona göydən düşəcəyini düşünür. Dostlarım arasında belələri var, onlar heç vaxt uğur qazana bilməyiblər. Çünki hərəkət etmək lazımdır! Və heç bir halda oturub möcüzə baş verəcəyini gözləməyin.

On altı yaşında Paris model agentliyindən dəvət aldınız, evinizi tərk edib dünya podiumlarını fəth etməyə yollandınız. Ukraynadan olan sadə bir qızın möhtəşəm, inkişaf etmiş bir Avropaya ayaq uydurması necə baş verirdi?

Əvvəlcə duyğularım aşıb-daşırdı! Hər boş dəqiqəmi Parisi gəzib özüm üçün yeni bir şey kəşf edirdim. Ev üçün darıxmağa vaxtım olmurdu. Yalnız altı aydan sonra ev və ailəm üçün darıxmağa başladım. Və o andan bəri mənim üçün Parisdə qalmaq getdikcə çətinləşirdi. Çox gərgin bir zaman yaşayırdım tamamilə tək idim. Və tənhalığıma qərq olduqca mənim üçün insan üzünə çıxmaq və ünsiyyətdə olmaq bir o qədər çətinləşirdi. Getdikcə insanlardan qaçmağa başladım. Ancaq bütün bu müddətdə oxumağa, yazmağa və fransızcamı inkişaf etdirməyə davam edirdim. İndi isə geriyə baxdığımda əminliklə deyə bilərəm ki, mənim üçün çətin bir dövr olsa da, o zaman maksimal dərəcədə özümü inkişaf etdirməklə məşğul olmağım, mənə tanıdığınız insan olmağımı təmin etdi.

On səkkiz yaşında ikən artıq ən məşhur jurnalların üz qapağında yer alırdınız, məşhur markaların siması idiniz. Belə bir gənc yaşda ulduz xəstəliyinə tutulmamağı və bu şöhrətin öhdəsindən gəlməyi necə bacardınız?

Özümü məşhur hesab etmirdim. İndi də etmirəm. Düşünürəm ki, şöhrət daha çox ruh halıdır: ya o halın içindəsən, ya da yox. Şəxsən mən ümumiyyətlə özümü məşhur hiss edə bilməyəcəyimə inanıram. Mənim üçün bu sadəcə bir işdir və doğrusu, bəzən şöhrətimdən utanırdım, xüsusən də, mənim yanımda bu barədə danışmağa başladıqlarında.

Bürcünüz Əqrəbdir. Yəqin ki, bu bürc altında doğulan insanlara xas olan xüsusiyyətlər haqqında oxumusunuz? Bu xüsusiyyətlərin hansıları sizdə var?

Bəli, bu barədə İnternetdə oxumuşam. Yəqin ki, mən də bütün Əqrəblər kimi entuziazm doluyam, yaxşı intuisiyaya malikəm və başqasının dərdinə şərik olmağı bacarıram. Ancaq orada yazılan hər bir şeylə razılaşa bilmərəm. Bürclərdə təsvir olunan bəzi xarakter xüsusiyyətləri mənə tamamilə ziddir.

Bu gün tələb olunan aktrisasınız. Belə bir coşqun karyeranızı nəzərə alaraq həyatda üstünlüklərinizi nəyə görə müəyyənləşdirirsiniz?

Bütün ömrüm boyu işimi və karyeramı hər şeydən üstün tutmuşam, həmişə məşğul olmaq istədiyim bu olub. Bunu bir qadından eşitmək qəribə ola bilər, amma heç vaxt, uşaqlıqda və yeniyetmə yaşlarımda belə evlənib ailə qurmağı arzulamamışam. Mənim üçün bəlkə də ailəmin heç vaxt olmayacağını düşünmək normal idi, hətta bu mənə olduqca əl verirdi. Həyat yoldaşı və ana olmaq arzusu məndə yalnız 2012-ci ildə, bir qızı olan adamla görüşməyə başladığım zaman yarandı. Mən onun üçün ögey ana kimi bir şey oldum. Onunla ünsiyyət mənim üçün qeyri-adi bir təcrübə oldu: kiməsə qayğı göstərməkdən zövq almaq və bununla yanaşı qeyd-şərtsiz sevgimi ona vermək mənim üçün çox təəccüblü hiss idi! Məhz o zaman öz övladımın olmasına hazır olduğumu və bunu istədiyimi anladım. Zamanla, şəxsi həyat yaşayışımda daha çox yer tutmağa başladı, ailəm getdikcə mənim bütün vaxtımı almağa davam edir. Hərçənd bu rolu yalnız 36 yaşımdan sonra mənimsəməyə başladım. Ancaq etiraf edim ki, işi və ailəni bir arada tutmaq mənim üçün asan deyil.

Həm Avropa, həm də Hollivud filmlərində çəkilirsiniz. Zəhmət olmasa, deyin, sizcə, bu iki sənaye arasındakı fərq nədədir? Hansı biri sizə daha yaxındır?

Hər ikisi mənə yaxındır, amma ikisi də tamamilə fərqlidirlər. Məncə, avropalılar təbiətcə amerikalılar qədər tələbkar deyillər. Və onların sərbəstliyi daha çox xoşuma gəlir. Avropa çəkiliş qruplarında həmişə adam az olur, orada özünü kiçik bir ailənin bir hissəsi kimi hiss edirsən. Ancaq eyni zamanda amerikalılarla da işləməyi xoşlayıram. Onların həmişə çox parlaq layihələri, maraqlı fikirləri olur. Və onlar bu fikirləri ekranda necə həyata keçirməyi yaxşı bilirlər.

Filmoqrafiyanızda həm blokbasterlər, həm də arthaus var. Hansı rol sizin üçün ən çətin idi? Ən çox sevdiyiniz rol hansıdır?

Əlbəttə ki, çətin bir sualdır... Bir çox filmdə rol almışam. Ancaq yenə də bu çoxsaylı filmlər arasından seçməli olsam, deyərdim ki, ən sevdiyim rolum "Möcüzəyə doğru" filmindəki Marina rolu idi. Terrens Malik ilə işləmək çox xoşuma gəldi. Ən çətin rol isə "Kainatda iki nəfər" filmindəki Emi rolu idi. Bu rol məni emosional olaraq boşaltmışdı: demək olar ki, hər gün kamera qarşısında ağlamalı və ya qəhrəmanın hər an ağlamağa hazır olduğunu canlandırmalı idim. Bu dövr hamiləliyimin başlanğıcına təsadüf edirdi, bu da bildiyiniz kimi, işimi asanlaşdırmırdı.


Rollarınız sayəsində kişiləri özünə məftun edən cürətli qadın şöhrəti qazanmısınız. Bəs real həyatda asanlıqla aşiq olan birisiniz? Bir kişi sizin diqqətinizi necə çəkə bilər?

Həqiqətənmi? Heç vaxt ağlıma gəlməzdi ki, belə bir şöhrət qazanmışam! Qətiyyən asanlıqla aşiq olan biri deyiləm. Mənim üçün bu çox çətindir. Aşiq olmaq üçün vaxt lazımdır. Onu daha yaxından tanımalıyam. Kişilərdə isə məni yumor hissi, səmimilik, digər insanlara və həyata hörmət və sevgisi, insanları mühakimə etməmək qabiliyyəti cəlb edir.

İmprovizasiya edən aktrisasınız? Çəkilişlərdə mətndən asanlıqla uzaqlaşa bilirsiniz, yoxsa ssenaridən kənara çıxmırsınız?

Mən tanıdığım ən gözlənilməz aktrisalardan biriyəm. Bunu yalnız mən demirəm, çoxları belə hesab edir. Müzakirələrə, təkliflərə həmişə açığam, ciddi arqumentlər gətirildikdə fikrimi dəyişməyə həmişə hazıram. Yeni şeyləri sınamağı xoşlayıram. İmprovizasiya etmək əladır!

"Arzu otağı" filmində də psixoloji cəhətdən çətin, bədbəxt bir qadın rolunu oynamısınız. Bu rola nə qədər dərindən daxil oldunuz və həddindən artıq emosional roldan necə çıxdınız?

Rola lazımlı qədər dərin və şüurumun imkan verdiyi qədər daxil oluram. Qəhrəmanımı canlandırdıqda onun hisslərini həqiqətən yaşayıram. Obrazdan çıxmaq isə mənim üçün çətin deyil, bunu asanlıqla edə bilirəm. Nə qədər çox çalışırsansa, rola girmək və ondan çıxmaq o qədər asan olur: bu bacarıq tədricən təkmilləşir, sanki bir əzələni məşq etdirirsən.

İndi bir çox aktyorlar bir növ psixoloji təcrübəyə, yoqaya, pəhrizə, müxtəlif idman növlərinə maraq salırlar. Bu qədər gərgin iş qrafiki ilə belə gözəl formada qalmağı necə bacarırsınız?

Təəssüf ki, özümü faydalı bir şeyə alışdıra bilmirəm. Mən yoqa ilə məşğul olmuram, idman etmirəm. Pəhriz saxlamıram, buna ehtiyac duymuram. İnanıram ki, sağlam qidalanma var və buna əməl etsəniz, o zaman pəhrizə ehtiyac qalmayacaq. Hərçənd, etiraf edim ki, bəzən hansısa bir idman növü və ya yoqa ilə məşğul olmaq fikri ağlımdan keçir. Bəlkə yaxın gələcəkdə nəyisə sınayaram!

Və son sual. Olqa Kurilenko bu gün nə arzulayır?

Sülh, əminamanlıq, təbiət... Bir də stresdən uzaq olmağı arzulayıram. N

*Saç düzümü John Nollet
Saç ustasının köməkçisi Alex Lagardère Salon John Nollet Suite 101 – Park Hyatt Hotel 75001 – Paris Vendôme
Makiyaj Jolanta Credo @b-agency.com – Makeup by Guerlain
Manikür ustası Adrienne @b-agency.com – Makeup by Guerlain

Fotoqraf və posprodakşn köməkçisi Kristina Wießner
Prodakşn Jean-Marc Mondelet
Set dizayneri Keti Chkhikvadze
Xüsusi təşəkkürlər:
Ruth MALKA @KARIN MODELS David BOCQUET @B-Agency.com Tatiana Diaz Medina @John Nollet

*Material 70-ci buraxılışda dərc olunub