NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

BANAN, NEFT VƏ ALMAZ ÖLKƏSİ

Ola bilsin ki, kimdəsə bu sual təəccüb yaratsın: Hollivudla Anqola arasında ümumi nə var? Təsəvvür edin ki, heç də az deyil. Hər ikisində uğur formulu eynidir: lazım olan yerdə toplaşan düzgün insanlar, üstəgəl pul. Hollivudun özündə isə, Şöhrət xiyabanının məşhur adlar həkk olunmuş qranit ulduzlarının üzərində yoxsullar gecələyir... Anqolanın paytaxtı Luanda da eynilə belədir – Mərmərədəki prezident iqamətgahının, onun gözəl baxımlı parkları, gölləri və fontanlarının iki addımlığında – yolsuzluq, zibilxanalar və əsl xarabalıqlar hökm sürür. Burada, həm Hollivudda, həm də dünyanın bir çox dəbdəbəli paytaxtlarında olduğu kimi, cah-calal yoxsulluqla yanbayan qonşuluq edir. Biz bu ölkə haqqında ən maraqlı faktlar barəsində söz açacağıq və əsl Anqolanı bəzək-düzəksiz fotoqraf-səyyah Yelena Qrişinanın obyektivi vasitəsilə göstərəcəyik. 

DÜNYANIN ƏN YAXŞI OTLAQLARI

Bu ölkənin əhalisinin təqribən 70%-inin gündəlik xərci 2 dollardan aşağıdır. Amma eyni zamanda bu ölkə adam başına ən çox şampan şərabı istehlak edilən ölkələrdən biridir! İl ərzində 240 min şüşə satılır. Ancaq onlar əsasən az-çox varlı Luanda publikası üçün nəzərdə tutulub, bu isə təxminən 27 milyon anqolalının 300-400 min nəfəridir.

Təqribən 30 illik vətəndaş müharibəsinin ölkədə elm və təhsilin inkişafını dayandırması tam aşkardır. Anqola əhalisinin yarısından çoxu tam savadsızdır, bu isə birbaşa onların sosial vəziyyəti ilə əlaqəlidir. Daha varlı anqolalılar üçün isə paytaxtda 6 fakültəsi olan A.Neto adında universitet mövcuddur. Həmçinin elmi-tədqiqat istiqamətli daha 8 institut da var.

Nə üçün gözəl iqlimə və zəngin yeraltı ehtiyatlara malik Anqola iqtisadi enişdən qurtula bilmir? Burada neft və almazlar, bir çox digər faydalı qazıntılar hasil olunur, şəkər qamışı və qarğıdalı, banan və kofe, pambıq və tütün, sizal və maniok əkilir. Şimalda tropik musson, cənubda subtropik iqlim müşahidə edilir, temperatur da kifayət qədər komfortludur – ortalama +16 - +25. Yerli məmurların sözlərinə görə, dünyanın ən yaxşı otlaqları Anqoladadır, amma orada nadir hallarda mal-qara görmək mümkündür. Tamamilə neftdən asılı olan, süni yetişdirilən neft dolları mədəniyyətinin əks tərəfi də var – çox sayda işsiz, yəni yoxsul. Həqiqətən də, pullar neft platformalarından şırnaqla axırsa, o zaman, yəqin ki, öz iqtisadiyyatına sərmayə yatırmaqdansa əti xaricdən almaq daha asandır: görünür, neft hasilatı ilə əlaqəsi olan təminatlı azlığın məntiqi belədir.

Hər halda bu ölkə heç nə, hətta daraq belə istehsal etmir. Anqola iqtisadçıları isə bəyan edirlər ki, yerli iqtisadiyyatın diversifikasiyası üçün bir neçə nəsil tələb olunacaq...

Anqolanın insan inkişafı indeksi çox aşağıdır – BMT-nin son məlumatlarına görə 187 ölkə arasında 149-cu yer. Hətta bu gün, 27 il davam edən vətəndaş müharibəsinin sona çatmasından 13 il ötdükdən sonra da, Müdafiə nazirliyinin büdcəsi səhiyyə və təhsil üçün birlikdə ayrılan vəsaitdən təqribən 5 dəfə çoxdur.

Anqolalılar qəribə, anlayışlı və qədərində istehzalı xalqdır. Onları bu cür nəzərə çarpan varlılar və yoxsullara təbəqələşmə qəzəbləndirmir. Prezidentləri haqqında isə burada adətən xoş ifadələr işlədirlər, təxminən belə: “Bəli, ola bilsin ki, o bir qədər oğurlayır. Amma əsas odur ki, o, bizdəndir, axı biz özümüz onu seçmişik”.     

AFRİKA NƏHƏNGİ

Paytaxt Luanda – sürətlə genişlənən meqapolis, iqtisadiyyatı intensiv inkişaf edən ölkələr qrupuna başçılıq edən özünəməxsus Afrika nəhəngidir: göydələnlər, restoranlar, ofis mərkəzləri, elit maşın salonları... Tipik kontrastlar şəhəri – burada ayda 25 min dollara icarəyə verilən evlər var, onların pəncərəsindən isə elementar sanitar şəraiti olmayan evlər görünür. Hökumət nə üçünsə zibilxanaların ləğvi üçün pul ayırmır və mütəmadi olaraq, paytaxta leysan yağışlar yağanda, üfunət dözülməz olur. Luandanın mərkəzində gəzinti əsl sərgüzəştə çevrilə bilər: intensiv hərəkətdən savayı yolda tez-tez nəhəng çuxurlara rast gəlinir. Əyləcə basan kimi avtomobilin pəncərəsinə tərəf, istənilən ağıla gələn və gəlməyən mallar, keşyu fındığından və meyvələrdən tutmuş şlanqlar və unitaz qapağına qədər təklif edən  xırdavatçılar qaçışır... Əvəzində yolüstü sərfəli kursla dollar dəyişmək olar.

Bütün bunlarla yanaşı Luanda dünyanın ən bahalı şəhərlərindən biridir. Eyni dərəcəli restoranda nahar Portuqaliyada 8 avrodan baha olmazdı, Luandada isə onun qiyməti 20 avroya başa gəlir. Portuqaliyada ucuz mehmanxanada gecələmək üçün 15 avrodan çox ödəmirlər, Luandada isə bu, 10 dəfə daha bahalıdır. Portuqaliya ilə müqayisə təsadüfi deyil  - Anqolanın müstəmləkə tarixinin öz nəticələri var: onun iqtisadiyyatı bu gün də ən etibarlı mal təchizatçısına çevrilən keçmiş müstəmləkəçi ilə sıx bağlıdır.       

TAYFALAR KONQLOMERATI

Anqolanın qədim tarixi var, insanlar burada hələ tarixdən əvvəlki zamanlarda yaşayıblar. İlk portuqaliyalılar Anqola torpağına 1482-ci ildə qədəm basıblar, 1575-ci ildən isə ərazilərin zorla işğalı başladı. Üzüyola və gülərüzlü yerli əhali qiymətli əmtəəyə çevrildi – anqolalı qulları kütləvi şəkildə Amerikaya satırdılar. O zamandan Anqola xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsi səngimirdi. XX əsrin başlaması ilə Anqolada müstəqillik ideyalarını yayan, yerli əhalinin milli hüquqlarını qoruyan təşkilatlar yarandı. 1956-cı ildə azadlıq əldə edilməsi istiqamətində silahlı hərəkata başlayan vətənpərvər təşkilat – MPLA – yarandı. Mübarizə qələbə ilə yekunlaşdı – 1975-ci il noyabrın 11-də Anqola müstəqil Xalq Respublikası oldu.

Anqola hər birinin nadir mədəni xüsusiyyəti olan özünəməxsus tayfalar konqlomeratıdır. Onların hər biri – ovimbundu, mbundu, konqo, çokve və başqaları – ümumi Anqola mədəniyyətinə öz töhfələrini veriblər. Amma yenə də həyatın bütün sahələrində - istər dil, incəsənət, musiqi, arxitektura və ya mətbəx olsun, - hələ də Portuqaliyanın təsiri müşahidə edilir. O zamanlar portuqaliyalı missionerlər burada xristianlığı aşılamağa müvəffəq olublar (katoliklər, baptistlər, protestantlar), əhalinin 2%-i isə İslam dininə mənsubdur. Yeri gəlmişkən, Anqola sakinlərinin hamısı poliqlotdurlar, onlar çox asanlıqla bir neçə yerli dildə danışmağı bacarırlar, şəhər əhli isə, əsasən iş adamları və ticarətçilər hətta portuqal dilini də bilirlər – bu dil burada millətlərarası ünsiyyət və işgüzar elitanın dilidir.

Yerli mətbəxdən söz açarkən qeyd etmək lazımdır ki, istinasız bütün anqolalılar meyvə və tərəvəzi çox xoşlayırlar. Anqola mətbəxinə paxla, düyü, qarğıdalı, qurudulmuş və təzə ət, balıq və dəniz məhsulları daxildir. Çox maraqlı bir nüans: yemək hazırlayarkən anqolalılar çox sayda inqrediyentləri qarışdırmağı sevirlər.        

FİKRƏ DALAN ÇOKVE

Anqola fil sümüyündən, ağacdan və keramikadan müxtəlif etnik qrupların üslubunda hazırlanmış mərasim maskaları ilə məşhurdur. Qədim tarixə malik hər bir ölkə kimi, Anqola eksklüziv artefaktlarla zəngindir. Onlardan ən məşhuru isə “Fikrə dalan Çokve” heykəlidir.

Musiqi Anqola həyatının əhəmiyyətli hissəsidir. Yeri gəlmişkən, hazırda populyar olan “rebita” üslubu məhz Anqolada yaranıb. Anqolanın ənənəvi incəsənəti mədəni və dini ayinlərlə sıx bağlıdır. Onların məqsədi həyatda baş verən önəmli hadisələri – doğumu, yetkinlik yaşına çatmağı, toyu, ölümü - qeyd etməkdir. Afrika ümumilikdə kifayət qədər özünəməxsusdur və bura gələn avropalı üçün ən sadə Anqola mərasimində iştirak son dərəcə parlaq təəssüratlar yarada bilər.

Məsələn, 12-13 yaşına çatan oğlanlar və qızlar üçün yetkinləşmə mərasimi. Onlar sünnət olunurlar. Şadyanalıq əldən düşənə qədər kütləvi rəqslər və yerli palma pivəsinin içilməsi ilə davam edir; görünür içki təntənənin səbəbkarları üçün özünəməxsus anesteziya rolu oynamalıdır. Bir müddət sonra isə əvvəlcədən iki inək və ya dörd keçi fidyə alaraq - “yetişmiş” qızı başqa tayfaya ərə verirlər. Uşaq anadan olandan sonra fidyənin ikinci hissəsi – daha iki inək verilir və yalnız bundan sonra gəlinin qohumlarına mütləq şəkildə hədiyyələr təqdim edilməklə toy təşkil olunur. Nikahdan kənar uşaqlar cehizin bir hissəsi hesab olunur – axı bu, tayfa üçün əlavə işçi qüvvəsidir. Odur ki, uşaqların olması həmişə alqışlanır. Oğlanlar üçün kişiliyə yüksəlmək mərasiminin ikinci, daha da sərt mərhələsi mövcuddur; sınaqlara dözmək hər kəsin işi deyil. Kişiliyə namizəd müəllimi ilə bir aylıq düzənliyə yollanır: bu müddət ərzində müəllim onu ağrılar və məhrumiyyətlərdən keçirərək kişi həyatının bütün çətinliklərini öyrədir. Ayini başa vuran kişinin sinəsinə döymə vurulur – yeni sosial mövqeyin təsdiqi.

Ölkənin cənubunda heç də az maraq doğurmayan digər ənənə var. Cinsi yetkinliyə çatan və nəzərdə tutulan bütün sınaqlardan keçən qız, həddi-büluğ bayramında xoşuna gələn istənilən, hətta evli kişiyə ərə gedə bilər: bu zaman o kişi əvvəlki ailəsini buraxaraq yeni ailəyə sahib olmağa borcludur. Gələn il isə, eyni asanlıqla və cəzasızlıqla, artıq başqa yeni gəlin həmin kişiyə sahib çıxa bilər... Matriarxat elementlərini qoruyan bu adət, çox güman ki, ölkənin uzun müddət hərbi əməliyyatlara meydan olması səbəbi ilə doğum sayının tənzimlənməsi və əhalinin artımının stimullaşdırılmasında özünəməxsus bir üsuldur.      

JOZE, TATYANA VƏ BAKI

Anqolanın ikinci prezidenti – Joze Eduardu duş Santuş, keçmiş Anqola inqilabçısı, MPLA fəalı – 38 il, 1979-cu il sentyabrın 21-dən 2017-ci il sentyabrın 26-na kimi, yeni prezident Juan Lorensu seçilənə qədər hakimiyyətdə olub. Duş Santuşun Bakı ilə yaxından tanış olması və rus dilində gözəl danışıq bacarığı haqqında məlumat çoxlarını təəccübləndirəcək. Ötən əsrin 70-ci illərində bizim AzNKİ (indiki Neft Akademiyası) “üçüncü dünyada” mühəndis-neftçilərin hazırlanması baxımından ən aparıcı ali təhsil ocağı kimi tanınırdı və bütün dost ölkələrdən təhsil almaq üçün bizə üz tuturdular. Bax, burada təhsil alan xarici tələbələrdən biri də Anqolanın gələcək prezidenti olub. Buradaca o, cazibədar Tatyana Kukanova ilə tanış olub və ona evlənmək təklifi edib. Onların qızı İzabel Bakıda dünyaya göz açıb. Təhsili başa vuraraq, 6 ildən sonra gənc ailə Bakıdan Anqolaya yola düşüb...

Sonralar prezident olan Joze ilə onun inadcıl rus həyat yoldaşının qəliz münasibətlərinin təfərrüatlarına varmayaraq, yalnız bir faktı qeyd edirik: hazırda onların qızı İzabel duş Santuş Anqolanın aparıcı iş adamlarındandır və Afrikanın ilk qadın milyarderidir. Hələ 2016-cı ildə “Forbes” jurnalı onun varidatını 3 milyard dollar həcmində qiymətləndirmişdi.

Mətn: Marina Mursalova

Foto: Yelena Qrişina