NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Ulduz ana

Hollivud divası ilə söhbətim onun baş rollardan birini ifa etdiyi “Seçilməmiş yollar” filmi təqdim olunan LXX Berlin kino festivalında baş tutdu. Koronavirus artıq sürətlə yayılırdı, lakin hələ insanlar evlərində karantinə qapadılmamışdı. Televiziyada artıq onun sarsıdıcı təsirləri və təhlükəsizlik tədbirləri barədə geniş danışılmağına, küçələrdə və ictimai yerlərdə maskalı insanların gözə dəyməsinə rəğmən, ən cəsurlar səfərlərə, premyeralara baş çəkməyə və müsahibələrə gəlməyə davam edirdilər. Onların sırasında Hollivud ulduzu Salma Hayek də var idi. Yaxın zamanlara qədər o, kübar tədbirlərdə artıq böyümüş qızı Valentina ilə əl-ələ görünürdü, lakin pandemiya təhlükəsinə görə Berlinə tək gəlmişdi. Berlinin Mitte rayonunun “Regent” otelindəki görüşümüzə Salma qara şalvarlı kostyumda gəldi. Qalın zəncirli qızıl boyunbağı və onu uyğun qızıl çərçivəli zərif eynək olmasaydı, o, lap puritan kimi görünərdi. Kürsüdə əyləşməzdən öncə aktrisa köməkçisinin gəzdirdiyi çantasına tərəf yönəldi, o da ona dezinfeksiya edən vasitəli tübiki uzatdı. Əllərini antiseptiklə yaxşıca təmizləməzdən öncə Salma “Dünyamızda nələr baş verir!” söylədi.

Siz də hesab edirsiniz ki, bizi böyük dəyişikliklər gözləyir?
Heç deməyin... Adətən, səfərlərə qızımı da götürürdüm, amma bu dəfə risk etmədim. Valentinanın 12 yaşı var, o, səfərləri çox sevir – mən onu demək olar ki, körpəliyindən özümlə gəzdirirəm. Yuxumu almaq və saat fərqinə görə adaptasiya olmaq üçün mənə, adətən, çox zaman lazım olur, Valentina isə heç bir narahatçılıq və ya yorğunluq hiss etmədən bir ölkədən digərinə pərvaz edə bilir. Kiçik olanda mən onu çəkilişlər zamanı asanlıqla yerli uşaq bağçasına verə bilirdim və o, xoşbəxtlikdən göyün yeddinci qatında olurdu: o, yeni insanlarla – uşaqlarla, tərbiyəçilərlə tanışlığı sevirdi... Bəzən, çəkilişlərdən sonra evə tam yorğun halda gəldikdə, qızım tez yanıma qaçır, möhkəm qucaqlayır və deyir: “Anacan, gəl öz enerjimi səninlə bölüşüm!”. Dünyada övlad sevgisindən daha gözəl heç nə yoxdur! Onu gördüyün ilk saniyədən bunu hiss etməyə başlayırsan və bu an qadını həmişəlik dəyişir. Mən təbiətin müdrikliyi və alicənablığına təəccüblənməkdən yorulmuram, axı o bizim bu daxili dəyişikliyə hazırlaşmağımız üçün kifayət qədər zaman ayırır – düz 9 ay.

Sizin nə qədər qayğıkeş ana olduğunuz hamıya bəllidir. Lakin Siz özünüz bu barədə nə deyərdiniz?
Düşünürəm ki, uşaqların tərbiyələndirilməsində hər bir qadın daha çox öz anasına bənzəyir. Lakin mən və anama gəldikdə, biz tamamilə fərqliyik. Məsələn, anam bütün günü evdə boş-boş gəzərək ariyalar oxuya bilərdi. O, diqqəti və komplimentləri çox sevirdi, hətta dostlarım yanıma gələndə belə oxumağa davam edirdi. Yeniyetmə olduqda onun davranışına görə çox zaman xəcalət çəkirdim. Amma indi onun o zaman bizim hamımıza bəxş etdiyi hərarəti və sevgini dəyərləndirirəm... Düşünürəm ki, mən zəhmli valideyn deyiləm, hərçənd, əlbəttə, nizam-intizamın vacibliyini anlayıram. Xoşbəxtlikdən qızım çox ağıllıdır və mən, demək olar ki, ona səsimi ucaltmıram. Ola bilər ki, bunda atası Fransua-Anriyə bənzəyib – o, böyük strateqdir. Əgər nədənsə narazıdırsa, heç zaman ona irad bildirməz, narazılığını mənə deyəcək. Bundan sonra mən “hücuma keçirəm”, o isə xoş təbəssümlə heç nə olmamış kimi arxamda dayanır, hələ heyrətini də bildirir: yəni, nə problemdir? Buna görə də o, ən yaxşı atadır, mənə isə sərt ana rolu ayrılıb!

Valentina artıq hansı istedadlarını büruzə verir?
İnanmazsınız, amma cəmi iki ay ərzində o müstəqil olaraq pianino, gitara və ukuleledə ifa etməyi öyrənib. Həmçinin o, çox gözəl rəsmlər çəkir, oxuyur, filmlər lentə almağa, hətta prodüserlik etməyə hazırlaşır!

Ən yaxşı rəfiqəniz Penelopa Kruz bir dəfə dedi ki, uşaqlarının valideynlərinin şöhrətindən zərər çəkməsini görmək istəməzdi. Sizin belə qorxunuz yoxdur ki?
Ərimlə daha çox vaxt keçirdiyimiz Paris və ya Londonda cəmiyyətin böyük diqqətini hiss etmirəm – orada bizim hamımıza daha rahatdır. Nyu-York və ya Los-Ancelesdə olduğu kimi bizi paparazilər təqib etmirlər. Amma ən gülməlisi bilirsiniz nədir? Qızım diqqəti və fotokameraların parıltısını sevir. Səhnəyə çıxmazdan öncə onun anasını hələ də soyuq tər basır, bu yeniyetmə isə özünü publika qarşısında suda balıq kimi hiss edir. Bəlkə bu ona nənəsindən miras qalıb?

Yaxınlarda Xavyer Bardemlə eyni filmdə çəkildiniz. Bu onunla kinoda ilk əməkdaşlığınız idi?
Həmişə hesab etmişəm ki, dostunla küsüşmək istəyirsənsə, ya ondan böyük məbləğdə borc almalısan, ya da onunla bir filmdə çəkilməlisən. Xavyer mənə az qala qohumdur, o, ən yaxın rəfiqəmin dostudur. “Seçilməmiş yollar” filmində isə biz nəinki birlikdə kamera qarşısında dayanmalı olduq, həm də faciəvi taleyi olan cütlüyü canlandırdıq. Bizi çəkilişlərə yola salarkən Penelopa öz hökmünü verdi: “Sizdə heç nə alınmayacaq!” Mən özüm də təsəvvürümə gətirə bilmirdim ki, yanında real həyat, dostlar, ailəni xatırladan insan olduqda işə necə fokuslanmaq olar? Lakin çəkiliş meydanına ayaq basan kimi, sanki sehrli çubuğun hərəkəti ilə Salma və Xavyer qeybə çəkildilər, yalnız filmin qəhrəmanları – Dolores və Leo və onların faciəsi qaldı.

Siz Hollivudda latın amerikalıların yüksəlişi “təxribatını” yaradanlardan birisiniz...
İnanın ki, bu elə də asan deyildi! Hollivuda Latın Amerika əsilli digər rejissor – Robert Rodriges sayəsində gəlmişəm. O, çox əvvəllər mənə öz ailə üzvü kimi yanaşdı, dostum və müəllimim oldu. O zaman Hollivudda hər şey studiyaların əlində idi. Yadımdadır ki, Hollivud bossları dərhal mənə başa saldılar ki, “lazımı ölkədə” doğulmamışam. Bəziləri elə belə də dedilər: “Sən heç zaman kinodiva olmağa nail olmayacaqsan, çünki belə aksentlə bizdə ancaq xidmətçilər və xadimələr danışırlar”. Daxilimdə qəzəbdən hər şey qaynayırdı, mən çox zaman nəyisə dəyişməyə cəhd göstərirdim, amma o illər bunu bacarmadım. Amerika tamaşaçısını ram etmək üçün seksapil latın amerikalı qadını obrazını yaratmaq lazım gəldi. Bu zaman istəyirdim ki, qəhrəmanlarımın həm də beyinləri olsun, ancaq bosslar inad edirdilər: “Qadın həddindən artıq ağıllı olmamalıdır!” Belə olduqda bir qədər yumor əlavə etmək qərarına gəldim, lakin mənə yenə etiraz etdilər: “Sən kişilərdən ağıllı ola bilməzsən”. Düşündüm ki, yaxşı, onda qəhrəmanlarıma bir qədər insaniyyət bəxş edəcəm. O zaman mənə icazə verilənlərdən ən yaxşılarını obrazıma əlavə etdim.

Kino ulduzları ətrafında daim şayiələrin dolaşmağına necə münasibət bəsləyirsiniz?
Əslimə görə ünvanıma səsləndirilən uydurmalara adət etmişəm. İnsanlar məni ittiham etmək üçün həmişə nə isə tapırdılar: əslimə, aksentimə, dərimin rənginə və hətta uğurlu və varlı insana ərə getməyimə görə... Odur ki, çoxdan qərar almışam: qoy şayiələr onları yayanların vicdanında qalsın. Uzun illər sonra, 50 yaşıma çatdıqda, rejissorlar gözlənilmədən yaradıcılıq həyatımda ən yaxşılarına çevrilən rollar təklif etməyə başladılar. Hollivud aktrisaları artıq 40 yaşında belə rolları heç xəyal edə bilməzdilər! Taleyin şıltaqlığıdır, amma bu gün əvvəlkindən, özümə səylə seksual latın amerikalı qadını obrazı yaratmağa çalışdığımla müqayisədə daha tez-tez kamera qarşısına keçirəm. Məgər bu möcüzə deyil? Mənim reallığım qadınların Hollivuddakı adət olunmuş talelərinə tam ziddir... Məni hətta Xloi Çjaonun “Əbədilər” filmində rola dəvət etdilər, mən orada əsas qəhrəman – Acakı canlandırmışam.

Siz Berlinaleyə iki dəfə gəlmisiniz: 1995-ci ildə, az tanınan aktrisa və 25 il sonra – super ulduz rolunda. O zaman, 95-ci ildə təsəvvür edə bilərdiniz ki, Sizi belə populyarlıq gözləyir?
Hətta ən cəsarətli arzularımda belə buna bənzərini təsəvvür edə bilməzdim! Berlinaleyə ilk dəfə “Möcüzələr xiyabanı” filmi ilə gəldim. O zaman kino aləmini, ümumiyyətlə, həyatı özüm üçün yenicə kəşf edirdim. Qırmızı xalı üzərinə necə çıxdığımı xatırlayıram... Ürəyim həyəcandan sinəmdən çıxmağa hazır idi, mən özümü sanki izdiham qarşısında çılpaq hiss edirdim! Və budur, mən, bir neçə saniyədən sonra sifətimdəki hər məsaməyə nəzər salmağa hazır olan minlərlə tanımadığım şəxsin əyləşdiyi zaldayam! Zalda işıq söndü. Mən, qoltuqlardan bərk yapışmış və həyəcandan əsərək əyləşmişdim. Və bu zaman ekranda adım peyda oldu! Bilmirəm, məni anlayarsınızmı... Qara fonda ağ böyük hərflər – atamın, ailəmin adları! Bu il mən sanki “dejavu” hiss edirdim: qarşımda yenə də həmin qara ekran açıldı və orada yenə də – qara üzərində ağla – mənim adım. Deyəsən, elə kinoteatr da həmənki idi. Sanki bu 25 il heç ötməyib! Mən yenə də özümü böyük həyəcanla tamaşaçıların reaksiyasını gözləyən gənc, yeni başlayan aktrisa kimi hiss etdim...

Çoxmənalı addır – “Seçilməmiş yollar”... Maraqlıdır, həyatınızda elə yollar olubmu ki, bu gün onları seçmədiyinizə görə heyifsilənirsiniz?
Getdiyim bütün yollar məni sevimli kişinin və həyatımın digər ən böyük sevgisi – qızım Valentinanın yanına, həmçinin karyerama və hazırda tutduğum mövqeyə gətirdilər. Hərçənd... Getmək istədiyim bir yol var idi, amma atam mənim yerimə qərar qəbul etmişdi. Uşaqlıqda idman məktəb-internatında təhsil almaq istəyirdim. Mənim gözəl ailəm var idi, lakin mən daha çox müstəqillik istəyirdim, həm də idmanı sevirdim və arzu edirdim ki, atam məni Olimpiada üçün gimnast hazırlaşdıran məktəbə versin. Lakin o hesab etdi ki, səhərdən axşama qədər məşq edərək toplantılarda itib-batmaqdansa qızın evdə olması daha yaxşıdır. Beləcə, idman karyerasız qaldım. Amma buna görə bu gün üzülməyə dəyərmi? Axı həyatımın belə məcraya axması xoşuma gəlir! Və öz “seçilməmiş yollarımı” xatırlayanda, düşünürəm: “O zaman bunu etmədiyimə görə nə qədər bəxtim gətirib!” Axı Meksikada ilişib qala, Latın Amerikasının “sabun operaları”nda rol ala, taleyimi sevmədiyim insanla bağlaya və öz Fransua-Anrimə rast gəlməyə bilərdim.

Eşqinizi çox aradınız?
Mən uzun müddət tək olmuşam. Axı hər kəsin məhəbbət tapacağına, özü də müəyyən bir vaxtda, heç bir təminat yoxdur. Mən çox zaman çəp baxışları hiss etmək və ya “Hələ çox zaman tək yaşamağa hazırlaşırsan?” ya da “Artıq ərə getmək fikrindən daşınmısan?” tipli axmaq sualları dinləmək məcburiyyətində qalırdım. Amma həmişə düşünmüşəm ki, bədbəxt və ya asılı münasibətlərdə yaşamaqdansa, tək yaşamaq daha yaxşıdır. Axı tərəf müqabilin sənə uyğun deyilsə, sən isə onunla qalırsansa, bu, ancaq sənin əsl taleyin olacaq şəxsə rast gəlməyə mane olur. Öz cəsarətsizliyindən əsl eşqi əldən vermək olar.

Sizcə, uğurun sirri nədədir?
Zənnimcə, illüziyalarla az yaşamaq lazımdır ki, sonradan gözləntilərində məyus olmayasan – həyatın sənə təqdim etdiyini yaxşılaşdırmağa çalışmaq daha yaxşıdır. Bir atalar sözündə deyildiyi kimi: “Səhv qatar lazım olan stansiyaya gətirə bilər”, bu elə mənim haqqımdadır.

Ötən dəfə Sizinlə “Qorxulu nağıllar” filmi barədə söhbət zamanı dediniz ki, qızınız rejissor olmaq arzusundadır. Gördüyüm qədəri ilə, onun bu arzusu hələ də aktualdır?
Qızımın o qədər istedadı var ki, onun yekunda nəyin üzərində dayanacağını təyin etmək mənim üçün hələlik çətindir. Onun üçün çox həyəcanlıyam, axı çox zaman belə olur: kiçik yaşlarında uşaqlar həddindən artıq bacarıq nümayiş etdirəndə, böyüdükdən sonra onlardan düz-əməlli bir şey alınmır. Əvvəlcədən nəsə demək, Valentinanın qarşısında məqsədlər qoymaq, onun hər hansı müəyyən yola yönəltmək istəmirəm. Mən çoxdan daha bir qanunauyğunluq müəyyənləşdirmişəm: Valideynlər uşaqların əvəzinə diqqəti nəyə yetirməli olduqlarını həll edəndə, onların bununla məşğul olmaq marağı dərhal itir. Xoşbəxtlikdən, heç zaman qızımı nəyə isə məcbur etməmişəm. O, hər şeyə müstəqil başlayır, yaxşı və böyük həvəslə oxuyur! — N

*Müsahibə 72-ci sayda nəşr olunub.