NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Uolles Çan: qiymətli seyr

Uolles Çan zərgərlik incəsənəti dünyasına gözlənilmədən daxil oldu və qısa zaman ərzində ən məşhur və bahalı ustalardan birinə çevrildi. Onun məhsullarını saxtalaşdırmaq mümkün deyil, çünki Uolles Çan sadəcə zərgər deyil: o, çox sayda novator texnologiyaları ixtira edib. “Wallace” təraşlanması, nefrit texnologiyası, qızıl və platinlə bərabər titanın istifadəsi, “daş içində daş” texnologiyası, “The Wallace Chan Porcelain” (“polad çini”) və bir çox başqa yeniliklər qətiliklə nümayiş etdirir ki, Uolles Çan – müasir zərgərlik səmasındakı parlaq ulduzdur. Bəs yaradıcı biri üçün hansı daha vacibdir: bilik və təcrübə, yoxsa novatorluq ruhu? Bu barədə siz heyranlıq doğuran zərgər-novator, “Wallace Chan” brendinin təsisçisi ilə söhbətimizdən öyrənəcəksiniz.


Uolles Çan kasıb çinli ailəsində anadan olub və uşaqlıqdan əməyə alışıb: əvvəlcə hazır detallardan plastik güllər yığıb, sonra isə emalatxanaya daxil olaraq sümük və daş üzərində oyma ilə məşğul olub. 1972-ci ildə buddist məbədləri üçün heykəllər yaradan heykəltəraş onu özünə şagird götürür və tezliklə ona monastırlar üçün bir neçə iri fiqur hazırlanmasını etibar edirlər. Beləcə o, 15 yaşında ikən ilk məşhurluğu və istedadlı heykəltəraş şöhrətini qazanır.

Siz kifayət qədər erkən yaşda həyatınızı zərgərlik incəsənəti ilə bağlamısınız. Qərbə özünüzü müstəqil rəssam kimi tanıtdırmaq üçün Sizə neçə il lazım oldu və bu necə baş verdi?
Hər şey tədricən baş verirdi. Yolumun üzərində həm uğursuzluqlar, həm iztirablar, həm maliyyə çətinlikləri, həm də başqa xoşagəlməzliklər olub... Qiymətli daşlar üzərində oyma ilə işləməyə 1973-cü ildə, cəmi 16 yaşım olarkən başladım. 1991-ci ildə Almaniyanın İdar-Oberştayn şəhərinin Qiymətli daşlar muzeyində ilk fərdi sərgim baş tutdu. Mənim üçün bu böyük şərəf idi: həm ona görə ki, orada sərgisi təşkil olunan ilk çinli idim, həm də ona görə ki, bu, qiymətli daşlar üzrə oyma sənətinin çiçəkləndiyi və görkəmli ustaların yaşadıqları şəhərdə baş verdi. Şəhər yalnız zərgərlik emalatxanaları ilə deyil, həm də əqiq, yaşma, ametist, nefrit və digər yarımqiymətli daşlar hasil edilən daş karxanaları ilə məşhurdur.

Heykəltəraşlıqdan zərgərlik işinə hansı bacarıqları gətirdiniz?
Deyərdim ki, bacarıqlar və texniki üsullar novator ruhu qədər önəmli deyil. Mən ötən dövrlərdə, əcdadlarımızın müdrikliyində ilham tapırdım... Lakin kollektiv keçmişin əsasında yaratmaq üçün, həm özünü, həm də öz perspektivlərini yenidən anlamaq tələb olunur. Mən bir çox bacarıq və texnikalardan istifadə edirəm ki, onları öz vizit vərəqəm adlandıra bilərəm: belələrinə, məsələn, “Uolles təraşlanması”, rəng palitrası, titanın ölçü və formalarının fərqli çeşidləri, yay bəndinin istifadəsi, həmçinin qiymətli daşın sıxıcı kimi istifadəsi aiddir. Həmçinin nefritin oyulması və cilalanması, “Uolles Çan çinisi” və sair patentlər mənə məxsusdur. Mən həm də hər məhsulun müxtəlif elementləri ilə iş üçün öz alətlərimi yaradıram. Onlardan bəziləri o qədər xırdadır ki, sözün əsl mənasında, nəzərdən qaçırlar, amma onlar işim üçün olduqca vacibdirlər, çünki məhsullarımın uzunömürlülüyünə ölçüyə gəlməyən töhfə verirlər.

Öz ilk ixtiralarından birini Uolles Çan adlı usta hələ 1987-ci ildə patentləşdirib: bu, şəffaf materialda həcmli təsvir illüziyasını yaradan unikal oyma üsuludur.


Yaradıcılıq fəaliyyətinizə xitam verdiyiniz dövrdən söz açardınız. İncəsənətdən uzaqlaşaraq dinə baş vurmağa Sizi nə vadar etdi?
2001-ci ildə “Böyük həvəngdəstə” kimi iki il 7 ay davam edən layihənin bitməsi, həyatımda dönüş nöqtəsi oldu. Bu layihə üzərində çalışarkən müxtəlif sahələrdə biliklər əldə etdim, o cümlədən, hemmologiya, rəng nəzəriyyəsi, fizika və metallurgiyada. Bu, istənilən oyucu və heykəltəraş üçün zəngin bilik və təcrübə yüküdür. Lakin layihənin başa çatmasından bir qədər sonra ustadım dünyasını dəyişdi. Bu dərd məni məhv etdi, heç nə haqqında düşünə bilmirdim və yalnız bir sual verirdim: həyat və ölüm nədir? Əvvəlki tək qəbiristanlıqlara baş çəkməyə başladım, amma artıq mələk və müqəddəslərin heykəllərinin öyrənilməsi üçün deyil, ruhlarla ünsiyyət, suallarıma cavab aramaq üçün. Mən o qədər kədərli və məyus idim ki, rahib olmaq qərarına gəldim. Bundan əvvəl isə bütün fotolarımı yandırdım, sahib olduğum hər şeydən imtina etdim və Dzen həqiqətini dərk etmək üçün uzun mənəvi səyahətə yollandım. Rahib olarkən xəstə və ölüm ayağında olanları ziyarət edirdim, meditasiya edir və ac qalırdım – hamısı da ruhun bulanmamış vəziyyətinə çatmaq üçün. Məhz bu dövrdə Kainatla güclü əlaqəni, onun bütün sevinc və kədərlərini hiss edirdim. Bu hissləri mənə çiçəklər, küləyin mırıldanması, quşların nəğmələri bəxş edirdi, mən Yerin nəfəsini hiss edir, onun səsini eşidirdim... Altı aydan sonra dünyaya daha çox yaratmaq istəyi ilə geri döndüm. Bir dəfə küçədə sement parçası götürüb evə gətirdim, sonra isə ondan heykəl düzəltdim. Beləcə, yenidən işləməyə, müxtəlif, axtarıb tapa bildiyim materiallardan nə isə yaratmağa başladım. Dərk etdim ki, çox böyük yaratmaq istəyi ilə arzunu təqib etmək – mənim vəzifəm elə budur. Və indi də heç nə dəyişməyib: xəyallara dalıram – deməli, bu belə də olmalıdır, yaradıram – deməli, belə də olmalıdır!
Buddist mistisizmi əsasında yaranan mistik təfəkkür məktəbi, aydınlanma haqqında təlim.

İlk bəzək əşyasını ərsəyə gətirdikdən sonra Uolles Çan ətrafdakı bütün zərgər dükanlarını dolaşdı, lakin onun məmulatı heç kimi maraqlandırmadı. Yalnız bir tacir dostu, əntiqəçiyə müraciət etməyi məsləhət gördü və onun telefon nömrəsini verdi. Uolles Çanın uğur zirvəsinə ilk addımı məhz belə alındı.

Siz həm həyat, həm də peşəkar baxımdan böyük təcrübəyə malik insansınız. Yaxınlarınız və həmkarlarınız, bəlkə varsa, şagirdləriniz Sizdən tez-tezmi məsləhət istəyirlər? Siz həmişə təcrübənizlə bölüşməyə hazırsınız?
Formal olaraq mənim təhsilim yoxdur, odur ki, bütün biliklərim əmək və təcrübənin bəhrəsidir. Mən internet olmayan bir dövrdə böyümüşəm. Bilik şövqü həmişə həyat və yaradıcılığımın əhəmiyyətli hissəsi olub. Son zamanlarda mühazirələr və söhbətlərdə yaşadığım hadisələri insanlarla bölüşmək fürsəti qazandım və mənim üçün çox vacibdir ki, həyatlarını zərgərlik peşəsi və mədəniyyəti ilə bağlamış insanların maarifinə öz töhfəmi verirəm. İnanıram ki, maarifin ən yaxşı forması – öz təşəbbüsü ilə təhsil almaqdır və öz işinə və təhsilinə düşüncə ilə yanaşan insanlar, gözləri parıldayan yaradıcılar sərəncamlarında olan resurslarla ən yüksək nəticələr əldə edə bilərlər.


İlk dəfə Uolles Çan özü barədə Qərbdə 2012-ci ildə, Parisdə XXVI Əntiq Biennalesində 50 valehedici əşyadan ibarət kolleksiyasını təqdim etməklə bəyan etdi. O, müəllif üçün simvolik adlandırılmışdı: “The Path to Enlightenment – Art & Zen”, yəni “Aydınlanmağa yol – İncəsənət və Dzen”. Kolleksiya dərhal ekspertlərin diqqətini cəlb etdi və 230 milyon avro dəyərində qiymətləndirildi.

Çin fəlsəfəsi ilə Sizin peşəniz nə dərəcədə sıx əlaqədədir?
Mən heç bir konkret təlimə bağlı deyiləm və bu da mənə bilikləri hər hansı məhdudiyyət olmadan mənimsəmək azadlığı verir. Çin fəlsəfəsi haqqında söz açsaq, məni həmişə qədim çin filosofu Çjuan-Tszının “Kəpənək yuxusu” haqqında rəvayəti cəzb edib. Bu hadisə məni ruhlandırırdı, mən dünyaya insan kimi yox, kəpənək kimi baxmağı öyrənirdim. Bu əsər sayəsində düşüncəmdə belə bir fikir kök saldı ki, bu dünyada hər şey əlaqəlidir. Hələ ki, həyat və işimi bölmək mənim üçün çətindir, lakin çin fəlsəfəsinin təsirini mahiyyətimin bütün aspektlərində tapmaq mümkündür.

Təxminən eramızdan əvvəl IV əsrdə yaşaysn Dao filosofu Çjou-tszin bir dəfə yuxuda kəpənək olduğunu görür. Yuxudan ayıldıqdan sonra müdrik həqiqətdə kim olduğunu düşünür: yuxuda kəpənək olduğunu Çjou-tszin yoxsa yuxuda Çjou-tszin olduğunu görən kəpənək?

İşinizdə Avropa təcrübəsindən istifadə edirsinizmi? Və ya Sizin zərgərlik incəsənətinin oxunuşu sırf çincədir?
Mən əşyaları insanlar arasındakı sərhədləri dağıtmaq, müxtəlif mədəniyyətə mənsub və fərqli həyat təcrübəsi olan insanlara yetişmək üçün yaradıram. Və bu yalnız Avropa və Çinə aid deyil, mən müxtəliflik və universallığı nəzərdə tuturam.

2002-ci ildə Uolles Çan nefritin təmizlənməsi, cilalanması və hamarlanması üçün yeni texnologiya kəşf edib, həmçinin xırda materialların hazırlanması üçün digər gözəl daş olan jadeitdən nazik, sanki işıldayan əşyaların oyulması üçün xüsusi texnologiya yaradıb.

Sınmayan çini qablar – Sizin daha bir qeyri-adi ixtiranızdır. Bu texnologiyanı nə dərəcədə dəyişməyə müvəffəq oldunuz?
Dünyada hər şey dağılır, hətta almaz belə - güc tətbiq edərək bu həddindən artıq möhkəm daşı da dağıtmaq mümkündür. “Uolles Çanın çinisi” poladdan 5 dəfə möhkəmdir, buna görə də o həm də zərgərlik məmulatları üçün etibarlı struktur materialı kimi istifadə edilə bilər. Mən onilliklərlə çinini, onun tarixini öyrənmişəm – o valeh etməyə bilməz! 2010-cu ildə yeni növ çini yaratmaq fikrinə düşdüm. Qarşıma qoyduğum məqsədə çatmaq üçün bu materialla uzun müddət eksperimentlər apardım, onun yeni xassələrini kəşf etdim... Yeni texnoloji fəndlər icad etmək, lazımi materiallar, inqrediyentlər, alətlər və sobalar seçmək... Mənə lazım olan parametrlərə cavab verən sobaların istehsalçılarının axtarışında müxtəlif ölkələri gəzdim. Nəhayət Almaniyada iki istehsalçı tapdım, indi sobalarımı onlara sifariş edirəm. Mən əşyalarımın yaradılmasına incəsənət kimi yanaşıram. Lakin bu, o demək deyil ki, onların yaradılması prosesində dəqiq hesablamaya, elmə yer yoxdur. Dəqiq hesablamalar işin uğurunda daha çox əhəmiyyətli rol oynayır. Məsələn, sobalar sırf müəyyən ölçüdə olmalıdırlar ki, onlarda hər əşya üçün verilən parametrlərə görə optimal istilik saxlanılsın. Mənim sobalarımda temperaturu dəqiq və kifayət qədər geniş hədlərdə tənzimləmək mümkündür və bu olduqca əhəmiyyətlidir.
Bundan başqa, yalnız ən keyfiyyətli inqrediyentlərin istifadəsi vacibdir. Amma, bununla yanaşı, xüsusi “Uolles Çan oyması” olmadan bu çinidən nəinki mürəkkəb, həm də estetik cəhətdən cəzbedici zərgərlik məmulatı hazırlamaq mümkün deyil.

Sizin titana xüsusi münasibətiniz onu ənənəvi qiymətli metallarla bir cərgəyə qoydu və zərgərlik aləmində dəbə mindirdi. Bu metal belə diqqəti nə ilə qazanıb?
2000-ci illərin əvvəllərində oxudum ki, kimsə titandan – möhkəm, yüngül və parlaq, insan orqanizmi ilə yaxşı uyuşan metaldan kardiostimulyator icad edib. Titan – kosmik eranın metalıdır, zəmanəmizin ruhunun təcəssümü və əksidir, ən yeni texnologiyaların rəmzidir. Elə onda qərara gəldim ki, o, əşyalarımın “bədəninin” təşəkkül tapacağı “skelet” rolunda çıxış edə bilər. Titanın özündə gizlətdiyi tapmacaların böyük hissəsini aşkarlamaq üçün 8 il sərf etdim. Lakin əşyalarımı təqdim etdikdə müəyyən oldu ki, onun barədə çox az usta xəbərdardır, xəbərdar olanlar isə onun zərgərlik sənəti üçün perspektivlərini görməyiblər. Qızıl, platin və gümüş belə yaxşı satılırsa, titan nəyə lazımdır ki? Lakin mən heç zaman heç nəyi pula görə etməmişəm, mən həmişə mənə qədər heç kimin nail ola bilmədiyi bir şey yaratmağa səy göstərmişəm.


Məhz Uolles 2007-ci ildə titanın rənglənməsi texnikasını “Titanium Jewelry”ni icad edərək bu metaldan qızıl damarcıqlarla hazırlanan zinət əşyalarını dəbə mindirdi. O, ilk olaraq bu metalda zərgərlik potensialını gördü və hətta hesab edir ki, titan insanın sağlamlığına və mənəvi durumuna müsbət təsir göstərir.

Xarakterin hansı cizgisi Sizə daha çox xasdır?
Yəqin ki, maraq. Mən həmişə maraq göstərmişəm. Düzdür, yaşlandıqca bu xüsusiyyət mənə çoxsaylı problemlər yaratmağa başladı, lakin o mənə həmçinin bu dünyada nə isə yeni bir şey kəşf etməyə yardım edir.

Sizin üçün ən əhəmiyyətli bəzək əşyasının və onun sahibinin adını deyə bilərsiniz?
Mənim üçün hər bir əşya gözəldir, əks təqdirdə onu yaratmaq nəyə lazımdır? Məsələ heç də həmişə hansı daşın bahalı və ya böyük olmasında deyil. Çox zaman mənim üçün əşya ilə bağlı şəxsi və ümummədəni assosiasiyalar daha vacibdir. Məmnuniyyətlə bildirirəm ki, Uolles Çanın çinisindən hazırlanmış ilk məhsulum “Yeni nəsil” Britaniya muzeyinin kolleksiyasındadır. – N