NARGIS
Ru En
NARGIS MAGAZINE
She's Next

She's Next | Наргиз Алиева

Nərgiz Əliyeva maliyyə sahəsində bir çox uğurlar əldə edib, lakin daxili iztirabları onu fəaliyyət sahəsini əsaslı şəkildə dəyişməyə məcbur edib. İndi o, diplomlu psixoloqdur, insanlara özünü tapmağa və uğurlu olmağa kömək edən fərdi inkişaf proqramının müəllifidir.
She's Next, Empowered by Visa və Nargis jurnalının birgə layihəsi çərçivəsində bizə verdiyi müsahibədə qət etdiyi
həyat yolundan bəhs edib.


Niyə psixologiyanı seçdiniz?
Uşaqlıqdan bəri özünüinkişaf sahəsi ilə maraqlanırdım və hisslərimi analiz etməyi öyrənirdim. Hətta kədər və varlıq haqqında düşüncələrimi yazdığım uşaqlıq xatirə gündəliyim indiyənədək qalıb. Ancaq o zaman ruhumun çoşqusunu anlamırdım, buna görə bilinən yolla yürüməli oldum: yaxınlarımın işlədiyi və asanlıqla iş tapmaq mümkün olan sahəyə yönəldim. Ümumi olaraq mən uğur qazandım, lakin bundan heç bir zövq almırdım. Məhz bu daxili iztirablar məni psixologiyanı öyrənməyə sövq etdi. O vaxt Bakıda demək olar ki, bu sahəni öyrənmək üçün heç bir resurs yox idi, buna görə Moskvaya getməli olurdum. Bu prosesdən o qədər ilham alırdım ki, gələcək həyat yoldaşımla görüşlərdə də hər zaman psixologiyadan danışırdım. Elə o, mənə ixtisasımı dəyişməyin vaxtının gəldiyini söylədi.

Siz dərhal məsləhətçi psixoloq kimi işə başladınız?
Xeyr, dərhal deyil. Terapiyanın meditasiya qədər mənə kömək etmədiyini gördüm. Psixologiyada bədəndən blokların və travmaların çıxarılmasına cismi-psixoterapiya yanaşması deyilir. Şərqdə yoqa və müxtəlif tənəffüs məşqləri buna əsaslanır. Bu formatda məşqlər mənə stressin öhdəsindən daha tez gəlməyi öyrətdi.

Öz işinizi qurmağa necə qərar verdiniz?
Xaricdə bunun çox gözəl işlədiyini gördüm və Bakıya pedaqoqları dəvət etməyə qərar verdim. Məşğələlər təşkil etməyə başladıq. İlk iştirakçılar dostlar, tanışların tanışları oldu, çünki sosial şəbəkələr hələ bu qədər inkişaf etməmişdi. Təəssüf ki, pedaqoqlar ildə yalnız dörd dəfə gələ bilirdilər və dərslərin arasında interval çox olurdu, buna görə insanlar formalarını itirib stress vəziyyətinə geri qayıdırdılar. O zaman pedaqoqlar mənə kiçik bir qrup toplayıb dərsləri özümün keçməyimi tövsiyə etdilər. İyun ayında açıq havada dərs keçməyə başladıq, 10 nəfər idik. Payız soyuqları düşəndə klubda kiçik bir otaq icarəyə götürdük. İştirakçıların sayı getdikcə artdı, ona görə resepşn və soyunma otağı olan bir yer icarəyə götürdük. Bütün bunlar yarım il ərzində baş verdi. Salonlarda artıq yer qalmadıqda onlayn formata keçdik. Bu pandemiyadan xeyli əvvəl idi, hamı surətlə onlayn rejimə keçərkən mən artıq bunu çoxdan etmişdim. Bir çox insan mənə hər kəsin canlı ünsiyyət istədiyi üçün heç kimin iştirak etməyəcəyini söyləyirdi, lakin biz onlayn-proqramların dəyərini nümayiş etdirə bildik: başqa ölkəyə uçmaq üçün nəqliyyatda vaxt itirməyə ehtiyac yoxdur, necə ki, mən edirdim. Buna görə, pandemiya zamanı hər şey mənim üçün çox asan və sadə keçdi.

Sizi nə motivasiya edirdi?
Mənim prioritetim özünü təsdiqləyən bir qadın və bir ana, həyat yoldaşı, yuva qoruyucusu kimi özümü sübut etməkdir. Həm oğlum, həm də qızıma özünü sübut etmiş qadın nümunəsi olmaq üçün bu tarazlığı qorumalıyam. Ana oğlan uşağı üçün gələcək həyat yoldaşının obrazını yaradır və mən gəlinim olaraq özünü təsdiqləyən - çalışan, həyat yoldaşını dəstəkləyən bir qadın görmək istərdim. Düşünürəm ki, hər bir kişi yanında işlə məşğul olan, onunla fəxr etməyə səbəbi olacaq qadını görmək istəyir. Əsas odur ki, onların arasında rəqabət olmasın - kim daha yaxşıdır, kim daha bacarıqlıdır və ya kim daha çox qazanır. Qadın öncə dəyərləri sıralamalıdır, sonra isə prioritetlərə əsaslanan qrafiki.

Hansısa işdə potensialını reallaşdırdığını necə anlamaq olar?
Bunun formulası çox sadədir: insanlarla bölüşdüyüm və eyni zamanda bundan qazanc əldə etdiyim bir istedada sahibəm. Mən nəsə verirəmsə, deməli, bunun qarşılığında mütləq nəsə almalıyam. Qarşılığında heç bir şey almadan, kompensasiyasız paylaşsanız, o zaman resursunuz tükənəcək.

Siz bir həyat yoldaşı, ana və işgüzar qadın olaraq hər şeyi necə çatdırırsınız?
Əvvəla, onu deyim ki, qadınlar kişilərdən çoxfunksiyalılığı ilə seçilirlər. Kişi adətən bir işə fokuslanır onun başqa işə yönəlməsi çox çətin olur. Qadın təbiətcə eyni zamanda həm borş bişirə bilər, həm rəfiqəsi ilə söhbət edə və daha başqa işlə məşğul ola bilər. Qadın həm təhsil ala bilər, işləyə bilər, uşaq böyüdə bilər və yaxşı bir həyat yoldaşı ola bilər. Bu bir super güc deyil, tamamilə normal bir işdir. Bütün çətinlik qadınların öz həyatlarını tam şəkildə yaşamamalarıdır. Çoxlarına elə gəlir ki, hər mərhələdə bəzi çətinliklər var, amma əslində hər şey uşaqlıqda yaranan özünə inamsızlığa dayanır.

İş və ailə arasında tarazlığı necə tapırsınız?
Gina Fordun kitablarından birində uğurlu ananın əsas prinsipini oxumuşdum - gündəlik qrafiki həm uşaq, həm də iş üçün vaxt ayıraraq qurmaq lazımdır. Məsələ bundadır ki, uşağı eyni vaxtda yedizdirmək və yatızdırmaq vacibdir. Və burada əsas şey ilk vaxtlarda təslim olmamaqdır. Uşaqlarım dərsdə ikən mən öz işlərimlə məşğul oluram. Axşamlar və həftə sonları heç bir iş olmamalıdır. Bu vaxtı mən ailəmlə keçirirəm.

İş barədə düşüncələriniz özünüzə ayırdığınız vaxta müdaxilə etdiyi olurmu? O zaman nə edirsiniz?
Sevdiyiniz işi görəndə bu düşüncələr xoş olur. Əgər bir ideya yaranırsa, o zaman beynimi yükləməmək üçün onu tez bir yerə yazıram. Əks təqdirdə, o anda gördüyüm işdən həzz ala bilməyəcəm.

Komandanızı necə yığırsınız?
Əvvəllər insanların təşkilati keyfiyyətlərinə əsaslanırdım: bacarıq, təhsil, dil bilikləri. Ancaq sonra başa düşdüm ki, ən yaxşı mütəxəssis belə nə baş verdiyini anlamırsa və iştirakçıların suallarına düzgün cavab verə bilmirsə, mənə uyğun gəlmir. Sonra iştirakçılardan ibarət komanda toplamağa qərar verdim. Komandamın potensial üzvlərinin biliklərinin olması vacib deyil, əsas odur ki, onların şəxsi transformasiya təcrübəsi var. Onlar başqa bir insana necə kömək edəcəyini dəqiq bilirlər, təşkilatın güclü və zəif tərəflərini başa düşürlər.

Hazırda komandanızda neçə nəfər var?
Beş nəfər. Onlar hamısı proqram iştirakçılarıdır. Onların dərsləri zamanı sıx əlaqədə oluruq və potensial görürəmsə, birlikdə işləməyi təklif edirəm. Mənim köməkçim də psixoloqdur. O, çox bacarıqlı bir mütəxəssisdir, MDU-da oxuyur. O, çox gözəl başa düşür ki, əgər bir insan problemlə gəlibsə və ağrılı nöqtələri varsa, o zaman çox diqqətli olmalısan. Digər xanım - tibb işçisidr və çox gözəl təşkilatçıdır. Üçüncü əməkdaşımız marketinq və PR ilə məşğul olur. Həmçinin komandada mühasib və texniki məsələlərdən məsul olan İT-mütəxəssisimiz var.

Auditoria ilə etibarlı münasibətləri necə qurursunuz? Xidmətlərinizi necə satırsınız?
Hər şeyin təməlində şəxsi təcrübə dayanır. Əgər mən heç vaxt siqaret çəkməmişəmsə və ya siqareti tərgitməmişəmsə, o zaman bir insanın bu asılılıqdan qurtulmasına kömək edə bilməyəcəyəm. Bir insan sizə gəlirli bir iş qurmaq barədə bəhs edirsə, o həmin işə sahib olmalıdır. Başqalarına xoşbəxt olmağı öyrədirsinizsə, deməli, özünüz də xoşbəxt olmalısınız. Riyakarlıq etmək lazım deyil. Hər kəsi məmnun etməyə çalışmaq böyük bir səhvdir, çünki kimsə yenə də narazı qalacaq. Ancaq müəyyən bir təcrübə yaşadıqdan sonra bunun necə işlədiyini və nəyə ehtiyac olduğunu yaxşı başa düşürsən. Los-Ancelesdə "Creation" adlı bir kafe var, həmin kafenin girişində sahibinin fotosu asılıb. Fotoda onun çəkisi 180 kiloqramdır, lakin sonra meyvə suyu pəhrizi ilə 100 kq arıqlamağı bacarıb. Bu kafe şirələr və sağlam qidalanma üzrə ixtisaslaşıb. Ora daxil olan kimi böyük motivasiya alırsan. Eynən Mark Zukerberq kimi, o sosiofob olub və Facebook şəbəkəsini, demək olar ki, başqaları ilə ünsiyyət qurmaq məqsədilə özü üçün yaradıb. Çox vaxt fərdi problemin həlli üçün axtarışlar dahiyanə məhsulun yaradılmasına gətirib çıxarır. Bundan əlavə, müştərinin şəxsiyyətini diqqət mərkəzində saxlamaq və alacağı dəyərləri göstərmək vacibdir. Hansısa xidmət almaq istəyi dərk edilərək olmalıdır.

Bəs bir insan əgər ani maraq səbəbi ilə, "təsadüfən" yanınıza gəlirsə?
Satışdan əvvəl çoxlu mühazirə oxuyuram, materiallar təqdim edirəm ki, arzu edən hər bir kəs mövzunu başa düşsün.

Maliyyə sektorundakı təcrübəniz sizə öz işinizi inkişaf etdirməyə kömək etdimi?
Bu mənə işimin maliyyə strukturunu qurmağa kömək etdi: vergilər, saytda yaradılmış dəqiq beynəlxalq ödəmə sistemi, əməkdaşlar üçün iş vaxtından əlavə işlərə görə bonus mükafatı... Əgər bir proqram hazırlayırıqsa, o zaman əvvəlcədən iştirakçıların sayı barədə proqnozlar veririk. Hədəflər qururuq, planlaşdırırıq, büdcə tərtib edirik. Mən yayda istirahət edirəm və komandanın maaş alması mənim üçün çox vacibdir. Bu o deməkdir ki, mənim iştirakım olmadan işləyəcək proqramlar yaratmalıyıq. Mən istirahət edirəm, amma insanlar çalışır, xərclər qarşılanır.

Özünə işləyib və uduzmamaq üçün nə etmək lazımdır?
Uğur əldə edəndə özünü yaxşı hiss etməlisən və nəyə qadir olduğunu, resurslarının yetərli olub olmadığını anlamalısan. Fürsətləri düzgün paylaşdırmasan, güclü bir enişə səbəb olacaq. Güclü bir sıçrayış etdiyimiz bir dövr var idi, çox sayda insan gəlirdi, yüksək qazanc əldə etmişdik. Ancaq mənim və uşaqlarımın sağlamlığı zərər görməyə başladı. Anladım ki, buna tab gətirə bilmirəm. Hər şeyi əvvəlki səviyyəyə qaytardıq, iş prosesini sabitləşdirdik və böyüməyə davam etdik. Bu dəfə daha yavaş. Öz üzərinə daha çox iş götürəndə təkliflər öz-özünə gəlməyə başlayır, heç kimi axtarmağa ehtiyac qalmır.

İşin gedişatı zamanı baş verən hansı səhvləri düzəltmək istərdiniz?
Hər şeydən əvvəl fərdi sərhədləri qurmaq. Əvvəlcə tələbələrimlə çox yaxınlıq edirdim. Sonra anladım ki, məsafə saxlamaq lazımdır, əks halda insan müəyyən sərhədi keçir və artıq ona kömək edə bilmirsən, hər hansı bir rəy bildirdikdə isə şəxsi bir məsələ kimi qəbul edilir. İşi dostluqdan ayırmağı bacarmalısan, əks təqdirdə bu, kommunikasiyaya çox mane olur. Həm də bir insan daxili dəyişikliyə hazır deyilsə və sən isə onu buna sürükləyirsənsə - bu çox çətindir. İnsanlar həqiqətən ehtiyac duyduqlarında özləri gəlirlər.

Biznesdə uğur qazanmaq üçün hansı keyfiyyətlərə sahib olmalısan?
Möhkəm sinir sisteminə sahib olmalısan, çevik olmalısan, şəxsi həyatından təcrid etməyi bacarmalısan.