NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

Lladró Xuan Dias-Faesin The Guest əsərini Azərbaycanda təqdim edir

İspaniyanın çini brendi Lladró özünün ikonik The Guest (Qonaq) fiqurunun ispan rəssam, muralist və illüstrator Xuan Dias-Faes tərəfindən yaradılmış interpretasiyasını Azərbaycanda təqdim edir. Dias-Faes bu əsərində həndəsi formaları, bir-birinə keçən üz təsvirlərini və dinamik xətləri özünəməxsus qrafik üslubunu əks etdirən ifadəli kompozisiyada birləşdirir.

Asturiyalı rəssam brendin səciyyəvi obrazını üçölçülü səthə çevirərək ona bir növ “örtük” kimi yanaşır və geyimlə dəri arasındakı sərhədləri aradan qaldıraraq özünəməxsus naxışlarını bu səthə köçürür. Dias-Faes oynaq və asan qavranılan vizual dillə həndəsi formalardan, bir-birinə keçən üz təsvirlərindən və fiquru bürüyən xətlərdən istifadə edərək xarakterlə dolu, hipnotik ritmlər yaradır.

Çini Dias-Faes üçün yaddaşa səyahətə və gələcəkdə iz qoymaq vasitəsinə çevrilir: “Lladró çini dünyasının ikonik brendidir. Təsəvvür etdim ki, onilliklər əvvəl kiməsə sonradan bir nəslin simvoluna çevriləcək Lladró əsərini yaratmaq tapşırılıb. Sonra düşündüm: bəs 50 ildən sonra bu əsərlər gələcək nəsillərin evlərini bəzəsə?”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/


Cəmi 250 nüsxədən ibarət məhdud buraxılış Dias-Faesin vizual hekayələr yaratmaq bacarığını əks etdirir. Daha kiçik versiya isə rəssamın dərhal tanınan üslubunu daha yığcam və təmkinli şəkildə qoruyub saxlayır. Təkrarlanan elementlər, dinamik naxışlar və eyni rəng təzadı bu versiyanı da səciyyələndirir. Parlaq qara fon sanki qaranlıqdan üzə çıxan ağ xətləri daha qabarıq göstərərək The Guest obrazının maraq dolu, dəcəl baxışını vurğulayır.

Kolleksiyanın Azərbaycanda təqdimatı münasibətilə Lladró NOTES restoranı ilə əməkdaşlıq layihəsini təqdim edir. Bu münasibətlə xüsusi olaraq hazırlanmış eksklüziv desert Xuan Dias-Faesin The Guest çini fiquru üçün yaratdığı səciyyəvi qrafik naxışla bəzədilib.
Layihə 2026-cı il noyabrın 26-dan dekabrın 26-dək bir ay davam edəcək. Bu müddət ərzində NOTES-in qonaqları Lladró kolleksiyasından ilhamlanan xüsusi desertin dadına baxa biləcəklər.

İspaniyanın şimalındakı Oviedo şəhərində anadan olan Xuan Dias-Faes Salamanka Universitetində təsviri incəsənət üzrə təhsil alıb. 2011-ci ildən Madriddə yaşayan rəssamın yaradıcılığı illüstrasiya, divar rəsmləri, rəngkarlıq və rəqəmsal medianı əhatə edir. Səmimi, enerjili yanaşması və fərqli vizual üslubu ilə Dias-Faes cəsarətli həndəsi naxışlar və əl ilə çəkilmiş xətlərin ritmi vasitəsilə nikbin, cəlbedici obrazlar və kompozisiyalar yaradır.

The Guest-in hekayəsi Lladró ilə ispan dizayner Xayme Ayonun əməkdaşlığından başlayıb. The Fantasy kolleksiyasının uğurundan sonra Ayon kolleksiya oyuncaqları dünyasının ikonoqrafik elementlərini ənənəvi çininin ifadə imkanları ilə birləşdirərək təcrübə aparmaq istəyib. Bu orijinal ideya nəticəsində The Guest dəvət olunan rəssamların yaradıcı baxışları üçün ağ kətan kimi formalaşmağa başlayıb.

İllər ərzində Pol Smit, Kamil Valala, Rikardo Kavolo və Qari Beysman kimi rəssamlar The Guest obrazına öz yozumlarını veriblər. İndi isə onlara Xuan Dias-Faes də qoşulur. Onların hər biri fərdi yaradıcılığını Lladró-nun bənzərsiz sənətkarlığı ilə birləşdirərək bu səciyyəvi fiqura özünəməxsus vizual dil qazandırıb. Bu gün The Guest Lladró kataloqunda beynəlxalq miqyasda ən çox tanınan əsərlərdən biri və XXI əsr dizaynının ikonasıdır.

Azərbaycanda Lladró-nu rəsmi olaraq brendin eksklüziv distribütoru Italdizain təmsil edir.

Lladró və onun kolleksiyaları haqqında ətraflı məlumat üçün: https://italdizain.az/en/brands/lladro.