Samir Tahirov – videoqrafdır. O, Bakıda video və fotoçəkilişlə məşğul olan məşhur “Healts Studio”nun təsisçisidir. İşıqla işləyərək, bacarıqlı fotorəssam istənilən süjetin simasını dəyişməyi, ona bu və ya digər əhval-ruhiyyəni bəxş etməyi, fəza və zamanla manipulyasiya etməyi bacarır. Bütün bunlar bütövlükdə Samirə və onun tərəfindən bir araya gətirilən, keyfiyyətli videoçarxlar yaradan peşəkar komandasına şamil edilə bilər. Şəxsi, model, reklam çəkilişi – “Healts Studio” sizə unikal obraz yaratmağa, istənilən hadisəni parlaq və unudulmaz etməyə yardım göstərəcək.
Videoqraf kimi tarixçəniz nədən başlayır? Nə zaman anladınız ki, məhz bu Sizin əsl peşənizdir?
Daxilən bunu praktiki olaraq uşaqlıqdan hiss edirdim, amma onda bunun hansı peşə olduğunu anlamırdım. Adi orta məktəbi bitirdim, instituta daxil olmadım. Video ilə dərhal məşğul olmağa başlamadım, ona qədər müxtəlif sahələrdə çalışdım. 19 yaşında televiziyaya stajor düzəldim, orda da 9 ay tamamilə havayı işlədim. İnadkarlığıma görə məni ştata qəbul etdilər. Yadımdadır, ilk maaşımı - 250 manatı alanda çox xoşbəxt idim və anladım ki, özümü tapmışam. Bu mənə inam verdi, bir qədər də işlədikdən sonra isə anladım ki, inkişafı davam etdirmək lazımdır.
Sizin kifayət qədər böyük komandanız var. Onu necə toplaya bildiniz və işə necə nəzarət edirsiniz?
Əvvəlcə tək işləyirdim – həm rejissor, həm marketoloq, həm kolorist, həm operator idim. Bütün proseslərdən anlayışın varsa və düzgün tənzimləməyi bacarırsansa, hər mövqeyə lazım olan adamları tapmaq asanlaşır. Əgər komanda yaradırsansa, hər şeyi bilməlisən! İndi komandamızda 20 nəfər var, hamısı çox güclü uşaqlardı. Əlbəttə, biz onu dərhal toplamadıq, lakin mən inamla deyə bilərəm ki, bu gün biz kreativlik, keyfiyyət və qiymətlərin əlçatanlığına görə bazarın liderləriyik. İşin keyfiyyətinə görə biz hətta bəzi nəhəng qərb şirkətlərindən də geri qalmırıq. Nəzarətə gəldikdə isə, burada hər kəsə özəl yanaşmam var. Bütün insanlar fərqlidir, amma eyni zamanda biz vahid ailə kimiyik. Bu baxımdan bəxtim gətirir. Hiss edirəm ki, Allah mənimlədir, çünki kiminlə tanış olmağımdan asılı olmayaraq, məni həmişə yaxşı insanlar əhatə edir. Əlbəttə ki, istisnalar da olur. Lakin intuisiyam çox yaxşı inkişaf edib və ünsiyyət zamanı çox zaman bu və ya digər insanın hansı təbiətdə olduğunu əvvəlcədən hiss edə bilirəm.
İşləriniz arasında sevimliniz varmı? Bəs nə üçün məhz o?
Sevimli işlərimdən biri – Azərbaycan haqqında çarxdır. Komandamız, demək olar ki, ölkənin bütün bölgələrini çəkdi, özü də müxtəlif zaman kəsiyində. Çəkiliş çox mürəkkəb idi, lakin nəticədə alındı. Bu da mənim sevimli işlərimdən biri oldu.
Elə layihələr varmı ki, Siz onlara heç vaxt yaxın durmarsınız?
Burada hər şey çox sadədir: layihə mənə maraqlıdırsa – mən qol qoyuram. Maraqlı deyilsə, müvafiq olaraq, yox. Nə isə istəyirsənsə - götür və et!
Uşaqlıqdan hansı hadisə ən çox yadınızda qalıb?
Mənim gözəl valideynlərim var. Onlar həmişə mənə seçim azadlığı veriblər, buna görə də onlara çox minnətdaram. 1998-ci ildə baş verən hadisəni xatırlayıram. O zaman atam ABŞ-da çalışırdı və gözlənilmədən Bakıya gəlmişdi. Atamı həmişə qapını döyməsindən tanıyırdım, o zaman mən onu artıq 1 il idi ki, görmürdüm. Anam və bacımla divanda əyləşmişdik və birdən tanış tıqqıltını eşitdim! Hələ balaca idim və mənə qapını açmağa icazə vermirdilər. Amma o an, anamdan soruşmamış, divandan sıçradım və qapını açmağa qaçdım, çünki əmin idim – bu atamdır! Yadımdadı, o necə çantaları yerə atdı və mən dərhal onun qucağına tullandım... Bu parlaq səhnə sanki film parçası kimi bütün təfərrüatı ilə yaddaşıma həkk olub.
Sizə ilham verən nədir?
Əsas ilham mənbəyi – həyatın özüdür. İstənilən, hətta ən xırda kəşf ilham mənbəyi ola bilər. Məni konkret insanlar ilhamlandırmır, məsələn, hansısa məşhurlar, onların işləri – məni hər yeni gün, hər səhər ilhamlandırır! Mən yaşayıram, hiss edirəm, çalışıram – məgər bu ilham almaq üçün səbəb deyil? Qarşıda bizi uzun yol gözləyir və mən bilirəm ki, biz daha çoxuna nail ola bilərik.