Moda tarixinin ən məşhur modelyerlərindən biri və ümumiyyətlə ən məşhur fransız Pyer Karden fəaliyyətə teatr rəssamı kimi başlamış, Kristian Diordan dərs almış, Jan Kokto ilə dostluq etmiş, Maya Plisetskayadan ilham almış və hər zaman yeni bir şey axtarıb tapmışdır. İlk moda evini 28 yaşında açmışdır. Məhz onun yaratdığı rəngli kolqotqalar, trapesiya şəkilli qısa sarafanlar və 60-cı illərin modası təsəvvürünü yaradan hündür çəkmələr dəbə gəlib.
O, dəbli əşyaların əlçatan olması üçün çalışırdı və 70 il əvvəl Printemps univermağında bir çoxlarının satın almaq imkanının olması üçün endirim edərək dünyada ilk dəfə pret-a-porter (geyinməyə hazır) nümayişini keçirdi. Buna görə o, Yüksək Moda Sindikatından kənarlaşdırılmışdı, ancaq beş ildən sonra Karden geri dönür - bu dəfə sədr olaraq.
1960-cı ildə o, dünyada ilk kişi moda kolleksiyasını yaradır və onun dar şalvarlı kostyumları "Beatles" qrupu tərəfindən dərhal sevilir. Karden avtomobil və təyyarə dizaynı ilə məşğul olurdu, 1970-ci ildə NASA üçün skafandr dizaynı hazırlamışdı və Nil Armstronqun skafandrını sınamağa icazə verilən yeganə şəxs olmuşdu. O həmçinin öz adı altında istehsal lisenziyalarını satırdı - beləliklə də, bazarda Pierre Cardin alışqanları, balıq konservləri və onun adı ilə başqa məhsular görünməyə başlamışdı. Ümumilikdə, dünyada altı yüzə yaxın lisenziya satılmışdı.
Pyer Karden gələcəyin Asiya bazarında olduğunu ilk anlayanlardan biri idi və Pekində ilk dəfə nümayiş keçirən də o idi. O, unisex stilinin başlanğıcında durmuşdu, 500-dən çox patentin sahibi idi. Vətəndə onu Sovet İttifaqına olan marağına görə "qırmızı kuturye" adlandırırdılar - SSRİ-də 30 dəfə olmuşdu və rus teatrını xüsusilə sevirdi. 1986-cı ildə Raisa Qorbaçevanın köməyi sayəsində Pyer Karden SSRİ Sənaye Nazirliyi ilə bir müqavilə imzalamışdı və onlarla fabrik fransız markası adı altında kostyumlar tikməyə başlamışdı.
Defileni küçəyə məhz o gətirmişdi və onun Qırmızı Meydandakı nümayişi dünyada ilk bu cür nümayiş olmuşdu. Daha sonra o, Tahir Salahovun 80 illik yubileyi üçün Bakıya gəlmişdi. “Salahov dahidir, o tarixdə qalacaq. - Əsərlərində bir qədər realizm hiss edirəm, o öz işlərində qara və ağ rəngləri gözəl birləşdirir. Bildiyiniz kimi, qara rəng alicənablıq rəngidir" Pyer Karden bildirmişdi.
Bir vaxtlar xəyal etdiyi kimi teatr səhnəsində çıxış etmək fürsəti olmamışdı, lakin 1970-ci ildə o, Parisdə bütöv bir teatr kompleksi əldə etmişdi. Məhz Pyer Karden Marlen Ditrixin sonuncu qastrol turunun prodüseri olmuşdu. Yalnız Marlen Ditrix və Janna Moro daimi olaraq Pyer Kardenin kostyumlarını geyinirdilər. Bu gün Espace Pierre Cardin teatrında həm məşhur, həm də yeni istedadlar çıxış edirlər.
Pyer Karden 98 yaşında 29 dekabr 2020-ci ildə dünyasını dəyişib.