NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Məftun olmuş səyyah

Sokrat deyib ki, “tədqiq olunmamış həyat yaşamağa dəyməz. Özünə başqalarının gözü ilə baxmaq – mümkün olan bütün səyahətlərdən ən cazibədarıdır”. Özünü və dünyadakı öz yerini axtararaq dərbədər gəzmək – qismən məzuniyyət, qismən dua, qismən tədqiqat işdir. Mənanın sonsuz axtarış metaforu. Müasir səyyah, köçəri, “sərsəri filosof” Cimmi Nelson da özünü məhz bu axtarışa sərf edib.

Sizin Donna Karanın ön sözü ilə ikinci “Bəşəriyyətə hörmətlə” kitabınız 2018-ci ildə işıq üzü görüb. Hazırda nə üzərində işləyirsiniz?
Bizim fondumuz yerli xalqların əzəli mədəniyyətlərini qorumaq səylərini dəstəkləyir. Bu, xüsusuilə şəkillərini çəkdiyim etnik icmalardır. Bizim məqsədimiz – bu nadir xalqlara yardım etməkdir.

Fondunuz yerli xalqlara konkret olaraq nə ilə yardım göstərir?
Bu fond, zənnimcə, nə vaxtsa məşğul olduqlarımın hamısından vacibdir. Biz yerli xalqları ziyarət edir və öz mədəni irslərinin qorunması naminə birləşmələrinə, öz mədəniyyətlərinə sadiq qalmalarına inandırırıq. Bundan başqa, Avropa ölkələrində biz uşaqlar üçün 3 onlayn-platforma qurmuşuq.

Siz mədəniyyətin qorunması barədə danışırsınız. Lakin Siz özünüz də belə icmanın sərhədini pozduqda sanki onların müasir dünyada assimilyasiyasına səbəb olursunuz və Sizin gəlişinizə qədər olanları toxunulmaz görkəmdə saxlamaq artıq mümkün olmayacaq.
Biz gələcək nəsillər üçün təməl dəyərlərini qorumağa çalışırıq. Hər şey dəyişir, bu qaçılmazdır, lakin qorxuram – dünya həddindən artıq yekcinsləşir. İnsanlar hansısa bilikləri itirirlər, ənənəvi həyat tərzindən imtina edirlər. Əlbəttə, bir çox texnologiyalar həyatı yüngülləşdirir, lakin heç bir şəraitdə öz mədəni eyniliyindən imtina etmək olmaz.

Sizin birinci “Nə qədər ki onlar yox olmayıb” kitabınızı gerçəkliyin bəzənməsinə görə tənqid edirdilər. Özünüzə bəraət qazandıraraq deyirdiniz ki, fotoşəkillərinizin qəhrəmanlarına hamının sosial şəbəkələrdə öz qeyri-adiliyini qabardaraq etdiklərini edirsiniz. Lakin Sizə elə gəlmirmi ki, sosial şəbəkələrdə biz özümüzü daha çox qeyri-adiliyimizi və əhəməyyətimizi hiss etdiyimizə görə deyil, əksinə, özümüzə inamın az olmasına görə ideallaşdırırıq?
Yaxşı sualdır... Düşünürəm ki, hər birimizin qəlbimizin dərinliklərində müdafiəsizlik hissi gizlənib. Biz insanıq, sosial varlıqlarıq və istəyirik ki, bizi mütləq görsünlər, bizi tanısınlar və sevsinlər. Sosial şəbəkələr böyük əksəriyyəti ilə bu tanımanı, hətta müəyyən mənada sevgini təmin edir və bu da pis deyil. Mənim etdiyimi analiz etsəniz – bu əsasən məhz həmin bu tanınma probleminin həllidir. Axı mütləq öz fotolarının olması vacib deyil. Bəli, mən başqa insanları tanıdıram, qətiyyən onları alçatmayaraq, bunu reportaja çevirməyərək. Mən sadəcə problemə diqqət cəlb etmək istəyirəm, axı bütün dünya bu mədəniyyətlərə qiymətli mənəvi dəyər kimi baxmır. Lakin mən əminəm ki, bir çox yerli xalqlar mənəvi baxımdan bizdən daha çox ona görə mühafizə olunublar ki, öz kimliyini, təbiətdə və dünyada yerlərini itirməyiblər. Onlar özlərini mənə açırlar, çünki mən onları inandırıram ki, nümayiş etdirməyə çox şeyləri var! Bu mənim onların həyatının və dəyərlərinin təfsiridir. İdeya etibarı ilə sual başqa cür verilməli idi: onlarla müqayisədə özümü nə dərəcədə müdafiə olunmuş hiss edirəm? Bu fotoları dialoqa başlamaq üçün istifadə edirəmmi? Cavab: bəli. Lakin ilk növbədə bu fotoları özüm üçün güzgü kimi istifadə edirəm.



Ömür boyu sürən səyahətinə Cimmi Nelson uşaqlıqda başlayıb: onun valideynləri daim səfərlərdə olublar, o isə oxuyur və bəzən onlara baş çəkirdi. Bu gün onun xidməti siyahısında bütün Avropa boyu onlarla fotosərgi var. Fotomüxbir kimi o, Əfqanıstanda, Pakistanda, Salvadorda, Nikaraqua və Yuqoslaviyada olub. Finlandiya Laplandiyasının Kakslauttanen arktik kurortunda “Ralph Lauren” payız-qış reklam kampaniyasını çəkib. O, 70 yerli xalqın yaşadığı yerləri gəzib və iki kitab dərc etdirib. Buna onu XX əsrin əvvəllərində dünyanı Amerika hinduları ilə tanış edən, onları sonuncu dəfə ənənəvi paltarlarında görən etnoloq Edvard Körtis ruhlandırıb. “Bu gün böyük kimlik böhranı var, yerli xalqlar isə onu heç itirməyiblər də”, Cimmi Nelson deyir. O bu barədə danışmaqdan yorulmur, həmçinin yeni beynəlxalq dildə təsvirlər dilində. Özü isə elə hekayəçidir ki, onu elə hey dinləmək istəyirsən..



Bir dəfə demişdiniz ki, fotoların yaradılması – özünüaxtarışa çox şəxsi səyahətdir. Özünüzü tapa bildinizmi?
Uşaq ikən çox yerlərdə yaşamışam, həmişə özümü sevilən hiss etmişəm, lakin hansısa anda hər şey birdən pisə doğru dəyişdi və mən özümü artıq sevmədim. O zaman fotoaparatla silahlanaraq başqalarında özümdə hiss etmək istədiyimi axtarmağa başladım. Beləcə, dünya ilə əlaqə qururdum. Mən hələ də özümə aparan yoldayam, hərçənd həyatın yarısı yaşanıb, yarısı keçilib. Mən artıq anlamışam ki, ən gözəli indiki andır. Mən səyahət etməyə və axtarmağa davam edirəm. Amma ola bilsin ki, artıq heç nə axtarmaq lazım da deyil...

Sizcə, irqçiliyin səbəbi nədir? Bəlkə o da müdafiəsizlik hissindədir?
Tamamilə! Söhbət başqalarının mövcud olma haqqını tanımaq qabiliyyətinin çatışmazlığından gedir. Biz qorxuruq və qorxumuzu başqalarının üzərinə proyeksiya edirik – irqçilik də elə budur. Öz təhlükəsizliyinə görə dərin qorxudan savayı başqa heç bir səbəb yoxdur.

Hazırki Avropada ağdərili kişi olaraq özünüzü necə hiss edirsiniz?
Bunun nə əhəmiyyət kəsb etdiyini, orta yaşlı ağdərili kişi olmağımın mənə nə bəxş etdiyini anlamıram. Mən bunu ekzotik səyahətlərimdə çox kəskin hiss edirəm, çünki orada obyektiv düşüncə işə düşür, lakin yaşadığım Amsterdamda hər şey çox subyektivdir. Həm də bu çox emansipallaşmış şəhərdir, burada hər kəs istədiyi kimi ola bilər – qara, ağ, çılpaq, necə istəyir!

Siz müxtəlif irqlərin nümayəndələrinin şəkillərini çəkirsiniz. Onlar nə zamansa Sizə dərinizin rəngi ilə bağlı sual veriblər?
Heç vaxt! Düşünürəm, biz avropalılar buna böyük əhəmiyyət veririk. Səyahətlər zamanı mənə daha çox necə insan olmağım barədə suallar verirlər. Onlar üçün zahiri görünüşümün, necə geyinməyimin fərqi yoxdur. Mən öz ruhumu təqdim edirəm – bu da onlar üçün ən vacibidir.

Bəs Sizdən Avropadakı həyat barədə soruşurlar?
Yox, bu da əslində təəccüblüdür. Fotolarımın bütün qəhrəmanları tamamilə indiki zamana qərq olublar. Bizim beynimiz keçmiş və gələcəklə, başqa insanlar haqqında düşüncələr və sairlə məşğuldur – onlar isə həddindən artıq hazırki ana kökləniblər. Mən onların yanına ötən səfər zamanı çəkilən fotoları dərc edilən kitabla döndüm, lakin sən demə onları necə görməyim onlar üçün elə də maraqlı deyil. Deyəsən, onları özlərini necə hiss etmələri daha çox maraqlandırır. Bu əsasən ona görədir ki, onlar indiki zaman ilə yaşayırlar. Biz pərakəndəyik, sosial şəbəkələrin kommunukativ imkanları sayəsində necə görünə bilərik və ya necə hiss etmək istədiyimiz barəsində çox düşünürük. Bu çox zaman özünə dalmağa və əslində nə hiss etdiyimizi anlamağa mane olur. Onlar isə inamla özləri barədə deyirlər: biz gözəlliyi hiss edirik, biz qüvvəni hiss edirik, biz qürur hiss edirik və hazırda malik olduğumuzu qiymətləndirməyə başlamaq üçün bizə kənardan çəkilən hansısa şəkil lazım deyil.

Koronavirusun yayılması ilə əlaqədar lokdaunlar və qadağalar sivil dünyada çox ağır qəbul olunur. Yerli xalqlar bu vəziyyətdə bizə nə öyrədə bilərdilər?
Düşünürəm ki, bu vəziyyətə necə düşməməyi. Axı onu bir o qədər virusun özü deyil, total qorxu yaradıb. Problem koronavirusun bəşəriyyətə təhlükə yaratmasında deyil, problem bundadır ki, biz, özümüzü sivil insanlar adlandıranlar, vəziyyəti nəzarətdə saxlaya bilmirik. Düşünürəm ki, milyonlarla mil qət edən çoxsaylı səyyahları nəzərə alaraq, karantin labüd idi. İstənilən halda bu mürəkkəb vəziyyətdən hər birimiz dərs almalıyıq – Ana-Yerə və yaşadığımız dünyaya daha böyük hörmətlə yanaşmalıyıq. Yerli xalqların bəxti bizimkindən çox gətirib: az sayları, uzaqlıqları və təbiətə yaxınlıqları müqabilində onlar ondan dəstək alırlar. Təəssüf ki, biz təbiətlə bu əlaqəni itirmişik, biz daha çoxuq və biz artıq bu hissin – sadəcə mövcud olmağın – nə olduğunu bilmirik. Buna görə də, çox güman, biz öz səhvlərimizi dəfələrlə təkrarlayacağıq. Çox ümid edirəm ki, fotolarım güzgü kimi hisslərimizi, müdafiəsizliyimizi əks etdirməyə yardım edəcək – bizə nəyisə öyrətməli olan güzgü kimi. Biz sürətlə inkişaf edən dünyada yaşayırıq, bizim sanki hər şeyimiz var, amma bir çox şeylərdə biz yoxsullaşmışıq.

Tibetdəki həyatınızdan danışın.
Bu 35 il əvvəl idi, 17 yaşım var idi, məktəbi yenicə bitirmişdim və Tibetə qaçdım. O zaman güclü stress yaşayırdım. Bu səbəbdən və səhv təyin edilən dərmandan bütün saçlarım töküldü. Mən özümü təhlükəsiz hiss edə biləcəyim yer tapmaq istəyirdim – bu hiss məndə çox əksik idi... Tibet əsl sərgüzəşt oldu! Axı o uzun müddət bütün dünya üçün qapalı idi, mən isə gənc və sadəlövh idim. Odur ki, mən onun barədə heç nə bilmirdim və ondan heç nə gözləmirdim. Yəqin elə buna görə özüm üçün orada bütöv dünya kəşf etdim! Tibet çox uzaqdır, çox ucadır, orada çox istidir, çox soyuqdur, çox boşluqdur. Lakin yerli sakinlər həmişə məni dəstəkləyirdilər, buna görə də, özümü o diyarda həm sevimli, həm də müdafiə olunan hiss edirdim. Orada 2 il keçirdim və bu əsl Cənnət idi!

Ora qayıtmaq istəməzdiniz?
Mən bir neçə dəfə qayıtdım, amma hər dəfə məyus olurdum, çünki ilk dəfə hiss etdiyim emosiyaları hiss etmirdim. Tibet də dəyişir, və təəssüf ki, uzun müddət Çin tərəfindən işğala görə, bu dəyişiklik yaxşı tərəfə getmir. Hər dəfə ora gedəndə kədərlənirəm: bir zamanlar tibetlilər dünyanın ən gözəl insanlarından idilər, lakin onları xalq kimi məhv etdilər – bu gün onlar öz mədəniyyətlərində azad deyillər və onları artıq dünyanın ən xoşbəxti adlandırmaq olmaz.

Bəs, Sizcə, hazırda ən xoşbəxt insanlar harada yaşayır?
Düşünürəm ki, bu markiz adalarının sakinləridir, mənim ikinci kitabımın üz qabığındakı insanlar. Oraya Polineziyadan 4, yaxud Taitidən 5 saat uçmaq lazımdır. Onlar xoşbəxtdirlər, çünki gözəl təbiətin əhatəsində yaşayırlar və onların bu gözəlliyi ehtiva edən çox zəngin mədəniyyəti var. Bu heç də zahiri gözəllik deyil, bu ruhun gözəlliyidir. Düşünürəm ki, bu insanların ruhən belə gözəl qalmaqlarının səbəblərindən biri onların qalan dünyadan çox uzaq olmalarıdır. Onlar sadə həyat sürürlər, gün doğanda yuxudan ayılırlar, gün batanda yatırlar. Mən özüm də onlar kimi xoşbəxt və azad olmaq istərdim.

Bəs bizə, meqapolis sakinlərinə özümüzü xoşbəxt hesab etməyə nə mane olur?
Hər şey çox sadədir: biz düşünürük ki, hər şeyi nəzarətdə saxlaya bilərik. Biz özümüzə deyirik: çox işləməliyik ki, dükanlara getmək üçün çox pul qazanaq – bu əsas məqsəddir. İnkişaf etmiş dünyada əsl zənginliklə – qeyri-maddi ilə əlaqə yaratmaq çox çətindir: axı onu almaq olmaz. Biz anlamırıq ki, hansısa maddi əşyaları toplamaqla xoşbəxt olmaq mümkün deyil, tam xoşbəxtlik hissini, əsl zənginliyi yalnız ruhun zənginliyi bəxş edə bilər. Mən daim Amsterdamdan planetin uzaq guşələrinə və geriyə məhz bizdən bu uzaq dünya ilə əlaqə yaratmaq və nəhayət həqiqətən xoşbəxt olmaq üçün gedib-gəlirəm. Hətta bu insanlarla ünsiyyətdə olmayanda, mənim onlarla sanki görünməyən əlaqəm var və mən onların həyat tərzi və düşüncəsinin rezonansında mövcud oluram.

Deyirlər ki, bütün səfərlərə köhnə kameranızı götürürsünüz...
Onun dizaynı 50 il əvvəlki xəzli fotoaparatların dizaynına bənzəyir. Bu iriformatlı kameradır – 8x10, o, kifayət qədər mürəkkəb quruluşa malikdir, lakin ləngdir, bir dəfəyə yalnız bir şəkil çəkmək mümkündür. Ona görə də, bu yeganə fotonun yaradılması prosesində əziyyət çəkməli olursan. Müasir gəncliyə məni anlamaq çətindir, bu yaxınlarda şagirdlərlə görüşümdə onlar başa düşə bilmirdilər: bu qədər qəlizləşdirmək nəyə lazımdır? Axı son nəsil kameranı istifadə edərək bir dəfəyə çox şəkil almaq mümkündür. O zaman onlardan soruşdum: bəs sizin üçün indi ən vacib nədir? Bir oğlan dedi: kimisə öpmək! Görünür, o sevgilisi olmasını arzulayırdı... Mən dedim: təsəvvür edin ki, sizin iki mümkün seçiminiz var. Birincisi – heç bir qadağa yoxdur və sabah səhər siz məktəb həyətində nə istəsəniz edə bilərsiniz. Digəri isə – bir saniyə ərzində siz ancaq bəyəndiyinizi öpə bilərsiniz. Sizin seçiminiz? Hamı bir nəfər kimi dedi ki, birincini seçərdilər. Mən isə ikincini seçirəm! Mənə “öpüşün” özü onun prelyudiyası qədər maraqlı deyil – hər şeyin o qədər də sadə olmadığı səyahət: gərək axtarasan, rakurs seçəsən... və yenə də heç kim təminat vermir ki, kadr alınacaq. Lakin axtarış prosesində o qədər emosiya hiss edirsən ki! Yeganə bir şəkli yaratmaq üçün maksimal dərəcədə zirək olmaq lazım gəlir. Lakin bunun müqabilində çəkidiklərinlə əlaqə yaratmaq şansı dəfələrlə artır! Çünki etdiyinə ruhunu verirsən, onlar özləri adət etdikləri kimi.

Şəkil üçün yararlı anı nə qədər gözləməli olursunuz?
Bəzən iki həftəyə qədər. Təəssürat yaranır ki, hər gün biz məqsədimizə get-gedə yaxınlaşırıq - bu sanki çoxtəbəqəli tortun quraşdırılmasına bənzəyir, fotonun özü isə - bu tortun üzərindəki albalı giləsidir! — N