NARGIS
NARGIS MAGAZINE
Həyat tərzi

Dəniz, mən səni sevirəm!

bəzək əşyaları от BEE GODDESS

"Zaman dəniz kimidir, bütün düyünləri açır"

Ayrid Mördok

​​​​​​

Mən dənizə gələndə, o məni sağaldır. Onun yanında mən əsl məqsədlərimi və istəklərmi dərk edirəm, dalğalar isə sanki günlərlə, illərlə yığılmış bütün şübhələrimi, neqativ düşüncələrimi və narahatlığımı özü ilə aparır... Dənizin dalğalarında və ayaqlarımın altındakı isti qumunda özümə qarşı sevgini hiss edirəm. Üfüqə, sonsuzluğa baxdığımda o, məni başdan çıxarır və hisslərim, ağlım da hüdudlarını itirir... Bu ruh halını sözlərlə ifadə etmək mümkün deyil! Bunu yalnız hiss etdikdən, yaşadıqdan sonra anlamaq olar. Bu hissləri keçirməyi çox sevirəm! Çox təəssüf ki, evə, reallığa qayıdan kimi bu hisslər yoxa çıxır. Dəniz xərçənglərinin dənizə qaçışını izləməyi çox sevirəm, sanki həyəcanla bütün ayaqlarına basa-basa problemlərindən qaçıb axına atılmaq istəyirlər. Bəlkə də elə bu həyatın düzgün fəlsəfəsidir?..
Dənizin yanında bütün varlığımız qeybə çəkilir – burada, bu qumlu sahildə sən qum zərrəsindən fərqlənmirsən. Bu qum zərrəsinin nə kimi problemi və ya narahatçılığı ola bilər?!
Dəniz üçün sənin həyatda nələrə nail olduğunun fərqi yoxdur, dəniz hər kəsi eyni dərəcədə sevir, hərçənd istədiyini də asanlıqla məhv edə bilər. Həyatımızda baş verənlərdən asılı olmayaraq – zəfər və ya faciə – dəniz bizə yaşadıqlarımızın heç bir əhəmiyyətinin olmadığını öyrədir: qələbə sadəcə bir qələbədir və ən yaxşısı həyatın axınına görə yaşamaqdır.
Mən bu geniş vüsəti sevirəm. Sahilə ahənglə çırpılan dalğanın səsini sevirəm, xərçəngləri tapmağı və sonradan buraxmaq üçün onları tutmağı sevirəm, balıqqulağını sevirəm. Gilavarı sevirəm, qayalara çırpılan dalğaları və yandıran qumu sevirəm... Dəniz, mən səni sevirəm!


P.S. Mayaklarda bir sehr var. Uşaq vaxtı mayakı gördükdə həmişə onun şəklini çəkmək istəyirdim. Və indi böyüsəm də, ona olan sevgim dəyişməyib. Mayak sadəcə bir daş, kərpic və ya metal deyil: onların hər birinin insan kimi öz unikal həyat hekayəsi var. Əgər siz dənizi sevmirsinizsə, mütləq mayaka çıxın və bir müddət orada sadəcə dayanın. Bu insanı çox rahatladır. Mayakı əbəs yerə ümid, kömək, yardım simvolu adlandırmırlar... O, düzgün yolu göstərir, sadəcə görmək lazımdır. Məhz buna görə mən mayaklara aşiqəm!

Ülviyyə Mahmudova,
Baş redaktor