NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

MÜMKÜNSÜZ MÜMKÜNDÜR

Məni yaxşı mənada təəccübləndirən bir məlumatı sizinlə bölüşmək istəyirəm: ABŞ-ın aparıcı texnoloji şirkətlərinin üçdə biri başqa ölkələrdə anadan olan insanlar tərəfindən təsis edilibmiş. Onların uğur hekayələri bir çoxlarını "amerika xəyalının" ardından ABŞ-a və ya "dünyanın mərkəzi" hesab olunan Londona getməyə həvəsləndirir.
Bəzi mühacirlərin nailiyyətlərinə baxdıqda biz onların yolun başında dil baryerindən tutmuş maddi məhdudiyyətlərə qədər hansı problemlərin öhdəsindən gəlmək məcburiyyətində qaldıqlarını heç düşünmürük. Və əlbəttə ki, insanların yadlara və kasıblara qarşı ehtiyatla davrandığı cəmiyyətə uyğunlaşmaları heç də asan olmayıb. Onların hər biri üçün uğura gedən yol bir çox maneələrdən, alçaldılmalardan, səhvlərdən keçib... Lakin onların nümunələrində biz görürük ki, öz hədəfinə qorxusuz və tənbəllik etmədən gedən sonda mütləq məqsədinə çatır. Yavaş addımlar da irəliləmək deməkdir.
Hələ mühacir olarkən özünü göstərməyə başlayan, inanılmaz uğurlar əldə edən və istənilən arzuya çatmağın mümkün olduğunu sübut edən texnologiya dünyasının 13 liderini diqqətinizə çatdırıram. Gəlin onlara baxaq və özümüzə inamı itirməyək, ən əsası isə əlimizi heç nədən üzməyək!

Sergey Brin. Onun dediyinə görə ABŞ-da keçən ilk il olduqca çətin olub.
Cerri Yanq. Uşaq ikən ABŞ-a gəldiyində ingilis dilində yalnız “shoe” (ayaqqabı) sözünü bilirdi.
Yan Kum. “WhatsApp”ı 19 milyard dollara satmazdan əvvəl ərzaq talonları ilə yaşayırdı.
Maks Levçin. Amerika televiziya şoularını izləyərək zamanla ləhçədən qurtula bilib.
Vinod Dham. Onun atası ailəsini ABŞ-a gətirdiyində cibində cəmi 8 dolları var idi.
Sundar Piçai. Uşaqlıqda, demək olar ki, nə telefonu, nə kompüteri, nə də interneti var idi. İndi o, "Google" şirkətinin baş direktorudur.
İlon Mask − hazırda planetin ən varlı insanı. Cənubi Afrikada anadan olub, kollecdə oxumaq üçün Kanadaya gəlib, daha sonra ABŞ-a köçüb və ilk şirkətini qurub.
Sancay Mehrotra. Yaddaş çipləri istehsal edən “SanDisk” şirkətinin həmtəsisçisi olmazdan əvvəl onun ABŞ-a viza müraciəti düz üç dəfə rədd edilib.
Endi Qrouv. Nasist rejimindən qaçıb, ofisiant köməkçisi olaraq işləyib, illər sonra isə “Intel” korporasiyasını dünyanın ən güclü yarım-ötürücü şirkətinə çevirib.
Çamat Palihapitiya. Təhsil almazdan və milyarder-investor olmazdan əvvəl Şri-Lankadan olan ailəsi tamamilə sosial təminatla yaşayırdı.
Tyan- tszı. 70-ci illərdə Bruklin küçələrində yaşayırdı.
Mayk Kriger. Viza problemlərinə görə az qala “Instagram”dan imtina edəcəkdi.
Kristian George. İlk vaxtlar Nyu-Yorkda limuzin sürücüsü olaraq çalışıb, zamanla şirkət qurub və sonra bu şirkəti 500 milyon dollara satıb.

Ülviyyə Mahmudova,
Baş redaktor