NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Bir əsrlik marka

28 aprel 2023-cü il tarixində Azərbaycan elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasından 100 il ötür.


Zəngin mənəviyyata sahib əsl ziyalının əhatəli elmi fəaliyyəti ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası, məhz onun təşəbbüsü ilə yaradılmışdır.

Bu əlamətdar tarix münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC tərəfindən xatirə poçt markası buraxılıb.

Zərifə Əliyevaya həsr olunmuş xatirə markası bir markadan ibarət blok şəklində hazırlanıb və Belarus Respublikasının “Bobruisk Integrated Printing House” mətbəəsində 4000 tirajla çap edilib. Poçt blokunun tərtibatında vizual qavrayışa xüsusi diqqət yetirilib. Rənglərin simvolikasında yaşıl rəngin bir çox pozitiv mənaları var və ən əsası da həyat, sağlamlıq, xoşbəxtlik, harmoniya və mənəvi zənginliyi ifadə edir. Dizaynın müəllifliyi Nəriman Məmmədzadəyə məxsusdur.