NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Akademik Lentlərdən Sinema

Nisbətən qısa bir müddətdir ki mövcud olduğuna baxmayaraq, kino sektoru yaradıcılıq prosesi əsnasında mühəndislik, sənətkarlıq və hətta bəzən elmi yanaşma tələb edən bir elm sahəsinə çevrilmişdir. Kino sənayesinin dünyaya verdiyi töhfələri hərtərəfli müzakirə etmək çox vaxt aparar. Bununla belə, onun inkişafının aparıcı qüvvəsi həmişə öz dövrünün standartlarından kənara çıxmağı bacaran insanlar olmuşdur. Bir sözlə, kinematoqrafiyanın sərhədlərini genişləndirən eksperimental yanaşmalar bu sahənin inkişafına gətirib çıxarıb.

20-ci əsrin əvvəllərində prioritetlər müəyyən bir şeylər idi, əsrin ortalarına doğru bunlar dəyişdi, 2010-cu ildən sonra isə kino sənayesi elə dəyişikliklərə məruz qaldı ki, prioritetlər tamamilə fərdiləşdi, pul qazanma məqsədləri uğrunda yanaşmaların içərisində itib-batdı. Bu sənaye öz tarixi mahiyyətini itirdi, yeni hədəflər qoyulmağa başlandı. Ancaq nəzərə alsaq ki, düşüncələr də dəyişir, sənayedəki dəyişiklikləri bu prosesin təbii nəticəsi kimi qəbul etmək olar.

Kinonun tarixi bir sıra təşkilatlar tərəfindən verilən mötəbər mükafatlarla doludur, bunlar arasında isə 96 ilə yaxındır ki, kino sənayesini kamera işıqları qamaşdıran bir mükafat xüsusilə seçilir. Onun töhfəsi həqiqətən əhəmiyyətlidir. Əvvəllər Oskar mükafatının qalibləri mərasimdən əvvəl elan olunurdu, mərasimdə əsas diqqət isə filmlərin özlərinə verilirdi, lakin zaman keçdikcə mərasim Amerika sənayesinin bir ənənəsinə çevrilərək daha çox reklam xarakteri almağa başladı. Bunun həmişə belə olacağını söyləmək o qədər də düzgün olmazdı, çünki bir çox sahələrdə bütünlüklə rəqəmsallaşan dünyada kino sənətinin də taleyi böyük sirr olaraq qalır. Oxşar dəyişikliklər tarixdə əvvəllər də baş verib. Məsələn, 1970-ci illərdə kinonun 1960-cı illərdə öldüyünə dair iddialar çox idi, çünki icad edilə və praktiki olaraq istifadə edilə biləcək hər şey artıq edilmişdi. Lakin sonradan “neo-noir” janrı meydana çıxdı və klassik “noir” ağ-qara filmlər bu janr vasitəsilə yeni bir yön aldı. Bu janr əsasında çəkilən filmlərdə baş qəhrəmanlar saxtakarlıqlarla dolu bir dünyada özlərini qurban verməyə davam edirlər, lakin klassik “noir”dən fərqli olaraq burada əsas mövzular jurnalistlərin xəbərləri, amansız siyasi oyunlar və iqtisadi problemlər ətrafında cərəyan edir. Bütün bunlar dövrün ruhundan ilhamlanaraq yaradılırdı. Tezliklə “neo-noir” janrı Amerika film sənayesinin hüdudlarını aşacaq, rəngli filmlərin də əsası qoyulmaqla Nikolas Uindinq Refnin “Drive”, Eran Krivinin “Welcome to the Punch”, Pol Tomas Andersonun “Inherent Vice” və bir sıra müxtəlif filmlər ərsəyə gələcəkdi.

Oskar mükafatının tarixi boyunca bir neçə rekord qeydə alınıb. 1950-ci ildə Yosef L. Mankivitsin "All about Eve" filmi 14 nominasiyaya namizəd göstərilərək altısında qalib oldu. Film, karyerası düşüş mərhələsində olan aktrisa Marqo və onun prinsiplərinə məhəl qoymayaraq, Marqonun mühitindən istifadə edib özü üçün daha parlaq gələcək quran gənc köməkçisi Evenin (Anne Bakster) hekayəsindən bəhs edir. Digər bir rekord isə Ceyms Kameron tərəfindən qeydə alınıb. Onun filmi "Titanic" (1997) 14 nominasiya və 11 mükafata layiq görülüb. Bundan əlavə, "La La Land" (2016) 6 mükafat, "Oppenheimer" (2023) isə 7 mükafat qazanıb. "Titanic" və "All About Eve" filmləri real hekayələr əsasında çəkilib. Mankivits filmin ssenarisini Meri Orrun “The Wisdom of Eve” hekayəsi əsasında qələmə alıb və bu hekayə də öz növbəsində avstriyalı aktrisa Elizabet Berqnerin real həyat hekayəsindən ilhamlanaraq yazılıb. Kemeron isə 1912-ci ildə faciəvi bir tale ilə üz-üzə qalan Britaniyanın "Titanik" gəmisində baş tutan ehtiraslı sevgi hekayəsindən danışıb. Hər iki film kino sənətinin parlaq nümunələri olaraq tarixdə öz yerini alıb. Lakin onlardan fərqli olaraq “La La Land” filmi klassik Amerika sinemasının nostalji enerjisini əks etdirən təxəyyül məhsuludur. Şazelle, musiqi janrının müəyyən edilmiş qanunlarına sadiq qalaraq, Los-Ancelesdəki xəyalpərəstlərin yaşadığı həyat tərzini göstərməyə çalışıb. Bu müqayisə Şazellenin filminin digərlərindən geri qaldığını göstərmir, sadəcə olaraq düşüncələrin dəyişkənliyinə diqqəti cəlb etmək üçündür.

Bir zamanlar filmlər sadəcə əyləncədən ibarət deyildi, onlar özlərində dərin məna və cəmiyyətin diqqət etməsi mühüm olan ideyalar daşıyırdı. 90-cı illərin sonu və 2000-ci illərin əvvəllərində kino sənayesi bəzi aspektlərdə daha mürəkkəb, digərlərində isə əksinə, daha sadə hal almağa başladı. Belə ki, filmlərin real hadisələrə əsaslanması tamaşaçıları valeh etmək üçün bir metoda çevrildi və görüntü keyfiyyəti bu işdə əsas prioritet oldu.

Danimarkalı rejissor Lars von Trier hələ 1994-cü ildə düşünürdü ki, tamaşaçılar filmin vizual keyfiyyətindən daha çox dramatik hekayəsi ilə maraqlanırlar. Müəyyən baxımdan haqlı idi. Ekranda baş verənləri əlaqələndirə bilən tamaşaçılar filmin tempindən və gedişatından daha dərin təsirlənirlər. Bununla belə, film çəkmək heç də həmişə o qədər sadə deyil. Trier və Tomas Vinterberq ənənəvi kino çəkmə üsullarına meydan oxuyan 10 qaydadan ibarət “Dogme 95” manifestinin ideoloqlarıdırlar. “Dogme” qaydalarına görə, hətta rejissorun belə adı kreditlərdə qeyd edilməməli, filmlər əlavə heç bir avadanlıq istifadə edilmədən çəkilməli, həyatı olduğu kimi göstərməlidir. Bununla belə, "Dogme 95" prinsipləri çox da uzun müddət yox, sadəcə 2005-ci ilə qədər davam etdi, çünki film sənayesi davamlı dəyişikliklər tələb edir. Rejissorlar özləri də nəticədə bunu dərk etdilər və beləliklə, kino nəzəriyyəsinin dəyişməz prinsipləri müəlliflərin xəyal dünyaları üçün sadəcə başlanğıc nöqtəsi rolunu oynamağa başladı.

"Qaydaları bir peşəkar kimi öyrənin ki, onları bir sənətkar kimi poza biləsiniz." - Pablo Pikasso