Çay evi, 1986-cı il, Ağdam
1986-cı il iyulun 26-da Cümə məscidinin yaxınlığında “Çay evi”nin açılışı oldu. Əsasən dəmir konstruksiyalardan ibarət layihənin memarı Naiq Səmədov idi. Şayiələrə görə, sovet dövründə çayxana – üstəlik, bu cür – üçmərtəbəli və dövrə görə təmtəraqlı sayılan, baha başa gələn memarlıq konstruksiyasının tikintisi üçün hökumətdən icazə almaq çox çətin idi (çayxana məmurların düşüncəsində tüfeyliliklə assosiasiya olunurdu)! “Quru qanun” (alkoqolun qadağan olunması) köməyə çatır və belə bir hiyləgər arqument irəli sürülür ki, çay evi anti-alkoqol kampaniyasına yardım göstərəcək və dünənki əyyaşları özünə cəlb edəcək. Axı Azərbaycanda çayı həmişə spirtli içkidən üstün tutublar və o vaxt respublikada spirtli içkilərin istehlakı adambaşına ildə bir litri keçmirdi.
Qızıl yataqları, Ağdərə
Ağdərədə 155 müxtəlif növ faydalı qazıntı yatağı aşkar edilib, onlardan beşi qızıl yatağıdır. Burada Azərbaycan qızılı Qızılbulaqda və Canyataq-Gülyataqda, qurğuşun və sink Mehmanda, misi Dəmirlidə gizlənir... Qızılbulaq sənədlə təsdiqlənmiş üç ehtiyat yatağından biridir. Nəfis şəbəkə texnikası, “badamlı",“çətir” və “piyalə-zəng” sırğalar, iri “ay-ulduz” döş nişanı – vaxtilə hər gəlin əsl Azərbaycan qızılından hazırlanmış ənənəvi zinət əşyalarını arzu edirdi!
Çörək muzeyi, 1983-cü il, Ağdam
Çörək Muzeyi özünün ilk qonaqlarını uzaq 1983-cü ildə qəbul etdi. Bu muzey parlaq mozaik pannosu ilə SSRİ-də sovet modernizmi üslubunda hazırlanmış yeganə muzey idi. Burada bir çox qiymətli kitab və əlyazmalar, dəyirman lövhələrindən tutmuş xırmanadək taxıl emalı üçün istifadə edilən qədim alətlər, eləcə də mühasirədə olan Leninqraddan (sonradan bu şəhərdə də analoji muzey yaradıldı) gəlmiş yanmış çörək, günümüzədək möcüzə sayəsində gəlib çatmış ən müxətlif və nadir buğda mədəniyyəti nümunələri saxlanılırdı.
Ağdam Cümə məscidi, XIX əsr.
Qarabağın məbəd memarlığının əsas nümunələrindən biridir. Məscid XIX əsrdə görkəmli Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Həmişə insanla dolu olub, hətta sovet hakimiyyəti illərində də onun minarələrindən müsəlmanları cümə namazına çağıran azan səslənib. Məscid yalnız sakinlər müharibə zamanı işğal olunan şəhəri tərk etdikdən sonra boşalıb. Amma Ağdam işğaldan azad olunan kimi məscid yenidən qapılarını hamının üzünə açıb, Azərbaycan Prezidenti və dövlətin Birinci xanımı məscidə gələrək orada namaz qılıblar.
Şahbulaq qalası, XVIII əsrin ortaları, Ağdam
XVIII əsrin ortalarında Qarabağ xanlığının banisi Pənahəli xan əvvəllər tikdirdiyi Bayat qalasından daha etibarlı qala tikmək qərarına gəldi. Şahbulaq qalası 1751-1752-ci illərdə Ağdam yaxınlığındakı Tərnəkut adlanan yerdə tikildi və Pənahəli xan yeni alınmaz qalanın inşası barədə qərar verənə qədər bir neçə il xanlığın paytaxtı oldu.