NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

Özünüzlə fəxr edin!

Özünüzdən narazı qaldığınız vaxtlar olurmu? Keçdiyiniz yola nəzər salanda, çox az şeyə nail olduğunuzu düşünürsünüzmü? Gəlin buna başqa tərəfdən baxaq. Axı indi və burada olmaq üçün qət etdiyiniz yolda təkcə uğursuzluqlarla üzləşməmisiniz. Fikirləşsəniz, özünüzlə fəxr etmək üçün bir çox səbəb tapacaqsınız – kiçik və böyük nailiyyətlər, ailəniz, dostlarınız, etdiyiniz yaxşılıqlar, yol vermədiyiniz pisliklər!..

Sizə öz dəyərinizi artırmağın asan yolunu tövsiyə edim: bir vərəq götürün və indiyə qədər həyatınızda, bu il, bu ay, dünən, bu gün gördüyünüz bütün yaxşı əməlləri yazın. Qoy bu ən əhəmiyyətsiz xırdalıqlar olsun – bəzən özünüzü daha inamlı hiss etmək, yeni ili və ya növbəti bazar ertəsini gözləmədən qətiyyətli qərarlar qəbul etmək üçün kiçik şeylər kifayət edir. Özünüzün ən yaxşı versiyası olmağa çalışın, öz-özünüzlə yarışın. Ancaq ehtiyacınız olanda kömək istəməyə, başqalarının uğuruna sevinməyə, başqalarının haqlı olduğunu və ya öz səhvlərinizi qəbul etməyə qürurunuz mane olmasın. Heç birimiz mükəmməl deyilik...

Bu buraxılışın üzqabığında sizin, mənim kimi insanlar görürsünüz və onların hər biri müstəsna insanlardır, ümumiyyətlə hər bir fərd kimi. Biz onlarla fəxr edirik: axı məhz onların sayəsində Paralimpiya Oyunları zamanı bütün dünyanın gözü önündə dövlət bayrağımız dəfələrlə ucaldılıb və himnimiz səsləndirilib! Ancaq onların həm də çətinliklər qarşısında heç vaxt təslim olmadıqlarına, tənbəllik etmədiklərinə, onlara inanmaqdan imtina edənlərə etiraz edib heç kimin görmədiyi halda belə öz üzərlərində çox çalışdıqlarına görə özləri ilə fəxr etməyə haqları var.