NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

Gümüşün Parıltısı ilə

Brendin sahibi Fatimə Məhərrəmova müsahibəsində brendin inkişafının necə başladığını və niyə zinət əşyaları istehsalına başlamaq qərarına gəldiyi barəsində danışıb. Keçdiyi yollar haqda danışarkən, o, gümüşün əhəmiyyətini və brendin bazarda yerinin formalaşmasında rol oynayan praktiki yanaşması barədə fikirlərini bölüşüb. Gəlin, Fatimə Məhərrəmovanın minimalist gümüş zərgərlik sənətinin mənşəyi və əhəmiyyəti barədə danışması ilə onun “G.U.Z.G.U.M” brendinin dünyasına nəzər salaq.

Öz brendinizi yaratmaq üçün sizi ilhamlandıran nə oldu?
Məni minimalist dizaynların potensialı həmişə cəlb edib. Hər zaman özümün aksesuar və ya geyim brendimin olmasını arzulamışam.
İlk öncə aksesuarlarla başladım. Məhsulun ilkin versiyalarını sınaqdan keçirdikdən sonra aylarla brendin adı üzərində fikirləşdim və sonda "G.U.Z.G.U.M." adına qərar verdim. Bu adın çox uyğun olduğunu fikirləşirəm, çünki istənilən “G.U.Z.G.U.M” məhsulunun parlaq və cilalanmış səthi güzgü kimi əks olunur.


Brendinizin yaradıcılığının təməli kimi gümüşdən istifadə etmək qərarına gəlməyinizə səbəb nə oldu?
Gümüş mənim üçün sevimli metaldır. Onun dəyişkənliyi və özünəməxsus enerjisi mənə cəlbedici gəlir. Gümüş aksesuarlarla bəzənən insanların mənim hisslərimlə üst-üstə düşən fərqli bir ab-havaya və tərzə malik olduqlarını düşünürəm. Mənim məhsullarım incəliyə dəyər verən və bədxərcliyi sevməyən şəxslər üçün ideal seçimlərdir.

Siz həm brendin adına, həm də yaradıcılıq tərəfinə cavabdehsiniz?
Əlbəttə. Brendin qurucusu kimi mən onun yaradıcılıq prosesinin, adın seçilməsi də daxil olmaqla, hər bir aspektindən məsulam və bu şəkildə də saxlamaq niyyətindəyəm. Hər bir parçanın hazırlanmasının özünəməxsus sehri var – heç bir forması olmayan gümüşün mənim nəzərdə tutduğum dizaynlara çevrildiyini görmək insanı xoşbəxt edən bir təcrübədir. Hazırladığım hər bir şeyin mənim əsas dəyərlərimə uyğun olduğunu və onları təcəssüm etdirdiyini hiss etmək böyük zövqdür. Özümü bu işə bu qədər həsr etməsəydim, “G.U.Z.G.U.M” mövcud olmazdı.

Zinət əşyaları hazırlayarkən kimlərin fikrinə önəm verirsiniz?
Nə xoş ki, çox az tənqid eşidirəm. Ailəm və dostlarım mənə son dərəcə dəstək olurlar və mən də hazırlanmış əsərləri ilk olaraq onlara təqdim etməklə hədsiz sevinc hissi keçirirəm. “G.U.Z.G.U.M” kolleksiyasına əlavə edilən hər yeni parça üçün onlar da ən az mənim qədər həyəcanlanırlar və onların mənə olan dəstəyini daim hiss edirəm. Buradan onlara dərin minnətdarlığımı bildirirəm.

Kolleksiyanızın “olmazsa olmaz”ı hansı parçalardır?
Bilərziklərimiz deyərdim, ən vacib parçalar ola bilər.

Gününüz necə başlayır?
Mən iki uşaq anasıyam, hər ikisi məktəbə gedir və düşünürəm ki, qadınların əksəriyyəti günümün necə başladığını yaxşı bilir. Ən vacib məsələ övladlardır. Yalnız onların məsələlərini həll etdikdən sonra diqqətimi öz işlərimə yönəldə bilərəm. Düzünü desəm, başqa cür mümkün də deyil!


Rəqəmsal sektorda işinizi necə genişləndirirsiniz?
Demək olar ki, heç cür! “G.U.Z.G.U.M” “İnstaqram” hesabında gördüyünüz hər şey tamamilə mənim hekayələrim və zövqümdən ibarətdir. Atam rəssam olduğu üçün rəngləri, formanı və xüsusilə də işığı yaxşı hiss edə bilirəm. Çox vaxt videoları özüm çəkib, özüm də montaj edirəm, hər addımı nəzarətdə saxlayıram. Bəzən peşəkar fotoqraflar və modellərlə əməkdaşlıq etsəm də, prosesin mənim perspektivlərimə uyğun olmasına xüsusi əhəmiyyət verirəm. Rəqəmsal işlərimiz isə adətən ödənişli reklamlardan ibarət olur. “G.U.Z.G.U.M” məhsulları demək olar ki, əl işidir və onların sosial şəbəkələrdəki görüntüləri onların mahiyyətini dəqiq şəkildə əks etdirməlidir deyə düşünürəm.

Yeni zinət əşyalarını hansı aralıqlarla buraxırsınız?
Bu, prosesin önəmli hissəsidir. Mən daim yeni formaları araşdırıram. Təbii ki, mən daş-qaş bazarını izləyirəm, bunu etməyimdə əsas məqsəd özünəməxsus kimliyi qorumaq və təkrarçılıqdan qaçmaqdır. Bununla belə, ilham hər şeydən vacibdir. Bu, yeni bir şeyin yaranması üçün lazım olan enerjidir. Deyərdim ki, ildə 2-3 dəfə olur.

Rəqibiniz olaraq kimi görürsünüz?
Tərz baxımından “G.U.Z.G.U.M”ə bənzər məhsullara rast gəlməmişəm, lakin onları kəşf etməkdən məmnun olaram. Rəqabət əlavə motivasiya səbəbidir və inkişafa yol açır.

“G.U.Z.G.U.M” kimliyi necə görünür?
“G.U.Z.G.U.M” kimliyi – özünəməxsus tərzə malik, güclü və özünə inamlı.

Yaradıcılığınız üçün yeni ilham mənbəyinə ehtiyac duyduğunuzu hiss edəndə nələrə müraciət edirsiniz?
Mənim üçün gözləmək də normal yaradıcılıq prosesinin bir hissəsidir. Kütləvi istehsal mənə xas olan bir şey deyil.

Fərdi sifarişlər götürürsünüz?
Xeyr, çünki fərdi sifarişlər “G.U.Z.G.U.M” brendi ilə uyğun gəlmir.

Brendinizin gələcək inkişafı üçün hansı planlarınız var?
Kiçik bir butik açmaq planım var. Hazırda bütün diqqətimi “G.U.Z.G.U.M” brendini Azərbaycanın tanınmış, minimalist gümüş aksesuarlar hazırlayan bir brend kimi formalaşdırmağa yönəltmişəm. Eyni zamanda, qlobal bazara çıxmağı da hədəfləyirik. İnanıram ki, “G.U.Z.G.U.M” buna nail olmaq üçün lazım olan potensiala sahibdir!