NARGIS MAGAZINE
MÜSAHİBƏLƏR

20 İL SONRA...

Kişi və qadın — əbədi başlanğıc. Qadın — türk kinosunun aktrisası Meral Konrat — zaman ona təsir edə bilmir. Kişi — hamı tərəfindən sevilən aktyor Fəxrəddin Manafov — Azərbaycanın xalq artisti. Amma 20 il sonra, onlar keçmiş günləri yada salmaq üçün ekranın bu tərəfindəki qəhvə süfrəsi arxasında görüşərkən də, yenə hamı üçün Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında Rasim Ocaqovun çəkdiyi “Təhminə” filminin qəhrəmanları — Təhminə və Zaurdur. Rahat kafedə biz onların sakit, az qala pıçıltıyla danışdıqlarını eşitdik. Onlar sanki çəkiliş meydançasında yaşananlar haqda qabaqlar heç vaxt səslənməyən poetik xatirələrini və hələ də aktual olan bu romanı özlərinin fərdi olaraq nə cür qavradıqları haqda danışırdılar.

Fəxrəddin: Meral, necə düşünürsən, Təhminə niyə Zaurun uğrunda mübarizə aparmadı? Axı o, Zauru çox sevirdi.

Meral: Sən ki bilirsən, o vaxtlar hər şey həddən artıq qəliz idi. Misal üçün, Zaurun anasının hədələrini, təhqirlərini yadına sal: o, həmişə qorxudurdu ki, Təhminədən DTK-ya şikayət edəcək. Ola bilsin, Təhminənin özünü bu dayandırmazdı da. Amma o, gözləyirdi ki, Zaur, bütün qorxu və hədələrə rəğmən, əminliklə onu müdafiə edəcək və Təhminə, Zaurun arxasında özünü divar arxasında duran kimi hiss edəcək. Amma Zaur bunu bacara bilmədi və Təhminə ümidini itirdi. Ona görə də, daha mənalı sual belə olar: Zaur niyə onu tərk etdi?

F.: Düşünürəm ki, heç bir zaman və heç bir sistem insanın içindən onun sevmək və sevgi uğrunda mübarizə aparmaq istəyini çıxara bilməz. Çox təəssüf ki, Zaur həm ailə buxovlarına, həm də “namusu səcdəgaha çevirmiş” ictimai rəyə qalib gələ bilən qorxusuz və tənəsiz qəhrəman olmadı. Çoxları kimi, o da insanların mühakimələrinə qarşı çıxa bilmədi və bu da qorxuludur. Fəxrəddin Manafov isə bacarardı, çünki mən dəli dərəcəsinə qədər sevə bilirəm və öz sevgim üçün hər şeyi, hətta həyatımı belə qurban verməyə hazıram. Amma Zaur — sadəcə personajdır, romandan bir çıxarış...

M.: Amma bu «çıxarış» dediyinə hər yerdə rast gəlmək olur axı...

F.: Məhz elə buna görə də, bu film heyrətamiz dərəcədə böyük uğur qazandı, çünki o, həm sevgini, həm də eyhamlı bir nağılı göstərməklə bizim gerçəkliyimizin, istəklərimizin əksi oldu...

M.: Sən Zaurun zəifliyi mövzusuna toxunursan, mən isə Təhminənin köməksizliyi haqda demək istəyirəm. Axı o, sonsuz idi və ola bilsin, onun, öz sevgisi uğrunda mübarizə aparmaqdan imtina etməsinin ən tutarlı səbəbi elə budur. Təhminə hər şeydən adlayıb keçərdi, amma Zaurun xoşbəxtliyindən yox. O, anlayırdı ki, qadın kimi ona bütün dünyanı verə bilər, amma uşaq dünyaya gətirə bilməyəcək...

_MG_6041

F.: Bəs niyə məhz Zaur?

M.: Sevgi belə şeydir, sevgi kor olur. Əlbəttə, Təhminə inanmaq istəyirdi ki, özü onu sevdiyi kimi, Zaur da onu çox sevir, amma bu, özünü aldatmaq idi. Zaurun xətrinə Təhminə hər şeyini qurban verdi: nikahını, karyerasını, adını, öz sevgisi naminə bütün təhqirləri üzərinə götürdü. Sevgi nə qürur tanıyır, nə alçalmaq, nə maddi nemət, nə status, o təkcə özü özünü tanıyır... İnsanın gözlərinə vurulmaq olar, sözarası dediyi ifadəyə, əllərinə... Hərdən sevgi obyekti qətiyyən vacib deyil, Təhminədə məhz belə idi. Təbii ki, qarşı tərəfdən də bu cür cavab gözləyirdi. Bəs Zaur kim idi? Yalnız qısqanc, ailə və cəmiyyətdən asılı bir gənc. Amma, hətta bütün bunlara baxmayaraq, Təhminə onu bütün varlığı ilə sevirdi. Doğrudur, hansısa bir məqamda ondan üz döndərməyə cəhd etmişdi, yalnız ona görə ki, şərait buna vadar edirdi. Onu buraxmaqla da, öz həyatını qurban vermişdi.

F.: Qəribədir ki, bir çoxları niyəsə Zauru bədbəxt bir Romeo kimi qəbul etmişdi, amma bu, axı qətiyyən belə deyil. O — “papanın balası”dır, o özünü yaxşı aparanda, ona, kobud desək, maşın hədiyyə edirdilər.

M.: Elədir, amma inan mənə ki, qadın həqiqi sevgi ilə aşiq olanda, kişinin kim olması qətiyyən onu narahat eləmir... Təkcə bir sual qalır: belə bir «papa balası», özünə çox arxayın olan belə bir qadının diqqətini necə cəlb edə bilib və necə onu özünə tabe etməyi bacarıb?

F.: Təhminə Zaura tabe olub, Zaur isə — öz ətrafındakılara. O — yaxşı ailədən çıxmış adi bakılı oğlandır, o, çox asanlıqla hər hansı qəşəng bir qızla aşnalaşa bilərdi. Bu çox yayılmış bir tipajdır. Valideynləri kimi, Zauru da məşğul edən yalnız onun xüsusiyyətçilik hissi olub. Xüsusiyyətçilik isə məhv edir. Amma insan ruhunun dəyərliliyi hər şeydən üstündür və əgər bir neçə onillik qabaq, adi bakılı oğlan olan Zaurun Təhminə kimi bir qadın uğrunda mübarizə aparmağa cürəti çatmayıbsa, indi onu fenomen kimi müzakirə etməyə dəyməz. Amma Anarın romanının özü, bir növ, belə bir əsərə olan oxucu tələbatına cavab idi və ona görə də belə bir gerçəkliyə çevrildi.

M.: İş ondadır ki, hətta Zaurun onun yanında qalmağa cürəti çatsaydı da, onlardan onsuz da ailə alınmayacaqdı.

Zaurun valideynləri buna yol verməzdilər və onların həyatı dəhşətə çevrilərdi. Amma, hətta bütün bunlara baxmayaraq, mən qəti əminəm ki, Təhminəyə ən gözəl və təmiz sevgi yaşamaq nəsib oldu. Doğrudur, bu sevgi ona həyatı bahasına başa gəldi, amma bu həyatda o, çoxlarına nəsib olmayanı daddı.

_MG_5289 copy with filtr

F.: Bununla razılaşmamaq mümkün deyil. Düşünürəm, onların ailə həyatlarında davadan başqa heç nə olmayacaqdı. Təsəvvür eləmək belə qorxuludur ki, əgər Zaur heç nəyə əhəmiyyət verməyib Təhminə ilə evlənsəydi, sonra onun qısqanclığı hansı dərəcəyə çata bilərdi. Axı o, bütün həyatını şübhələr içində yaşayıb ki, Təhminə ona xəyanət edir.

M.: Zaurun qısqanclığı və etibar etməməsi də — xüsusiyyətçilik hissinin bir növüdür.

F.: Şübhəsiz! Təhminə hər nə etsəydi belə, yenə də onun etibarını qazana bilməzdi. Meral, izn versəydin, sənin haqqında bir hekayət danışardım.

M.: Hə, əlbəttə.

F.: 20 il qabaq sənin həyatında böyük bir sevgi olmuşdu, bu haqda qohumlarınız və dostlarınız bilirdilər. Azərbaycanda isə sizin sirriniz mənə, tərcüməçi Fatiməyə və mərhum rejissor Rasim Ocaqova bəlli idi. Sən dəli kimi aşiq olmuşdun, bütün boş vaxtını və pulunu telefon danışıqlarına xərcləyirdin. Heç vaxt yadımdan çıxmaz, necə Peterburqdakı çəkilişlərimiz vaxtı sən bəyaz gecələr səbəbindən yuxusuz qaldığına görə şikayət edirdin. Biz də vaxtı qısaltmaq üçün səninlə kazinoya gedirdik, səhərə qədər oynayırdıq, səhər isə yenidən çəkiliş meydançasına gedirdik. Niyə bu mövzuya toxundum? İş ondadır ki, mənə tez-tez eyni sualı verirdilər: biz səninlə kadr arxasında yaxın idikmi, bizim aramızda roman var idimi? Bizim aramızda heç bir roman yox idi. Amma heç kim buna inanmırdı, deyirdilər: siz bir-birinizə elə aşiq gözlərlə baxırsız ki, məgər belə oynamaq mümkündür? 20 il sonra mən bu sirri açıram: məsələ ondadır ki, sən başqa birinə dəlicəsinə aşiq idin və bu, mənim qüruruma toxunurdu! Bu necə ola bilər, niyə o mənə zərrə qədər də əhəmiyyət vermir, mənə elə səthi, hərdən də elə qərəzli yanaşır ki — məni bu dəli edirdi! Yadımdadır, bir dəfə sən saqqız istədin, mən də dəridən-qabıqdan çıxdım ki, defisit bir firma saqqızı tapım. Əlimdə qənimət, özümdən razı-razı qrim otağına girirəm, sən isə əlimi itələdin – artıq istəmirəm. Mən qəzəbləndim, saqqızı pəncərədən atdım, sən döndün, lovğa-lovğa mənə baxıb gülümsədin. Amma mən elə çox istəyirdim ki, sən mənə vurulasan. Mən çox qəzəbli idim və incimişdim. Amma əvəzində sənin aşiq halın öz roluna çox gözəl şəkildə uyğun idi...

M.: Doğrudan da, ssenari ilə tanış olandan sonra, öz qəhrəmanımla o qədər eyniləşmişdim, onu o qədər özümdən keçirmişdim ki, bir məqamda özümün elə Təhminə olduğuma inanmışdım! Aktyor məharətinin əsas tərkib hissəsi də elə budur, məhz elə buna görə olur ki, rolu hiss etmədiyim halda, çox vaxt mən ondan imtina edirəm. Anarın romanını belə gözəl şəkildə kino lentinə köçürdüyünə görə, mən həmişə Rasim Ocaqova minnətdar olacam. Bu film bu gün də sevilir, o, Azərbaycan kinematoqrafiyasının klassikasına çevrilib.

F.: Rasim Ocaqov hissləri heyrətamiz şəkildə duya və ötürə bilirdi. O, fotoqraf kimi başlamışdı, sonra görkəmli operator oldu. Elə məqamlar olurdu ki, o, nəyin və necə çəkiləcəyinin konkret rəsmini çəkirdi. Hətta Təhminənin, Zaurun üzləri üçün rakursları kağızda çəkirdi.

_MG_5914

M.: Əvvəl-əvvəl Zauru başqa aktyor oynayırdı, filmin yarısı onunla çəkilmişdi. Sən inanmazsan, amma mən çox narahat idim, çünki bu adam məndə heç bir hiss oyatmırdı. Biz bir-birimizi hiss eləmirdik. İstirahət günlərində İstanbula qayıtdım, birdən rejissor zəng elədi və dedi ki, biz hər şeyi yenidən çəkəcəyik, Zauru da Fəxrəddin Manafov oynayacaq. Mən sevinirdim, çünki artıq sənin yaradıcılığınla tanış idim. İndi də çox şadam ki, Zaur rolunu məhz sən oynamısan.

F.: Təşəkkür edirəm, mən də buna çox şadam. Bilirsən, birdən ağlıma bir sual gəldi, niyə biz, birini sevdiyimiz halda, başqası ilə evlənirik və ya başqasına ərə gedirik?

M.: Bu suala cavab vermək mənə çətindir...

_MG_5905

F.: Mənə isə cavab bəllidir. Qoy məni ədəbsiz saymasınlar, amma düşünürəm, hamısı ona görədir ki, biz hamımız azadlığı sevirik. Zaura gələndə: öz gənc arvadı ilə hətta səyahətdə olanda da, o hey Təhminə haqda düşünürdü. Çünki Təhminə ona elə azadlıq bəxş eləmişdi ki — münasibətdə, söhbətdə, yataqda, — beləsini heç arzulaya da bilməzdi. Ona görə də, partnyoruna azadlıq verməklə, sən elə edirsən ki, o, səni heç vaxt unutmayacaq...

M.: Çox yəqin ki, sən haqlısan. Mənə hətta indi də Təhminəyə görə ağırdır, axı onun Zaura münasibəti tamamilə fərqli idi.

F.: Bilirsənmi, Meral, bu mənə də ağırdır. Amma buna başqa tərəfdən bax. Gənc oğlan ərli qadınla görüşür, o qadının durmadan qeybətini eləyirlər, hələ mentalitetin özəlliyini də bunun üstünə gəl. Əgər Zaur Təhminəni həqiqətən sevsəydi, hər şeyə göz yumardı, onun keçmişi Zauru maraqlandırmazdı. O isə, sadəcə olaraq, Təhminəni sevmirdi. O onun bədənini sevirdi, yanında olmasını, nəhayət yatağını sevirdi, bundan artıq yox. Məhz elə buna görə də o, asanca ondan imtina elədi. Mərhum Rafiq Babayev bu filmə çox gözəl bir mahnı yazdı – “Əlvida”, orada belə sözlər var: «Görüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan». Bu çox sirayətedici sözlərdir və onlarda — Zaurun paradiqması, onun leytmotivi, onun daxili var. Təhminəni əldə eləmək ona nə qədər çətin idi, ondan ayrılmaqsa, nə qədər asan və sadə oldu. Zaur — Romeo deyil, Məcnun deyil. Evləndi və sonra da gözəl həyatına davam elədi...

M.: Bu ifadəni unutmamısan: «Pişiyin ağzı ətə çatmayanda, deyər, iylənir». Təsəvvür edin: gənc, gözəl, uğur qazanan, öz dövrünə görə yetərincə qabaqcıl bir qadın, televiziyada işləyir və hamı üçün əlçatmaz olur, qeybət mövzusuna çevrilir. Amma sevdiyi bircə Zaur idi və bu sevgi ilə də öldü. Bu problem bu gün də var: uğur qazanan, heç kəsdən asılı olmayan, üstəlik hələ məşhur olan qadınları sadəcə sevmirlər və çox vaxt onların haqqında nağıllar danışırlar. Amma, yenə də, Təhminə səhv etmişdi — Zaurla görüşərkən, o, hələ ərdə idi və bu da həmin vaxt onun əleyhinə olan bir fakt oldu.

_MG_5733

F.: Yeri gəlmişkən, onun başqa adamlarla romanının olub-olmaması sualı da eləcə cavabsız qaldı...

M.: Yox, onun başqa romanları olmayıb, sadəcə o, kişilərlə dostluq eləməyi bacarırdı. Spartak da, Muxtar da əslində onun dostları idi. Bəlkə, onlar ona vurulmuşdular, amma o, onlara aşiq olmamışdı. Təhminə, özünə çox arxayın olan bir qadın kimi, istəyirdi ki, Zaur da belə möhkəm olsun.

F.: Zaur — bu gün də bizimlə olan bir tipajdır. Ətrafımızda belə zaurlar var, onlar azadlığın dadını bilmirlər və bilmək də istəmirlər. Bu onların ən böyük bədbəxtliyidir. Mən də Fəxrəddin olaraq, şəxsən Zaura üzümü tutub deyirəm: «Mən bilirəm azadlıq nədir! Azadlıq — ən yüksək xoşbəxtlikdir! Kimsənsə – o olmağı özünə rəva bilməkdən yaxşı heç nə ola bilməz». Təhminə isə, bir şəxsiyyət kimi, müqayisəyəgəlməz dərəcədə daha güclü idi. Təsadüfi deyil ki, filmə onun adı verilib. Rasim Ocaqov – nəinki dərin bir rejissor, həm də dərin duyğulu oxucu — bunu düşünüklü edib. Onun üçün bu hekayətdə yalnız bir baş qəhrəman var idi – Təhminə!

_MG_5147