Elçin Əfəndiyev. Bu adı kim tanımır? Azərbaycanın həqiqi mənada xalq yazıçısının hekayələrini, povestlərini, romanlarını oxumayan birini tapmaq, yəqin ki, mümkün deyil: «Baladadaşın ilk məhəbbəti», «Stalinin ölümü», «Bir görüşün tarixçəsi», «Mahmud və Məryəm», «Ölüm hökmü» və sair. Onun əsərləri əsasında çəkilmiş hər bir filmə tamaşaçılar həmişə böyük maraq göstərib – «Mən hələ qayıdacağam», «Bağ mövsümü», «Gümüşü furqon» və digərləri. Təkrarolunmaz tərz, həyatın fəlsəfi anlayışı, istedad – hər bir əsərin əsas komponentləridir.
Yazıçı "Mahmud və Məryəm" romanının ekranlaşdırılmasını kitabı yazdıqdan 30 il sonra qərara aldı. Bu və bir çox şey barədə Elçin kiçik qızı Aysu ilə söhbətində bildirdi.
"Mahmud və Məryəm" romanının ideyası necə yarandı?
70-ci illərin sonlarında – 80-ci illərin əvvəllərində, sən hələ dünyaya gəlməmişdən əvvəl (gülür), mənim azərbaycan dastanı əsasında bir roman yazmaq fikrim yarandı. Çox düşüncələrdən sonra qeydlər aparıldı, obrazlar, qəhrəmanların xarakterləri yarandı, konfliktlər aydınlaşdı, lakin... Adətən, mən çox tez yazıram, amma bu dəfə mən roman üzərində işləməyə heç cürə başlaya bilmirdim. Hər şey mənə mane olurdu: telefon zəngləri, avtomobil səsləri, böyük şəhərin təlaşı. Bütün bunlar şüuraltı düşüncələrimi ifadə etməyə imkan vermirdi... 1982-ci il idi, Yazıçılar İttifaqında katib vəzifəsində çalışdığım dövr. Məzuniyyətə çıxmaq qərarına gəldim, sənin böyük bacıların və ananla birlikdə İsmayıllı rayonunun Talistan kəndinə getdik. Bir neçə il bundan əvvəl, 70-ci illərin ortalarında mən bu kənddən keçmişdim və onu həmişəlik yaddaşıma həkk etmişdim. Bir ay boyunca traktorçu Əlləzinin evində yaşadım. Yeri gəlmişkən, onunla sonradan dost olduq. Beləliklə, orada bəlkə də heç bir yazıçının olmadığı bir kabinetim vardı: həyətdə bir alma ağacı ucalırdı və onun yuxarısı böyük çətiri xatırladırdı. Bu ağacın altında, əldəqayırma stulda, əldəqayırma masa arxasında mən "Mahmud və Məryəm" romanını yazmağa başladım. Təbiətin gözəlliyi, təmiz hava, səssizlik, əlvan çiçəklərin, otların, ağacların ətri – bütün bunlar o qədər işləməyə həvəsləndirdi ki, iki il ərzində Bakıda yaza bilmədiyim romanı 18 gündə bitirdim.
Romanı ekranlaşdırmaq kimin fikri idi? Nəyə görə bu uzun illərdən sonra baş verdi?
Romanı ekranlaşdırmaqla bağlı bir çoxları mənə müraciət edirdi. Kitab dəfələrlə Moskvada rus dilində, İstanbulda və Ankarada – türk dilində, Berlində - alman dilində, eləcə də dünyanın bir çox şəhərlərində dərc olunub. Ancaq romanın motivləri əsasında "Mahmud və Məryəm" filmini çəkmək təklifi gəldiyində, mən razılaşmırdım.
Səbəb nə idi?
Çünki bu romanı ekranda təsəvvür edə bilmirdim. Mənə elə gəlirdi ki, bu yazdığımdan tamamilə fərqli bir şey olacaq. Ancaq bir neçə il bundan əvvəl 24Kare Film şirkəti bu romanın filmini çəkmək təklifi ilə mənə müraciət etdi. Şirkətin rəhbəri Sevda Kayqısız, çox hörmət etdiyim tanınmış aktrisa və rejissor, yeri gəlmişkən, bu filmdə Qəmərbanu rolunu çox gözəl ifa edən Məlahət Abbasova filmin çox maraqlı ola biləcəyinə məni inandırdı. Bunun ilk Türk-Azərbaycan filmi olacağı da yəqin ki, mənim qərarıma təsir etdi. Bir sözlə, razılıq verdim. Bu film ilk birgə əməkdaşlıq istehsalıdır. Mən həmçinin filmin bədii rəhbəri idim.
Filmdə türk və azərbaycan aktyorları iştirak edib. Aktyorların seçimi ilə kim məşğul olurdu?
Bu proseslə rejissor və prodüser məşğul idi, amma hər şey mənimlə razılaşdırılırdı, nümunələr, fotosessiyalar və s. mənə göstərilirdi. Son söz yəqin ki, mənə aid idi.
Çəkiliş prosesində iştirak edirdin?
Təəssüf ki, məhz çəkilişlərdə iştirak edə bilmədim. Vaxtım yox idi, amma baş verənlərdən həmişə xəbərdar idim. Filmin çəkilişləri Azərbaycan və Türkiyənin bir çox regionlarında keçirdi. Ancaq filmin fraqmentlərini izlədikdən sonra sakitləşdim, hər şeyin yaxşı olacağına ümidim yarandı.
Romanın mahiyyətini filmdə əks etdirmək nə qədər alındı?
Ədəbi əsər ekranlaşdırıldığı zaman əlbəttə ki, itkisiz ötüşmək olmur. Əsər yazıçı tərəfindən yaradılır, bu, onun körpəsidir. Film isə kollektiv yaradıcılıqdır. Film üzərində həm rejissor, həm operator, həm rəssamlar, həm bəstəkar, həm aktyorlar çalışır. Hansısa ədəbi əsər əsasında yaranan film – artıq fərqli, müstəqil, orijinal mənbədən uzaqdır. Buna görə də bir filmi romanla müqayisə etməyə dəyməz.
Filmin yaradıcıları romanın əsas fikirlərini həyata keçirməyi bacardılarmı?
Mənim fikrimcə, bu yaxşı filmdir. Təkrar edirəm, bu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığı nəticəsində Türk və Azərbaycan kinematoqrafçılarının ilk birgə yaradıcılıq işidir. Bu, gələcək işlərimiz, daha sonra ortaq filmlərimiz üçün çox yaxşı bir başlanğıcdır.
Rejissor çox dəyişiklik edib?
Çox dəyişiklik olunmayıb. Lakin romanda ekranda görmək istədiyim epizodlar var, amma onlar, təəsüf ki, çəkilməyib. Vaxt çərçivəsinə uyğunlaşmaq çətindir: film bir saat yarım davam edir. İndi serial üzərində işləyirik, çünki əlimizdə çəkilmiş çox material var.
Və sonuncu sual. Həyatda sənə verilmiş ən yaxşı məsləhət?
Bu sənin məsləhətindir: bu film haqqında məndən müsahibə almaq. Tövsiyən üçün sənə təşəkkür edirəm, mənim isə, əlbəttə, sənin xahişinə yox deməyə cəsarətim çatmazdı (gülür).
*Material dördüncü buraxılışda dərc olunmuşdur.