NARGIS
NARGIS MAGAZINE
Redaktorla Müsahibə

AİDƏ MAHMUDOVA

Bakıda və Londonda yaşayır və çalışır. Düşüncə azadlığını yaradıcı uçuşunun əsas tərkib hissəsi hesab edir. Bəlkə elə buna görə özünə gecələr yeməyə qadağa qoymayıb, yeməklərdən isə spagetti və balığa üstünlük verir. Sevimli gülü – yasəmən. Sevimli kitabı – Qabriel Qarsiya Markesin “100 il tənhalıq” əsəri. Sevimli filmləri – “Döyüşçülər klubu” və “Qurulan portağal”.

Bu gün Bakının mərkəzinin hər döngəsində sakinlər afişalarda imperativ formada gözlənilməz çağırışla rastlaşır: YARAT! Bu çağırış şəhərin durğunlaşmış atmosferinə əvvəllər bəlli olmayan quruculuq, axtarış və yaradıcılıq avantürası gətirdi. Son il ərzində “YARAT!” qeyri-kommersiya təşkilatı tərəfindən çox sayda sərgi keçirilib və onların hər biri öz-özlüyündə unikaldır. Belə ki, “Ön söz” layihəsi çərçivəsində təşkilatın konsepsiyası təqdim edilmişdi. “Public art” sərgisi tam başqa idi: onun məqsədi incəsənətə böyük marağı olmayan geniş kütlələri bu sahəyə cəlb etmək idi. “Public art” aktual incəsənəti şəhər sahəsinin, şəhər sakinlərinin gündəlik həyatının bir hissəsi etdi. “Biz bunu bütün tədbirlərə fəal iştirak edən çox sayda insanların cəlb edilməsinə görə bacardıq”, - təşkilatın rəhbəri Aidə Mahmudova deyir. Bir meydançada bizim gənc istedadların yaradıcılığını beynəlxalq səviyyəli rəssamlarla birləşdirən ilk sərgi müasir incəsənət muzeyində məzmunlu “Birləşən körpülər” adı ilə keçdi. Körpülər incəsənət aləmində çəkiyə malik adlara tərəf salınmışdı. Müasir dünyanın multikulturalizmini ifadə etmək səyi “Communist” sərgisinin əsasını təşkil etdi. Həqiqətən də, son 20-30 il ərzində millətlər və dinlər arasında sərhədlər gözə çarpacaq dərəcədə incəlib, diqqətli rəssam bunu müşahidə və qeyd edir. Bu yaxınlarda “YARAT!”ın ildönümü münasibətiylə Heydər Əliyev Fondunun dəstəyi ilə aparıcı hərrac evlərindən biri olan “Christie’s” ilə birlikdə təşkil olunan böyük tədbir baş tutdu. “Christie’s” ilə daimi əsaslarla nəzərdə tutulan əməkdaşlığın müəyyən tematikası və ritmi təyin olunmuşdu. “YARAT!” inkişaf edir, imkanlarını genişləndirir, beynəlxalq miqyas alır. Aidə Mahmudova təşkilatın vəzifələri, problemləri və inkişaf perspektivləri haqqında və çox şəxsi işləri haqqında bizimlə bölüşdü...

6131_src

“Problem” sözünü necə qəbul edirsiniz, istər bu problem sosial olsun və ya şəxsi xarakter daşısın?

Problem yoxdursa, irəliləməyə stimul da yoxdur. Problem hər zaman çox olur, qurtulması çətin olan xırdalıqlardan tutmuş təşkilati və şəxsi problemlərə qədər. Problemi həll edərək səni irəli aparan emosional impulsu yaradırsan. Hesab edirəm ki, problem – yaxşıdır; lakin onlar çox olanda işi ləngidə bilərlər. Xüsusən də bu, maliyyə, sponsor problemləridirsə...

Kənardan belə görünə bilər ki, Heydər Əliyev Fondunun yardım etdiyi gənc təşkilatın heç bir problemi yoxdur. Sualı qəsdən verirəm ki, bu layihənin çətinliyini vurğulayım. İnsanlar çox zaman məsələnin məğzini bilmədən səthi fikir yürüdürlər...

Ola bilsin ki, hamısı yox, amma müəyyən kateqoriya – bəli. Biz əvvəl özümüz işləyirdik, çünki Heydər Əliyev Fondu və “Christie’s” kimi təşkilatlarla əməkdaşlıqdan öncə müəyyən təcrübə və nüfuz toplamaq istəyirdik. Ötən il biz bunun üçün çalışdıq. Əməkdaşlığa isə artıq bunun öhdəsindən gələcəyimizə əmin olduqdan sonra qərar verdik.

Təşkilatın yaradılmasında ən çətin nə idi?

Ən çətini – başlanğıcdır. Təqribən üç il əvvəl təşkilatı yaratmaq ideyası meydana gəldi, ancaq yeni işə başlayanda həmişə qorxu mane olur. Lakin başlamaq kifayətdir ki, hər şey sanki öz-özünə yaranır. “Birləşən körpülər” sərgisini təşkil edərkən kağız-kuğuz sarıdan ciddi əziyyətlərə qatlaşdıq, çünki Londonda işlədiyimiz qalereyada dəhşətli bürokratiya var idi.

Yazıda bir hərf səhvi buraxdınsa, hər şeyi təzədən başlamaq lazımdır. Nəzərə almaq lazımdır ki, xaricdə insanlar xırdalığa qədər çox dəqiqdirlər, sanki robotdurlar. İlk sərgini özümüz təşkil etdiyimizə görə təşkilatın ildönümünü də özümüz etmək istəyirdik. Bizim çox sayda planlarımız var. Gənc rəssamlara yardım etmək, onlar üçün emalatxanalar təşkil etmək, sərgilər keçirmək, master-klaslar üçün mütəxəssislər dəvət etmək istərdik. Bu, ciddi maliyyə dəstəyi tələb edən böyük həcmli işdir. Prinsipcə, mən şikayət etmirəm, çünki bizə yardım göstərirlər. Mən buna çox şadam, belə ki, sponsorlar və tədbirlərimizdə iştirak edən insanlardan belə pozitiv yanaşma gözləmirdim.

6132_src

Siz xaricdə sərgilər təşkil edirsiniz, müasir Azərbaycan incəsənətini təbliğ edirsiniz. Və Sizdən yəqin ki, tez-tez nitq söyləməyi rica edirlər. Kütlə qarşısında çıxışlarınız necə alınır?

Oy, mən çıxış etməyi hədsiz dərəcədə xoşlamıram. Bu mənim üçün ən böyük problemlərdən biridir, çünki publika qarşısında dəhşətli qorxunun öhdəsindən gələ bilmirəm. Çıxış ərəfəsində gecə yatmıram, həyəcan keçirirəm. İnsanlarla bilavasitə ünsiyyət qurmaq mənə asandır. Amma mikrofona yaxınlaşaraq çox sayda insan siması gördükdə dərhal nədən söz açacağımı unuduram.

Bəs bu nə ilə bağlıdır?

Bilmirəm, mən həmişə belə olmuşam. Çıxış ərəfəsində mən az qala huşumu itirmək həddinə çatıram. Hətta universitetlərdə təqdimatın öhdəsindən son qüvvəmi səfərbər edərək gəlmişəm. Bir imtahanı xatırlayıram, təqdimat etmək lazım idi, əks halda semestr uğursuz tamamlanacaq idi. Mən kitabxananı tərk etmirdim, bildirirdim ki, heç yana getməyəcəm. Nəhayət özümü bayıra çıxmağa məcbur edəndə artıq hamı başlamışdı. Gecikdim, ancaq gəldim. Hər şey normal keçdi, amma bu nəyin bahasına hasil oldu...

Yaradıcı insan olaraq Siz üzərinizə təşkilata rəhbərlik məsuliyyətini götürdünüz. Yəqin ki, bu asan deyil?

Bəli, çox. Rəhbərlik etmək çətindir, amma xoşdur. Mən bunu məmnuniyyətlə edirəm. Eyni zamanda öz üzərində işləmək istəyirsən, amma bunları birləşdirmək çətindir. Demək olar ki, vaxt qalmır, şəxsi həyat haqqında isə heç danışmıram. Bəzən bir neçə gün yaradıcılığa həsr etmək və ofisə gəlməmək istəyirsən. Xüsusən də həmişə həyata keçirilməsi pis olmayan bir-iki ideyaya malik olduğumu nəzərə alsaq, sadəcə bunun üçün zaman tapmaq lazımdır.

Hazırda nəyin üzərində işləyirsiniz?

Boyalardan daha hansı tərzdə və hansı variantda istifadə edilməsinin mümkünlüyünə dair ideyalarım var. Mən rəssamlığı və rənglərlə işləməyi çox sevirəm, ondan tam potensialı almaq istəyirəm. Məni boyaların digər materiallarla ahəngi, onlarla üçölçülü vəziyyətdə manipulyasiya üsulu maraqlandırır. Amma başlanğıc üçün eksperiment etmək lazımdır ki, istiqaməti müəyyənləşdirəsən.

6133_src

Rəhbər vəzifə bəzən yaradıcılığı boğur, amma bu, o hal deyil. Aidə Mahmudova o nadir insanlardandır ki, insanın, əşyanın və vəziyyətin daxili gözəlliyini görməyə qadirdir. Zaman ötdükcə cazibədarlığın eybəcər olduğu və ya əksinə olması üzə çıxması eyib etməz: “Məyusluq olmadan maraqlı deyil”, - rəssam hesab edir. Gözəlliyin batinin və zahirin məna ilə dolu harmoniya olduğunu hesab edən insana Allah özü yaratmağı taleyinə yazıb. Və bizim qəhrəmanımız gələcəyini “YARAT!”da rəssam qismində görür. O, bütün ömrünü səylə öz üzərində işləmiş və son günlərinə qədər aktuallığını qoruyan rəssam Luiza Burjua haqqında böyük simpatiya ilə söz açır.

“Ümumiyyətlə qadın rəssamlara simpatiyam var, - Aidə etiraf edir. – Qadın olduğum üçün yox. Hesab edirəm ki, kişilərdə çox şey daha yaxşı alınır... uşaq tərbiyəsindən savayı”.

Yəni ən yaxşı aşpazlar, dizaynerlər, arxitektorlar kişilərdi?

Ümumiyyətlə, hə. Məsələ yəqin ki, nə vaxtsa qadının “boğulmasında” deyil, amma əvvəllər qadınlar indiki kimi azad deyildilər. Kişilər isə həmişə hərəkətlərində azad olublar və bu, yəqin ki, artıq onların genlərindədir. Bəlkə bir müddətdən sonra qadınlarla kişilər bu mənada bərabərləşəcəklər. Zənnimcə, kişilər daha davamlıdırlar və az emosiyalıdırlar, bu isə az əhəmiyyət kəsb etmir. Əvəzində qadın müqayisəolunmaz dərəcədə evdə daha yaxşı rahatlıq yaradacaq və uşağı tərbiyə edəcək.

Bir qadın kimi necə düşünürsünüz, ümumiyyətlə, kişi ilə qadını bərabərləşdirmək lazımdırmı?

Mən bərabər mövqelərin tərəfdarıyam və qadınla kişiyə eyni nəzərlə baxıram. Onlar eyni hüquqa malikdirlər, sadəcə kişilərdə bəzi şeylər daha yaxşı alınır, bu səbəbdən də bunda onlara güzəşt etmək lazımdır...

6134_src

Kişi olmaq istərdiniz?

Bəli. Müəyyən mənada kişilərə daha asandır. Onlar məsələlərə daha düşüncəli yanaşırlar və onları qadın kimi ciddi mühakimə etmirlər.

Yaradıcılıq və cinslərin qarşılıqlı münasibətlərinə toxunduqdan sonra onların bir biri ilə qovuşduqlarında yaranan mövzuya da – uşaqlar mövzusuna da nəzər salmaya bilməzdik. Öz etirafına əsasən, qadın rəssam həyat mövqeyinə görə kişilərin bacarmadığına – dünyaya uşaq gətirməyə - borcludur: “Qadın ana olanda qadın olur”. Məhz qızının dünyaya gəlməsindən sonra Aidə Mahmudovanın əsərlərində dərinlik, öz daxili aləminə istiqamətlənmə meydana gəldi.

Özünü tanımağa səy təhtəlşüura xüsusi diqqətdə hiss olunur. “Abstraksiya və reallıq arasındakı həddi xoşlayıram, - o, etiraf edir, - bax, bu sərhəddə özünü tapmaq mümkündür”.

Uşağın erkən yaşlarından onda qabiliyyətin olduğunu müəyyən etmək olar. Necə düşünürsünüz, qızınız Sizin yolunuzu davam etdirəcək?

İstərdim ki, davam etdirsin. Ola bilsin rəssamlıqda deyil, incəsənətin başqa sahəsində. O, musiqini çox sevir, hərçənd mənim ümumiyyətlə nə musiqi duyumum, nə də səsim var. Ola bilsin nənəsindən miras qalıb. Onun ritmik hərəkətlərindən anlayıram ki, bunu inkişaf etdirmək lazımdır. Böyüyəndən sonra onu kinoya çəkmək istərdim, amma hələlik bu sadəcə fantaziyadır. O rəsm çəkməyi sevir və bunu asanlıqla öyrətmək olar.

Amma ən başlıcası rəssam kimi düşünmək bacarığı, ideyaları reallaşdırmaqdır. İstedad da elə budur.

Qızınızın tərbiyəsində hansı qaydaları rəhbər tutursunuz?

Ən əsası onun hərəkətlərini məhdudlaşdırmamaqdır. Məsələn, döşəmədə şəkil çəkməyə icazə vermək (hərçənd, döşəmə heyfdir). Uşaqda yaradıcı yanaşmanı boğmaq olmaz; əgər bu ziyan verməyən bir şeydirsə, qoy etsin. Kiçik olanda bir-iki dəfə olub ki, çimdikləyib ya vurub. Mən, əlbəttə ki, deyirdim olmaz, o da artıq belə etmir. O, balacadır, hələ hər şeyi anlamır, amma mən yenə də izah etməyə çalışıram ki, nəyə görə olmaz. Sadəcə “yox” demək düzgün deyil, qadağalarını izah etməlisən. Uşaqlara yalan demək də düzgün deyil. Uşaqlar bəzən hər şeyi böyüklər daha yaxşı anlayırlar.

Gərgin iş qrafikinə baxmayaraq, Aidə qızı ilə mümkün qədər çox vaxt keçirməyə çalışır, bütün işləyən analara isə qəti qayda tətbiqini tövsiyə edir – işdən sonra müəyyən saatları və ya hətta bütün istirahət gününü uşaqlara həsr etmək.

6135_src

6136_src

Hazırda onun asudə vaxtı yoxdur: “YARAT!” iyunda keçiriləcək Venesiya biennalesinə hazırlaşır. BU, təşkilatın belə səviyyədə ilk layihəsi olacaq. “YARAT!” Azərbaycanın müasir incəsənətinin onunla tanış olmayan tamaşaçılara təqdim olunması üçün strateji plan hazırlayır.

Biennaledə sərgilənən əşyalar xüsusi dəyər qazanır və təqribən 1,5 ildən sonra “Christie’s” hərrac evinin dəstəyi ilə hərracda satılacaq.

“İstərdim ki, rəssamlarımızın əsərləri satılsın və kolleksiyaçılar onları alsınlar. Biz buna mütləq nail olacağıq”.

İki ildən sonra isə “YARAT!” daimi kolleksiyası olan müasir incəsənət muzeyi kimi fəaliyyət göstərəcək. Hələliksə təhsil proqramının hazırlanması və işə salınması planlaşdırılır. “YARAT!” həmçinin sənətşünaslıq mövzusunda mühazirələr üçün Rusiyadan mühazirəçilər dəvət etməkdə davam edir. Bundan əlavə, “YARAT!” iş və əməkdaşlıq üçün hazır olan gənc istedadlar üçün açıqdır. Təşkilat mütəmadi olaraq “açıq qapılar günü” – istənilən rəssama öz işlərini sərgiləməyə imkan verən misli görünməyən sərgilər təşkil edir.

Rəssama güvənib-güvənməyəcəyinizi necə müəyyən edirsiniz?

Duyğu. Və başqalarının rəylərini dinləyirəm. Mən və daha bir neçə rəssam əsərləri birlikdə müzakirə edirik ki, obyektiv fikir yaransın. Gənc, lakin tənbəl olanlar var, onlarla işləmək alınmır. Çünki, təəssüflər olsun ki, onlar yeni heç nə yaratmırlar. Məcburi yaratmaq isə mümkün deyil.

Amma istedadlı, çalışmaq istəyənləri da var. Onlar bununla yaşayırlar. Onların əsərləri də yaxşıdır, getdikcə də yaxşılaşır. Bu rəssamların gözəl gələcəkləri var!

6137_src

Foto: Sitara İbrahimbəyli

Müsahibə birinci buraxılışda dərc olunmuşdur.