NARGIS
NARGIS MAGAZINE
Simalar

SƏNAN ƏLƏSGƏROV

Yalnız sevdiyim qadını seksual adlandıra bilərəm

Bir zamanlar maşinist, pilot, gitaraçı, operator, arxeoloq olmaq arzusunda idi, amma nəticədə həyatını özünə ən yaxın olan sənətlə – fotoqrafiya ilə bağladı. Uzun müddət rəqəmsalı ciddi qəbul etmirdi, indi isə rəqəmsal fotoaparatın son modeli ilə fəxr edir. Qeyri-sabit, lakin inanılmaz dərəcədə həssas olan və sevməyi bacaran Sənan Ələsgərov kamera vasitəsilə ağacları, evləri, yolları, gözləri və insan əllərini dərk etməyə çalışır. Onun üçün sevgi bütün hisslərdən daha üstündür. Bəlkə də buna görə hesab edir ki, sevgini nikahla məhdudlaşdırmaq olmaz.

Günün başlanğıcı. Səhər. Ayna

Səhərlərim həmişə eyni başlayır. Sübh vaxtı, saat altıda oyanıram və qızımla birlikdə məktəbə gedirəm. Onunla söhbət etmək mənə böyük zövq verir. Yol boyu Ayna həyatında baş verən hər şeyi mənə danışır. Mən heç nə soruşmuram. Bir şey soruşmağa çalışan kimi dərhal susur. Bir sözlə, hər şeyi edirəm ki, onun günü yaxşı başlasın.

İçərişəhər

Qadının dodaqlarının nə rəngdə olduğunun mənim üçün əhəmiyyəti yoxdur: qırmızı və ya bənövşəyi. Mənim üçün bu dodaqların nə dediyi daha önəmlidir. Onların nə danışdığı, nə düşündüyü maraqlandırır. İçərişəhərlə də eyni şey baş verir. Axı o da öz həyatını yaşayan canlı orqanizmdir. Bura gəlirsən və əgər içəri girə bilirsənsə, o zaman onun dünyasına daxil olursan və əgər bu səndə alınırsa, orada səni çoxlu bilinməyən və maraqlı şeylər gözləyir. O cümlədən İçərişəhərin memarlığında da.

Qərarsızlıq

Əgər harasa gedirəmsə, bir həftədən sonra mütləq Bakıya qayıtmalıyam, çünki başqa yerdə yaşaya bilmirəm. Hərçənd, düzünü desəm, şəhərdən bir az bezmişəm. Bəzən uzaqlaşmaq, amma geri qayıtmaq imkanımın olmasını istəyirəm. Hər il eyni şey təkrarlanır: Şəkiyə "Gələrsən, Görərsən" qalasına gedirəm və hər dəfə orada yaşamaq, ölmək və s. istədiyimi, deyirəm. Amma hər şey boşuna. Bir-iki həftə keçir, vəssəlam – yenə Bakıya can atıram. Qərarsızlığım bundan ibarətdir.

Tənqid

Öz işlərimi sevirəm. Onlar mənim övladlarımdır. Yaxşı alınır, yoxsa pis – buna izləyici və ya başqa biri qərar verəcək. Bəlkə hekayə, bəlkə həyatım, bəlkə də qızım. Məsələ bunda deyil. Mən sadəcə bunu etmək istəyirəm və edirəm. Məsələn, əgər hansısa bir tənqidçi kimisə təkrar etdiyimi və ya maraqsız işlər yaratdığımı deyirsə, bu onun şəxsi işidir. Nə olursa, olsun, bu işi görməyə davam edəcəm.

Tələbələrim

1996-cı ildən bəri fotoqrafiya dərsləri verirəm. Neçə tələbəm olub? Sayı hesabı yoxdur. Əvvəllər onları seçirdim, amma sonra başa düşdüm ki, bu tamamilə səhvdir, çünki seçim edərkən proqnozlarda və gözləntilərdə səhv etmək olar. Bəzən insan həyatda tamamilə maraqsız, hətta haradasa mədəniyyətsiz ola bilər, amma inanılmaz işlər görə bilər. Rəssamlar arasında bənzər nümunələri bilirəm: zəka sıfır səviyyəsindədir, amma inanılmaz rəsmlər çəkir. Bu ona Allah tərəfindən verilib…

İlk fotoqrafiya

Bu əsgərlikdə olub. Şəkil çəkməyi belə bilmirdim. Sadəcə düyməyə basırdım... Anam ailə arxivi üçün foto çəkim deyə mənə fotoaparat almışdı. İndiki kimi xatırlayıram – bu, FED-3 foto kamerası idi. Ancaq mən ona heç toxunmamışdım belə. Və bir il xidmət etdikdən sonra dembel albomu üçün foto çəkdirmək istədikdə ailəmdən bu kameranı mənə göndərmələrini xahiş etdim. Həmin şəkil hələ də qalıb.

Analoq vs Rəqəmsal

Burada da mənim qərarsızlığım özünü biruzə verir. İndiyə qədər rəqəmsal xoşuma gəlmirdi, amma indi yeni rəqəmsal kamera almışam və bu kamera ilə məmnuniyyətlə şəkil çəkirəm. Mən həm plyonkalı, həm də rəqəmsal kamera ilə işləyirəm, son işlərim hətta Polaroidlə çəkilib. Rəqəmsal bizim işimizi rahatlaşdırıb. Axı yaradıcılıq işimdən savayı, peşəkar fəaliyyətim də var. Skanerim var, kompüterim var, rəqəmsal kameram var... Şəkli çəkirəm və onunla istədiyimi edirəm, çünki məhsulu başdan sona özüm istehsal etmək istəyirəm. Ancaq mənim üçün yaradıcı fotoqrafiyada hələ ki rəqəmsala yer yoxdur, mənə elə gəlir ki, bu, mənim işimi biraz dəyərsizləşdirir. Əgər analoq fotoqrafiyaya müqəddəs bir şey kimi yanaşıramsa, rəqəmsal ilə flirt edirəm.

Həvəskarlar

İndi hər kəsin çəkdiyi şey çox gözəldir. Hərçənd bilirəm ki, bugünkü fotoqrafların 90%-i bu qədər sadə olmasaydı, bu işlə məşğul olmazdılar. Ancaq bütün sadə münasibətlər, adətən, səthi olur. Buna görə boş, dərin olmayan işlərin faizi çox artıb. Odur ki, günah münasibətlərin sadəliyindədir.

Ad

Gürcüstanda sərgim keçirilirdi. Orada bir polis yanıma gəldi və dedi: "Əzizim, nə maraqlı portretdir!" – Təəccübləndim: "Hansı?" – Nə vaxtsa Nabranda çəkdiyim su ilə yayılmış qumun fotosunu göstərdi." – Mən heyrət içində soruşdum: "Portret haradadır?" – O, cavab verir: “Budur: bığ, ağız! Nə gözəl adamdır! Nə gözəl obrazdır!" İndi bu fotonu başqa cür görə bilmirəm – bu, qum üzərində bir insanın portretidir. O bunu gördü. Mən isə başqa şey aparırdım. İşimin adı «Life» idi. Bu o deməkdir ki, çoxmənalılıq olduğu zaman, heç bir təsvir və ya ad izləyicinin təxəyyülünü məhdudlaşdıra bilməz. İnsan gördüyü kimi dərk etmək istəyirsə, edəcək.

Jurnalistika

Mən jurnalistika fakültəsini bitirmişəm. Hətta bir müddət ixtisasım üzrə işləmək də nəsib olub. Yenidənqurma illərində bir il yarım "Azərinform"da çalışmışam.

Qadağa

Londonda küçədə çəkiliş aparmaq üçün heç kimdən icazə istəməyə ehtiyac yoxdur. Parisdə də eynilə. Burada isə, məsələn, bir gün bir kişi yanıma gəldi və dedi: "Tez ol plyonkanı çıxar, yoxsa səni öldürəcəm!" Polisə müraciət etdim və adam birdən yoxa çıxdı. Demək olar ki, qaçdı. Bu gülməli idi. Hər zaman dahi ustad fotoqraf Yozef Kudelkanın sözləri yadıma düşür: "Əvvəlcə çəkmək lazımdır, sonra icazə almaq". Burada heç bir dilemma qarşısında qalmırsan: məsələn, çaya düşən uşağı xilas etmək və ya foto çəkmək. Fotoqrafiyada hər an vacibdir, ən vacib anı qaçıra bilərsiniz.

Çətinliklər

İstər küçə, istər canlı reportaj çəkilişləri mənim üçün həmişə böyük problem olub, çünki bəzən başqasının həyatına müdaxilə etməli, daxil olmalı oluram, hətta bəzən izin almadan. Axı çoxları fotoqrafı əlavə baş ağrısı hesab edir. Əgər fotoların silinməsini tələb edərək narazıçılıq bildirirlərsə, mütləq silirəm. Heç vaxt qarşı çıxmıram.

Məşhurlar

Mənim üçün insanlar məşhur və qeyri-məşhurlara bölünmürlər. Fotosunu çəkmək istədiyim insanlar var. Bir dəfə Arif Məlikovun fotosunu çəkmək istəyirdim və belə bir imkanım da var idi. Yusif Səmədoğlu ilə çox yaxın dost idik və mən həmişə onun şəklini çəkmək istəyirdim, amma nədənsə hər dəfə təxirə salırdım. Və birdən Yusif müəllimin ölüm ayağında olduğu xəbərini aldım. Ona baş çəkmək istədim, amma o məni heç içəri keçməyə qoymadı: onu bu vəziyyətdə görməyimi istəmədi... Çox vaxt adi insanları – mənim üçün əziz olan insanları çəkirəm. Bəzən də əziz olanları çəkmirəm. Məsələn, Yusif müəllimi çəkə bilmədim…

"Nü"

Nü mənim üçün hər şeydən əvvəl bir formadır. Yəni mənim üçün bir mənzərənin fotosunu çəkməklə eyni şeydir. Mənə tamamilə hər hansı bir erotizmi və ya seksuallığı çəkmək maraqlı deyil. Soyuqqanlı olduğum üçün deyil, məndən əvvəl başqalarının bunu çox gözəl etdiyi üçün. Həyatımda yüz dəfə nü çəkmişəmsə, onların 99%-ni doğrayıb atmışam (baxmayaraq ki, neqativləri adətən heç vaxt məhv etmirəm). Çünki bu ya bayağılıqdır, ya porno, ya da sadəcə zövqsüzlükdür. Məndə alınmır…

Seksuallıq

Seksuallıq – sevgi ifadələrindən biridir. Mənim üçün qadın simasındakı seksuallıq anlayışı qəbuledilməzdir. Deyərəm ki, o gözəldir, maraqlıdır. Yalnız sevdiyim qadını seksual adlandıra bilərəm.

Sevgi

Sevgi - münasibətdir. Münasibətlərin gücüdür. Yəni heç bir münasibətiniz yoxdursa, onda sevgidən söhbət belə gedə bilməz. Onun isə bir çox ifadə tərzi var: bu dostluq, yeməyə sevgi, anaya sevgi, dosta sevgi, ən nəhayətində velosipedə sevgi ola bilər. Hər bir şey ola bilər! Yəni fotoqrafiyada olduğu kimi bir studium və punktum olmalıdır. Studium – bəyəndiyiniz, «I like» ilə əlaqəli hər bir şeydir. Punktum isə «I love»ın hakimlik etdiyi «I like»dır.

Arzuların qadını

Arzularımın qadını – söhbət edə biləcəyim, mübahisə edə biləcəyim, bəzən razılaşmadığım bir dostdur. Bu ağıllı bir insan olmalıdır. Mənim üçün ağıllı isə gözəl deməkdir. Gəncliyimdə mənə elə gəlirdi ki, gözəl qadınlar əsasən səfehdirlər. Sonra başa düşdüm ki, əsl gözəllik ağıl, ədəb, mədəniyyət olmadan mümkün deyil.

Ev heyvanları

Bir tutuquşum var, amma uzun müddətdir it almağı düşünürəm. Yalnız bir şey məni durdurur: heyvanları evdə tək qoymaq istəmirəm. Qısa müddətlik olsa belə. Ancaq mən daim hərəkətdə olan bir insanam: səfərlərə gedirəm, gəlirəm. Bu “balaca uşağı” harada buraxım? Bu mənim uşaqlıqdan qabağımı kəsir. Doğum günüm ərəfəsində atam həmişə soruşurdu: "Sənə nə alım?" Və ağzımı açan kimi, sözümü yarımçıq kəsirdi “İt olmaz.” "O zaman heç bir şey lazım deyil." – deyə cavab verirdim. Buna görə də bu vaxtacan ad günlərimi sevmirəm. Görünür uşaqlıq travmasıdır.

Arzu

Fotoqraf olmamışdan əvvəl bir çox peşə haqqında götür-qoy etmişəm və arzumdan imtina etdiyimi düşünmürəm. Sadəcə həyatımı ömürlük həsr etdiyim yeni bir arzum yaranıb. Bu gün isə Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində bir sərgi keçirməyi arzulayıram. Və olacaq. Bilirəm. Sadəcə hər şeyin öz vaxtı var.

Müsahibə: Gülgün Qurbanova

Foto: Sitarə İbrahimbəyli

Material jurnalın ikinci buraxılışında dərc olunub