YARAT Müasir İncəsənət Məkanı, dekabrın 16-sı Daş Salnamə Muzeyində YARAT-ın 10 illik yubileyinə həsr olunmuş “ÖN SÖZ – ON SÖZ” adlı sənədli filmi təqdim etmişdir.
YARAT-ın 10 illik fəaliyyəti ərzində həyata keçirdiyi multidistiplinar layihələri, yerli və xarici rəssamlarla əməkdaşlığını, həmçinin təşkilatın beynəlxalq tədbirlərdə iştirakını işıqlandıran film, Bakı Media Mərkəzinin dəstəyi ilə hazırlanıb. Filmdə 10 il ərzində YARAT-la əməkdaşlıq edən rəssamların, kuratorların və digər incəsənət xadimlərinin təşkilatın reallaşdırdığı ictimai və təhsil layihələri, festivallar, sərgilər və digər tədbirlər haqqında müsahibələri yer alıb. Filmin rejissoru Fuad Quliyevdir. Tədbirdə görkəmli incəsənət xadimləri, ziyalılar və media nümayəndələri iştirak etmiş, həmçinin Bakı Media Mərkəzinin direktoru Orman Əliyev çıxış etmişdir.
“ÖN SÖZ – ON SÖZ” adlı sənədli filminin nümayişi ilə YARAT-ın yubileyinə həsr olunmuş tədbirlər proqramı yekunlaşmışdır. 1 həftə boyunca YARAT-ın 10 il ərzində həyata keçirdiyi ən əhəmiyyətli layihələri – sərgi, performans, film nümayişləri, konsert, ustad dərsləri və ədəbiyyat axşamı təşkil olunmuşdur.