NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Tale ipini xalçaya toxuyaraq

Sankt-Peterburqdakı Rusiya Etnoqrafiya Muzeyi
Azərbaycanın dekorativ-tətbiqi sənəti şedevrlərini təqdim edir.

2021-ci il fevralın 19-dan etibarən Rusiya Etnoqrafiya Muzeyi "Tale ipini xalçaya toxuyaraq... Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında" adlı sərgidə yüzdən çox nadir eksponat təqdim edəcəkdir.
Bu layihə “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişafına dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Milli Xalça Muzeyi tərəfindən həyata keçirilən tədbirlərdən biri olacaqdır.
Rusiyanın ən böyük etnoqrafik muzeyinin ekspertləri Azərbaycan Milli Xalça Muzeyinin (Bakı) mütəxəssisləri ilə əməkdaşlıq edərək, bir əsr ərzində formalaşmış Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasından Azərbaycanın dekorativ-tətbiqi sənət nümunələri üzərində tədqiqat apararaq onların məişət təyinatını, istehsalat texnikasını və bədii xüsusiyyətlərini öyrənmiş, sərgi üçün ən maraqlılarını seçmişlər. Birgə tədqiqatların nəticəsi olaraq təqdimatı sərginin açılış mərasimində baş tutacaq həcmli bir kataloq çap edilmişdir.
Sərginin eksponatları arasında azərbaycanlıların milli qürur mənbəyi və maddi-mənəvi mədəniyyətinin fenomeni 40-dan çox xalça və xalça məmulatları, habelə Azərbaycan sənətkarlarının XIX–XX əsrlərə aid digər dekorativ-tətbiqi sənət əsərləri vardır. Xalçaların çoxu XIX əsrin ikinci yarısı – ХХ əsrin birinci onilliyində toxunmuşdur. Ən qədim və misilsiz nümunələrindən sayılan Bakıda XVIII əsrin sonunda hazırlanmış "Suraxanı" xovlu xalçasıdır. İlk dəfə olaraq Azərbaycanın bir çox tikmə, basma naxış, mis üzərində döymə və qadın geyim nümunələri təqdim ediləcəkdir.
Sərginin açılış mərasimi və kataloqun təqdimatı 18 fevral 2021-ci il tarixində Rusiya Etnoqrafiya Muzeyində Azərbaycandan gəlmiş tərəfdaş və mütəxəssislərin iştirakı ilə saat 17.00-da keçiriləcək. Sərgi 19 fevral 2021-ci il tarixindən ziyarətçilər üçün açıq olacaq və 8 may 2021-ci il tarixinə qədər davam edəcək.