NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

Fantaziyalar dünyasında

Gündüz yuxu görənlər gecə yuxu görənlərə nisbətən daha irəli gedə bilirlər.
Edqar Allan Po

Həm fiziki, həm də psixoloji cəhətdən tamamilə rahat olduğunuz bir həyatı təsəvvür edin. Həmişə sevdiyiniz və sizi sevən insanların əhatəsindəsiniz. Beyniniz sakitdir və tələsdiyiniz yer yoxdur. Heç bir məsuliyyət, heç bir problem, münaqişə yoxdur və ehtiyacınız olan hər şeyiniz artıq var. Bütün yaxşı, pis və hətta çirkin keyfiyyətlərinizlə özünüz ola biləcəyiniz bir kainat təsəvvür edin və sizi yenə də sevirlər, sizə dəstək verirlər, dostluq edirlər. Bu dünyada sizi şərtsiz, məhz olduğunuz kimi sevirlər. Təsəvvür etdiniz? Budur, siz elə indicə fantaziya etdiniz.
Fantaziya bizə ən çətin vəziyyətlərdən çıxmağa kömək edir. Ağlınıza gələn hər şeyi uydurmaq olar, heç bir qayda və ya məhdudiyyət yoxdur. Fantaziyanıza sərbəstlik verərək özünüzə yaradıcılıq, sevgi, uğur üçün sonsuz imkanlar açırsınız. Fantaziya rəssamlara, yazıçılara, musiqiçilərə və sadəcə olaraq hər hansı problemi həll etmək üçün mütləq vacibdir. Fantaziya bizim üçün əsl sevgini tapa biləcəyimiz, mükəmməl bədən quruluşuna nail ola biləcəyimiz, uğur zirvəsinə çata biləcəyimiz, yeni ailə qura biləcəyimiz, başqa bir şəhərdə yaşaya biləcəyimiz təhlükəsiz bir məkan yaradır... Onunla biz həmişə imkanların hüdudsuz olduğu bir dünyaya dala bilərik və xəyal etdiyimiz bir insana çevrilə bilərik.
Hamımız zaman-zaman xəyal qururuq, fantaziya edirik... Ancaq çox vaxt bir neçə dəqiqəlik xəyal quran kimi öz əlimizlə xəyallarımızı məhv edirik və öz-özümüzə deyirik: bunlar sadəcə düşüncələrdir, onlar heç vaxt gerçəkləşməyəcəklər!
Hədəflərinizi həyata keçirmək imkanını inkar edərək xəyallarınızı öz əllərinizlə, mənfi düşüncələrinizlə məhv etməyin, hətta onlarla həyatınız arasında yenilməz görünən uçurum olsa belə.
Həyatda hər şey düşüncə ilə, beyninizdə arzuladığınız gələcəyin obrazı ilə başlayır. Xəyallarına çatan və uğursuz olan insanların arasındakı bütün fərq inam, əzm və əminlikdədir. Bütün fantaziyalarımız onları gerçəkləşdirməyə cəsarətimiz olsa gerçəkləşəcək.

Ülviyyə Mahmudova,
Baş redaktor