NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Duyğuları Dadmaq: Vonq Kar-vainin Kinematik Palitrası

İnsanların dietasının tarixi, minilliklər ərzində get-gedə daha da mürəkkəb bir hal alıb. Bəşəriyyətin ilk dövrlərində insanlar ağac qabığından tutmuş həşəratlara qədər hər şeyi alov kəşf olunana qədər xam şəkildə yeyirdilər. Bu mühüm məqam dünya mətbəxlərinin təkamülünə təkan verərək, insanların yaradıcılığına təsir etdi və bizi bugünki halımıza gətirib çıxardı. Hər şeyin bir-biri ilə əlaqəsi olduğunu kimi, insanın pəhrizi ilə onun davranışları arasında da bir sıra bağlantılar var. Bu bağlantıları dərin yaradıcılıqla birləşdirmək onu ifadə etməyə və çatdırmağa imkan verir. Vonq Kar-vai ayrı-ayrılıqda deyil, bir-biri ilə müəyyən bağlantıları olan filmləri ilə qeyri-adi bir rejissor kimi ön plana çıxır, hansı ki, bu filmlərdə çox da gözə çarpmayan bir sıra əlaqələri görmək mümkündür. Onun personajları bir kino yaradıcılığından digərinə çox rahat şəkildə keçid edir, incə bir şəkildə üzə çıxır və ya çox az görünür. Bir tamaşaçı kimi, onun düşüncələrindən ibarət dənizinin səthindən üzə çıxan yumşaq dalğaları ancaq sezmək mümkündür. İlk baxışdan aldadıcı dərəcədə yüngül və hiss olunmayan bu kadrların daha dərindən araşdırıldıqda bir o qədər əsaslı və əhatəli olduğunu görmək olar. Hər bir müşahidədən sonra üfüqdəki sərhədlər bulanıq hal alır, dərin düşüncələr başlayır.

Aprelin boşluğunu bankanın dibi ilə ifadə etmək və mayın 1-dən “Mei” həsrətimi aradan qaldırmaq üçün ad günümdə konservləşdirilmiş ananas yeyəcəyəm.


Honq Konq Yeni Dalğasının (1970-ci illərin sonlarında yaranıb, 2000-ci illərin əvvəllərindən bu günə qədər davam etmiş kino hərəkatı) nümayəndəsi olan Kar-vai “Zamanın Külləri” (1994) filminin hazırlanmasından sonrakı mərhələdə yaranan problemlərdən qaçmağa cəhd etməklə bir gecədə şöhrət qazandı. O, filmin xüsusi proseslər tələb edən redaktəsi zamanı çətinliklərlə üzləşərək, iki aylıq fasilə verməyi qərara almışdı. Bu fasilə zamanı o, vaxtını sonradan klassikaya çevrilən "Chungking Express" (1994) filminin hazırlanmasına və çəkilişinə həsr etdi.

Bu film, sadəcə inqilabi bir mövzunu ehtiva etdiyi üçün deyil, ilk növbədə rejissorun "Honq Konq həyatının tədqiqi"nin başlanğıcını qeyd etdiyi üçün çox fərqli bir filmdir, hansı ki, bu mövzuya daha sonra başqa bir filmdə, "Fallen Angels"də (1995) yenidən toxunulmuşdur. Kar-vai özü də bunu Honq Konqun “digər üzü” kimi hesab edir. Bundan əlavə, bu film Vonqun beynəlxalq səviyyədə tanınması üçün başlanğıc nöqtəsi də olmuş oldu. Kventin Tarantino bu mövzuda həlledici rol oynamışdı; Vonqla "Days of Being Wild" filmində qarşılaşdıqdan sonra Stokholmda keçirilən festivalda "Pulp Fiction" filmini təqdim edərkən, Tarantino "Chungking Express"i kəşf etdi. Bundan çox təsirlənən Tarantino, Vonq Kar-vaini Amerikada daha da məşhurlaşdırmaq qərarına gəldi.


Film “Chungking Mansions”da bir yeməkxana olan "Midnight Express"də baş verən bir-birinə bağlı iki hekayə ilə açılır. Bu xüsusiyyət Vonq Kar-vainin Honq Konqun xaotik atmosferi vasitəsilə tamaşaçıları cəlb etmək üçün istifadə etdiyi ən güclü vasitələrdən biridir. Vonq üçün bu xaos təkcə personajların daxili təcrübələrində mövcud deyil; daha çox, o, qidanın əhəmiyyətinə bənzər emosional tonları gücləndirir. Onun təsvirlərində yemək adi bir şey kimi görünür, bu isə insanın daxili və xarici arasındakı ziddiyyəti vurğulamaq məqsədi daşıyır. Adi ananas qutuları He Qivunun (Takeşi Kaneşiro) hisslərinin dərinliyini əks etdirir. Eynilə, parik taxan qadının (Briqitte Lin) qaçırdığı uşaq üçün aldığı dondurma, cinayət işlərində iştirak etməsinə baxmayaraq, onun içərisindəki ana qayğısını təsvir edir. Hər iki personaj nəticədə itki ilə üzləşir. Günəş eynəyi və palto geyinmiş ehtiyatlı davranan qanunu pozmaqla məşğul olan şəxs, günəşin nə vaxt çıxacağına və ya yağışın nə vaxt yağacağına əmin deyil, eyni son istifadə tarixinə malik konservləri alan polis isə sevdiyindən ayrılmasının verdiyi kədəri yaşayır. Nəticədə, onların yolları bir barda kəsişir, özlərini təqdim etmədən, beləliklə, bir-birlərinin kim olduqlarını öyrənmədən birlikdə bir gecə keçirirlər. Simvolik olaraq, o, yatarkən ayaqqabılarını təmizləyir, sanki qanunun hərfi mənasını təcəssüm etdirərək, ondan ayrılmış sevgisini bağışlayır – bu isə, öz növbəsində səhərə yaxın yola düşən naməlum parikli qadının seçdiyi həyat yolunu əks etdirir.

İkinci hekayədə isə biz əlində itirilmiş sevginin simvolu olan oyuncaq təyyarə tutan Polis Məmuru 663 ilə qarşılaşırıq, ancaq sonradan onun stüardessa olduğunu öyrənirik. Kafe işçisi olan Faye Vonq gizli şəkildə onun evinə baş çəkir və melanxolik ruha malik mənzilini incə şəkildə dəyişdirir. Vonq Kar-vai, qadının təsirini oyuncaq təyyarənin akvariumda batması səhnəsi ilə təsvir edir. Bu hissə onun qayğısının müalicəvi gücünü ifadə edir və aşiq olmuş birinin keçirdiyi hissləri simvolizə edən akvariumda çoxalan balıqlar səhnəsi vasitəsilə əks olunur. Faye yola düşən kimi o, təyyarəni akvariumdan götürür. Bu səhnə reallığın daimi dəyişkənliyini və həyatın axıcılığını işarə edərək, hekayədə dönüş nöqtəsi rolu oynayır. Zərif, bir o qədər də dərin mənası olan səhnələr Vonq Kar-vainin hekayə danışma qabiliyyətinin göstəricisidir.

Steven Şnayder: “Vonqun digər filmləri emosional baxımdan bol olsa da, “Chungking Express” saf məsumluq və azadlıq hissi ilə doludur – bu isə, stilin hekayənin özündən daha əhəmiyyətli olduğunu göstərir.” Vonq Kar-vai, Mads Mikkelsenin baş rolda oynadığı "Hannibal" kimi seriallarda göründüyü kimi, Avropa mətbəxinin mürəkkəb tərkibləri ilə müqayisə oluna bilən, kinematoqrafiya tarixində cəsarəti ilə yer alan bir şəxsiyyətdir. Bununla belə, digər serialların yaradıcılarından fərqli olaraq, Vonq filmlərinin dadını, incəliyini, kəskinliyini və ya mürəkkəbliyini nümayiş etdirmək üçün yeməklərdən istifadə etmir. O, bir sənətkardır və Honq Konq Yeni Dalğasının ruhunu təmsil edən biri olaraq, yemək onun universal dilidir - obrazların kəşf olunması, vizual dilin mürəkkəb şəkildə ifadə olunması üçün bir vasitədir.

Vonqun filmlərindəki simvollar qüsursuzdur. Hər hansı bir obyekt göstərilir, onun personajla əlaqəsi səsli şəkildə izah olunur, ardınca isə bu izahı əsaslandıran bir neçə kadr təqdim olunur. Başlanğıcda başa düşülməyən bu təkrarlamalar, film boyunca get-gedə anlaşılan və ortaya çıxan bir məqsədə xidmət edir. Vonq bununla onu nəzərdə tutur ki, onun simvollarının aydın olması üçün bir neçə üstüörtülü təbəqədən keçmək lazımdır, hekayə isə zamanın olmadığı bir aləmdə davam edir. Vonqun dünyaya olan baxışını başa düşmək üçün zamanla baş verən dəyişiklikləri hiss etmək lazımdır. Bunu, müəllifin ruhən yaratdığı sənətin xüsusi rəngləri və tərzi əks etdirən, geniş bucaqlı obyektiv vasitəsilə ortaya qoyulan vizual təzahürü kimi izah etmək olar.