Rəqsə aşiq olmaq – bir insana aşiq olmaq kimidir, sadə və asan. Bu nə fiziki, nə də emosional səy tələb etmir. Sizin hissləriniz sizdən asılı olmayaraq oyanır və siz özünüzü yenidən canlı, gənc hiss edirsiniz, qollarınızı qanad kimi açmağınız yetərlidir ki, göylərə uçasınız.
Bunun üçün yalnız rəqs etməyi ürəkdən sevmək lazımdır. Bu sizə əl ilə toxunacaq bir şey verməyəcək: nə saxlamaq üçün əlyazmalar, nə dostlara göstəriləcək rəsmlər, nə çap üçün şeirlər – heç bir şey. Təkcə bir şey verəcək: həyatında ən vacib insanın - sənin səndən başqa heç kimin olmadığını, yenilməz olduğunu hiss etdirən keçici bir duyğu.
Rəqs etmək necə bir hissdir?
Özünüzü tənha hiss edəndə, xoşagəlməz bir şey baş verəndə, kimsə sizi incidəndə - rəqs edin! Məyusluğunuzu və qəzəbinizi ifadə edəcək sözlər tapa bilməyəndə - rəqs edin! Düşüncələriniz qarışanda – rəqs edin! Doğru yolda olduğunuzda - rəqs edin!
Rəqs dildir.
Rəqs hissdir.
Rəqs həyatdır.
P.S. Ruh halımı və şəxsi fikirlərimi geyindiyim geyimlər və ya bişirdiyim yeməklər vasitəsilə ifadə etməyi sevirəm. Ancaq ən çox özümü rəqslə ifadə etməyi sevirəm: bütün suallara sözsüz, hərəkət edərək cavab verirəm.
— Tanqo rəqs etməyi öyrənmək istəyirsiniz?
— Elə indi? Nəsə qorxuram
— Nədən qorxursunuz?
— Səhv etməkdən qorxuram...
— Tanqoda səhv yoxdur. Həyatdakı kimi deyil. (Qadın ətri)
Ülviyyə Mahmudova,
Baş redaktor