İllər ərzində “RAYMOND WEIL” brendi öz müstəqilliyini, dinamizmini və yenilikçi ruhunu qoruyub saxlayıb. Lüks saat istehsalçısı “RAYMOND WEIL”in Biznesin İnkişafı üzrə Direktoru Xose Maria Ramos Amatriain jurnalımızla şirkət haqqında fikirlərini və uğura aparan yolları bölüşür.
Güclü rəqabət mühitində brendinizi populyarlığın zirvəsində saxlamağı necə bacarırsınız?
Əvvəla, biz izləyicilərimizi cəlb etmək üçün dizayn, sənətkarlıq və texnoloji baxımdan sərhədləri daim aşmağa çalışaraq innovasiyalara üstünlük veririk. İkincisi, brendin güclü kimliyini qorumaq, hekayə yolu ilə müştərilərimizlə emosional əlaqələr yaratmaq bizə kömək edir və bizi bu geniş bazarda fərqləndirir. Bundan əlavə, strateji marketinq təşəbbüsləri, əməkdaşlıqlar və tərəfdaşlıqlar bizim perspektivlərimizi və bazardakı aktuallığımızı artırır. Nəhayət, keyfiyyətə və müştəri məmnuniyyətinə verdiyimiz önəm hər bir “RAYMOND WEIL” saatının gözləntiləri üstələməsini təmin edir, müştərilərimizin sadiqliyini artırır.
Yeni kolleksiya yaratarkən sizi nə ilhamlandırır?
Yeni kolleksiyalarımız üçün incəsənət, memarlıq, təbiət, mədəni cərəyanlar və tarixi mövzular kimi bir sıra şeylər ilham mənbəyimiz olur. Biz “RAYMOND WEIL”in zəngin mirasından ilham alırıq, zamansız zərafəti müasir metodlarla qarışdırırıq. Limitləri aşmaq və standartları yenidən müəyyənləşdirmək üçün etdiyimiz cəhdlər də yaradıcılıq prosesi əsnasında sənətkarlığa və yenilikçiliyə olan dərin həvəsimizdən qaynaqlanır. Bundan əlavə, biz müştərilərimizlə sıx əlaqədə oluruq, dizaynlarımızın onların arzu və istəklərinə uyğun olmasını təmin etmək üçün onlardan fikir və geridönüşlər alırıq.
Hansı saat modelini bəyənirsiniz və niyə?
Şübhəsiz ki, mənim hal-hazırda ən sevdiyim saat modeli yeni “MILLESIME” kolleksiyasına aiddir. Bu kolleksiya son dərəcə eleqant, incə sənətkarlıqla işlənmiş və zəngin mirasa sahib olduğu üçün mənim qəlbimdə xüsusi yer tutur. “MILLESIME” kolleksiyasındakı hər bir saat “RAYMOND WEIL”in detallara verdiyi diqqəti və misilsiz dəqiqliyi ilə lüks saat sahəsindəki yerinin göstəricisidir. “MILLESIME” kolleksiyasını digərlərindən fərqləndirən onun “vintage” stildən ilhamlanaraq hazırlanmış dizayn elementlərinin müasir hərtərəflilik ilə unikal qarışığıdır. Keçmişin ikonik saatlarından ilham alaraq, “MILLESIME” kolleksiyası müasir estetika və texnoloji yenilikləri əhatə etməklə “RAYMOND WEIL”in özünəməxsus tarixinin sübutu kimi yer alır. “MILLESIME” saatını taxmaq, “RAYMOND WEIL”in mükəmməl və yenilikçi mirasının daimi xatırladıcısı olan tarixi bir əşyaya sahib olmaq kimidir.
Saat biznesi ilə məşğul olan gənc sahibkarlarına nə məsləhət görərdiniz?
Birincisi, original olmağa və bütövlüyə üstünlük verin, çünki bunlar lüks saat sektorunda davamlı uğurun təməl daşlarıdır. İkincisi, standartlara meydan oxumağa və yeni üfüqləri kəşf etməyə həvəsli olun, innovasiyanı və yaradıcılığı özünüzdə cəmləşdirin. Üçüncüsü, təchizatçılar, partnyorlar və müştərilərlə güclü əlaqələr qurun, çünki davamlı inkişaf üçün əməkdaşlıq və etibar vacib faktordur. Dördüncüsü, strategiyaları və sizə edilən təklifləri dəyərləndirərək, sənayedəki tendensiyalar və bazar dinamikası ilə ayaqlaşmağa çalışın. Nəhayət, vizyonunuzu və həvəsinizi heç vaxt itirməməyə çalışın, çünki onlar maneələr qarşısında sizi daha əzmkar və möhkəm edəcək.
Azərbaycanda ən populyar saat modeli hansıdır və sizcə niyə?
Azərbaycanda “Tanqo” kolleksiyası saat həvəskarları arasında böyük populyarlıq qazanıb. Zamansız dizaynı, qüsursuz sənətkarlığı və müstəsna performansı ilə tanınan “Tanqo” saatları Azərbaycanlı müştərilərin zövqü ilə mükəmməl şəkildə uyğunlaşır. Bundan əlavə, “Tanqo”nun etibarlılığı və davamlılığı ilə bağlı reputasiyası Azərbaycanda müştərilərin etibarını və sədaqətini qazanaraq, onun bazarda üstünlük verilən saat statusunu daha da möhkəmləndirib.