NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

Qəlbiniz daim vulkan kimidirsə, orada çiçəklər açmasını gözləməyin.

Müasir filmlərin əksəriyyətində sevgililər arasındakı münasibətlər çox vaxt müəyyən bir ardıcıllığa uyğun olaraq inkişaf edir: əvvəlcə aralarındakı enerji ilə başlayır, sonra son dərəcə romantik mərhələ, istək, daha sonra ehtirasla qarışmış bir sıra qalmaqallar baş verir və ən sonda isə ağrılı, xoş olmayan bir ayrılıqla yekunlaşır. Bu cür hekayə xətti süjetin gedişatı və tamaşaçıları maraqda saxlamaq üçün əla bir seçim ola bilər, amma real həyatda bu nə dərəcədə yaxşı bir şeydir? Daim həyəcanda qalmağa dəyərmi?

Münasibətlərin başlanğıcında istəyin olması, partnyorların birlikdə bir-birilərinin həyatının bir hissəsinə çevrildiyi möcuzəvi enerjinin olması təbii bir haldır. Hər gün partnyorlar bir-birlərinin həyatında daha da vacib rol oynamağa başlayır və buna görə də, get-gedə daha çox dinamika istəməyə başlayırlar və bir-birini sahiblənmə istəyi daha da artır.

Hormonlar bunu daha da alovlandırır: dopamin, serotonin və adrenalin səviyyələri yüksəlir, hətta adi günlər belə xüsusi və romantik hal almağa başlayır. Bəs niyə münasibətlərdə sevgi və istək zaman keçdikcə azalır və bizi daha çox dramalara aparır?

Partnyorumuza öyrəşdikcə hormonların səviyyəsi azalır və münasibətlər daha sakit mərhələyə keçid edir. Bu, hər bir cütlük üçün fərqli vaxtlarda baş verir, lakin adətən münasibətin ikinci ilində istək azalmağa başlayır. Emosiyalar müxtəlif səbəblərdən yavaş-yavaş yox olur. Partnyorlar bu dövrdə bir-birlərini daha yaxşı tanıyırlar, ona görə də aralarında kəşf edəcəkləri bir sirr qalmır və rutin onları güvəndə hiss etdirir. Beləliklə, zaman keçdikcə insanlar sahib olduqları şeydən sıxılır və onların olmayanı istəməyə başlayırlar.

Adətən, bu xarakterdə olan insanlar uzun müddət eyni partnyorla birlikdə olduqda drama olmadan yaşaya bilmirlər.

Həmçinin, münasibətlərdə həddindən artıq dramanın olması, həmişə bir tərəfin özündə təmin edə bilmədiyi bəzi ehtiyaclarını təmin etməsi üçün digərindən istifadə etdiyinin göstəricisidir.

Uzunmüddətli və stabil münasibətlər mədəniyyətlərdə və tarixdə o qədər də populyar deyil – onlar haqqında demək olar ki, heç bir kitab və ya film ssenarisi yazılmayıb. Bu münasibətlər cəmiyyət tərəfindən çox vaxt darıxdırıcı kimi qəbul edilir.

Bununla belə, bu, mənim üçün özünü və kainatı daha dərindən dərk etmək anlamına gəlir.

Sakit münasibətlər bütün baxımlardan daha sağlam və ağıllı hesab olunur, çünki bu, hər iki tərəfin psixoloji cəhətdən sağlam olmağını və müəyyən mövzularda bir-birilərinə güzəştə gedə bilmələrini tələb edir.

Adətən drama, bir-birini manipulyasiya etməyə çalışan iki nəfər arasında çox olur. İki emosional intellekti yüksəl olan insanın münasibətində belə şeylər olmur: sevgililər hər hansı bir problemi öz aralarında ortaq məxrəcə gələrək sakitcə həll edir. Ortaq bir nöqtə taparaq problemləri həll etmək lazımdır, bunun üçün də hər iki tərəf bir-birinə eyni miqdarda sevgi, hörmət, anlayış, enerji, istək, qayğı göstərməlidir.

Deyirlər ki, sevgi mürəkkəb bir şeydir, amma əslində mürəkkəb olan sevgi deyil, insanlardır. Sevgi, bir fincan əvəzinə iki fincan qəhvə hazırlamaq deməkdir. Sevgi iki nəfərin bir-biri üçün cəhdlər göstərməsidir. Sevməyi bacaranlar üçün sevgi çox sadə bir şeydir.
İnsanların mübahisə etdiyi şeylərdə sizi güldürə biləcək bir partynor tapmalısınız.

Bütün mücevherlər: Bvlgari @cabinet.12