NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Təbiətin modada yeri

Tanış olun - dizayner və eko aktivist, Daniel Svarovskinin nəslindən olan 24 yaşlı Marina Rafael. 2008-ci ildə o, dünya şöhrətli məşhurların zövqünü oxşayan eponim çanta brendi yaradıb. NARGIS jurnalına verdiyi müsahibədə gənc dizayner brendinin inkişafı, ekoloji kollaborasiyaları, şəxsi dəyərləri və doğma Yunanıstanın ilhamverici peyzajları haqqında danışıb.


Bir şəxsiyyət olaraq Sizi brendinizlə nə birləşdirir?
Gördüyüm hər bir işdə mən həmişə entuziazmımı və ehtirasımı zərafətə, müasirliyə, həm də zaman xaricində olan dizayna sərf etməyə çalışmışam. Təəccüblü deyil ki, brendimin fəlsəfəsi bir şəxsiyyət olaraq mənimlə ümumi dəyərləri bölüşür. Büllur sənayesində tanınan bir ailədən gələrək mən məşhur ulubabam Daniel Svarovski kimi eyni peşəkarlığı brendimdə nümayiş etdirirəm. Mən də işimə onun kimi “keyfiyyət kəmiyyətdən üstündür” prinsipi ilə yanaşıram. Nəticə etibarilə, mən bütün dizaynlarımızda iradə gücü, pozitivlik və yaradıcılıq nümayiş etdirməyə, "Marina Raphael" brendinin məhsullarını seçən hər bir kəsə inam və zərafəti çatdırmağa çalışıram.

Çanta çox vacib aksesuardır. Brendinizin tarixi necə başladı? Və niyə çanta?
Mənim özümə də çanta dizayneri olaraq seçdiyim yol heç vaxt aydın olmayıb. Yeniyetmə yaşlarında tədbirlərin təşkili ilə məşğul olurdum, bu gün də bunu etməyi sevirəm. Amma London Kral kollecində menecment üzrə təhsil alarkən yaradıcı xüsusiyyətimi və biznes sevgimi birləşdirməyin daha etibarlı yolunu axtarmağa başladım. Eyni zamanda, mənim üçün inklüziv, tələbat olan bir şey etmək vacib idi. Sonda əl çantaları dizayn etmək və istehsal etmək qərarına gəldim, çünki onlar ən sadə obraza inam və lazımi praktikliyi verən qarderobun əsas elementidir.

Siz Yunanıstanla sıx bağlısınız. Yəqin ki, Qədim Elladanın günəşli atmosferi sizin brendinizdə və yaradıcılıq prosesində hansısa bir şəkildə əks olunur?
Düzdür, mən Yunanıstanda doğulmuşam, hələ də burada yaşayıram, Marina Raphael brendinin baş ofisi də burada yerləşir. Mən vətənimi çox sevirəm, özümü başqa yerdə heç cür təsəvvür edə bilmirəm! Belə zəngin tarixə, gözəl mənzərəyə malik bir ölkədə böyüyüb boya çatmağım məni həmişə qürurlandırıb. Buranı evim adlandırdığım üçün özümü çox şanslı hesab edirəm! Büllur kimi təmiz mavi sular, nəfəs kəsən çimərliklər və digər mənzərəli yerlər bu ölkəni ideal bir ilham mənbəyinə çevirir. Amma ən çox Yunanıstandakı insanları, onların qonaqpərvərliyə dəyər vermələrini sevirəm; bu elementi bütün layihələrimdə tətbiq etməyə çalışıram. Mən insan ehtiyacının tələblərinə və estetikanın daimi prinsiplərinə cavab verən praktik, yüksək keyfiyyətli məhsullar yaratmağa çalışıram.

Karyeranızda hansı sürprizlərlə qarşılaşdınız və onlar brendinizə necə təsir etdi?
Gənc dizaynerlər üçün həm digər unikal brendlərlə, həm də özlərini sübut etmiş moda evləri ilə rəqabət aparmaq çox çətindir. Qarşılaşdığım ən böyük problemlərdən biri yaşım az olduğu üçün mağazalar və mətbuatın peşəkarlığıma şübhə ilə yanaşması oldu. Amma komandamın əməyi, fədakarlığı və əzmkarlığı sayəsində biz öz imkanlarımızı tez bir zamanda göstərə bildik. Şəxsən mən hesab edirəm ki, gənc dizaynerlərin üstünlükləri davamlı böyümə və ənənəvi modanın sərhədlərini genişləndirmək bacarığındadır. Dünyadakı bir çox gözəl insanların hədsiz dəstəyi və sevgisi mənim yaradıcılığımı gücləndirir, məni istənilən maneələri dəf etməyə və sevdiyim işlə məşğul olmağa şövq edir. Çünki bir arzunun ardınca gedərkən ümid və motivasiyanı itirməmək çox vacibdir.

Brendinizin əsas dəyərləri hansılardır və niyə onları seçdiniz?
Mənim fikrimcə, lüks brend üçün ən vacib dəyər hər bir yaradıcılıq məhsulunun arxasında dayanan ustalıqdır. Biz hər bir məhsulu yaratmaq və təkmilləşdirmək üçün vaxt ayırırıq, bütün Marina Raphael modellərində hər bir tikiş ən yüksək standartlara uyğun hazırlanır. Bütün məhsullarımız Ponte-Vekkoda dəri ənənələrinə hörmətlə yanaşan təcrübəli ustalar tərəfindən yaradılır. Bununla biz yerli ailə biznesinə də dəstək oluruq. Son olaraq, qısamüddətli tendensiyalardan uzaqlaşan Marina Raphael çantaları özündə uzunömürlülüyü, praktikliyi və müasir estetikanı birləşdirir, bu da onları mövsüm boyu istifadə etməyə imkan verir.

Brendiniz ekologiyaya necə riayət edir? Bu trenddir, yoxsa səmərəli istehlaka və sağlam planetə aparan yoldur?
İnanıram ki, ekoloji moda sadəcə bir tendensiya deyil, bu gələcəyə doğru mühüm addımdır. Ekologiya həmişə Marina Raphael brendinin əsas dəyərlərindən biri olub, biz qlobal ekoloji standartlarına ciddi surətdə riayət edirik, istehsal prosesini təkmilləşdirməyin yeni yollarını araşdırırıq. Lap əvvəldən biz Near-0-Waste (0 tullantı) prinsipi üzrə innovativ metodları tətbiq etməyə çalışırdıq: materialların təkrar emalı və təkrar istifadəsi, az miqdarda dərinin aşılanması və s. Bundan əlavə, bizim missiyamız zamanın sınağına tab gətirəcək və nəsildən-nəslə ötürüləcək əşyalar yaratmaqdır.

Moda dünyasında kollaborasiyalar indi çox populyardır və Siz onları brendinizin tarixinə fəal şəkildə tətbiq edirsiniz. Sevdiyiniz üç kollaborasiya haqqında danışın.
Marina Raphael olaraq müsbət təsir göstərməyin və geyilə bilən sənət predmetlərinə nəfəs verməyin vacib olduğunu hesab edirik. Bizimlə eyni estetikanı paylaşan və yaradıcılığın sərhədlərini aşan bir çox tərəfdaşlarla əməkdaşlıq edirik, onlarla məhdud kolleksiyalar yaradırıq. Ən uğurlu əməkdaşlıqlardan biri Evangeli Smirniotaki ilə 5000-dən çox Swarovski kristalı ilə bəzədilmiş çanta dizaynı oldu. Sonra Swarovski markasının kreativ direktoru Covanna Engelbert ilə birlikdə işləyərək, zinət əşyalarını xatırladan eklektik çanta dəsti hazırladım. Üç dizaynın hər biri Swarovski ənənəsinin qabaqcıl sənətkarlığı ilə birləşir, bu da üzərində əsl zinət əşyasını daşımağa imkan verir. Nəhayət, modanın ekologiyasına olan baxışımız üst-üstə gələn eko-inkişafı üzrə konsultant Doyna Çioban ilə birlikdə tamamilə veqan dəridən və emal edilmiş təbii pambıq qarışığından hazırlanmış üç möhtəşəm əl işi çantası yaratdıq. Əksər hallarda plastikdən hazırlanan veqan dərindən fərqli olaraq, çantalarımızın hazırlanmasında sənayedə alma qalıqlarından əldə edilmiş unikal dəridən istifadə edirik.

Brendiniz məşhurlar və Instagram bloggerləri arasında tanınır. Bu şəxsən Sizin üçün nə ifadə edir?
Təbii ki, bu, mühüm nailiyyətdir. İnsanların mənim hazırladığım modelləri istifadə etməsi və onları həqiqətən özününküləşdirməsini görmək mənim üçün böyük sevincdir. Çantalarımızı Eşli Benson, Cesika Alba və Ket Qrem, supermodellər İrina Şeyk, Kendis Sveynpol və İzabel Qular, müğənni Rita Ora, inflüenserlər Kyara Ferranyi və Kamila Koelyo, moda ikonaları Oliviya Palermo, Covanna Engelbert və Peris Hilton, hətta Niderlandiya kraliçası Maksima istifadə edir. Mən taleyimə şükr edirəm ki, çantalarımı həmişə özünəinamı və qüsursuz tərzlərinə görə nümunə götürdüyüm insanlar istifadə edir.

Gəlin söhbətimizə tendensiyalar barədə davam edək. Rəqəmsal moda getdikcə daha da populyarlaşır və ona tələbat artır. Bununla bağlı planlarınız və ya fikirləriniz varmı? Modanın gələcəyini necə görürsünüz?
Bəli, virtual podiumlar və NFT-lər getdikcə populyarlaşır və rəqəmsal modanın mühüm rol oynadığını danmaq olmaz. Amma mən modanın gələcəyini - ekoloji olmasında görürəm. Artıq uzun illərdir ki, müştərilərin sürətli moda seqmentindən uzaqlaşaraq klassik və universal parçalara üstünlük verdikləri üçün brendimizin ekoloji aspektləri haqqında daha çox öyrənmək istədiklərini görürük. 2020-ci ildə bu çətin dövrlərdə modanın mahiyyətinə yenidən nəzər salmağın nə qədər vacib olduğu bəlli oldu. Uzun müddət təcrid, qeyri-sabitlik, sosial məhdudiyyətlər dövründə müştərilər həmişəkindən daha çox yüksək keyfiyyətli və zamana tabe olmayan dizayn axtarırdılar. Məhz buna görə Marina Raphael ekologiya vasitəsilə planetə və bəşəriyyətə hörmət nümayiş etdirir.

Və son olaraq, Siz özünüz hansı çantanı götürürsünüz və içərisində nə gəzdirirsiniz?
Vaxtımın çox hissəsini işlə məşğul olduğum üçün özümə praktik Mini Riviera çantasını seçmişəm. O, bütün gündəlik ehtiyaclarımı qarşılayır və ən sadə geyimlə belə uyğun gəlir. Çantamdakı bəzi şeylər gərgin günün öhdəsindən gəlməyə kömək edir: SPF-li yüngül gündüz kremi, yığcam flakonda təravətləndirici ətir, nəmləndirici dodaq balzamı, qulaqlıqlar və kiçik poverbank, çünki telefonumun batareyası həmişə boşalır!