Dekabrın 23-də, Yeni il bayramı ərəfəsində artıq ənənəvi olan “Through History. Museum of Architecture and History” (“Tarix vasitəsilə. Memarlıq və Tarix Muzeyi”) adlı sərginin açılışı baş tutdu. Sərgi ziyarətçiləri zəncəfilli instalyasiya ilə məftun etdi.
Zəncəfilli instalyasiyanın yaradıcıları yüksək məharət nümayiş etdirdilər. İdeyalarını həyata keçirmək üçün onlar müxtəlif şirniyyatlar və yeməli bəzəklərdən istifadə ediblər. İnstalyasiyanın hazırlanması üçün 40 kq marsipan, 20 kq krem, 5 kq ağ şokolad, 70 ədəd dondurucu sprey, 250 kq peçenye və 40 kq qlazur istifadə edilib.
NARGIS Nəşriyyat evi ildən-ilə ictimai həyatın müxtəlif sahələrini əhatə edən irimiqyaslı tədbirlər təşkil edir. Bu il zəncəfilli instalyasiya Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına həsr olunub, bu isə ədalətin təntənəsi olmaqla yanaşı, bölgədə davamlı sülhün yolunu açır.
Zəncəfilli instalyasiya son illərin ən diqqətçəkən və yaddaqalan mədəni, sosial, idman tədbirlərini, o cümlədən, Azərbaycanın müxtəlif bölgələrində keçirilən çoxsaylı festivalları, Füzuli Beynəlxalq Hava Limanının açılışını, Formula 1 Azərbaycan Qran Prisini, “Bakı 2015” Avropa Oyunlarını və digər tədbirləri, habelə mədəni və tarixi əhəmiyyət kəsb edən obyektləri və tikililəri əks etdirən Azərbaycanın xəritəsi şəklində hazırlanmışdır. Sərgi bayram ab-havasından zövq almaq imkanı yaradır. Tədbirdə çox sayda uşaqlar iştirak edib və onlara kartlar və zəncəfilli peçenyelər hədiyyə edilib. Bundan əlavə, hər kəsin zövq aldığı bu tədbirdə Yeni il mahnıları ifa edən musiqiçilərin müşayiəti ilə Qrinç və Olaf kimi xüsusi qonaqlar da iştirak edib.
NARGIS jurnalının komandası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Coca-Cola Azərbaycan şirkətinə, Sea Breeze, “Şuşa” otelinə, Bakı Limanına, Azərbaycan Dəmir Yolları QSC-yə, Oksbridge Akademiyasına, ALOE Pharm & Beauty apteklər şəbəkəsinə, Medsol MMC-yə verdiyi dəstəyə görə minnətdarlığını bildirir.
Bu genişmiqyaslı layihənin həyata keçirilməsində və şəhərin planının formalaşmasında əvəzsiz yardım göstərən və tədbirə hazırlıq zamanı daim bizə məsləhət verən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini xüsusilə qeyd etmək istərdik.
Sərginin keçirilməsi üçün məkan ayırdığına görə “Port Baku Mall” ticarət mərkəzinə, instalyasiyanın yaradılmasında əvəzsiz töhfələrinə görə “Le Plaisir” qənnadı butikinə və texniki dəstəyə görə Məcid İsabalayevə xüsusi təşəkkürümüzü bildiririk.
"Through History. Museum of Architecture and History" sərgisi 18 yanvar 2024-cü il tarixinədək davam edəcək.