NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Fabio Filippini: "Zaman, sürət və gözəllik." "Bulgari"nin Barselona Premyerası

Zaman, sürət və gözəllik “Bulgari”nin Barselona premyerasını ən yaxşı şəkildə izah edə biləcək üç anlayışdır. Dekabrın əvvəlində Roma mərkəzli brend, sadəcə uniseks idman saatlarının təzə modellərini deyil, həmçinin “Aluminium x Gran Turismo” xəttini və eyni zamanda “Aluminium Vision GT” avtomobilini təqdim etməklə izləyicilərini heyrətə gətirdi. Bu avtomobil real həyatdakı yarışlar üçün yox, virtual halqalar üçün - xüsusilə də, “Gran Turismo” kompyuter oyunu daxilində keçirilən yarışlar üçün hazırlanıb.

  •  
  •  
  •  
/

“Aluminium Vision GT” avtomobilinin hazırlanması prosesinə “Bulgari” şirkətinin baş dizayneri Fabrizio Buonamassa ilə birlikdə dizayn sektorunun əfsanələrindən olan Fabio Filippini rəhbərlik edib. Memar, dizayner, həm nəzəri, həm də praktiki işlərlə məşğul olan, əslən italyan olan Filippini Avropa və Asiya brendləri ilə əməkdaşlıqları əhatə edən bir karyeraya sahibdir. O, dünyada avtomobil modasına yön verməsi ilə məşhur olan “Pininfarina” Dizayn Mərkəzinə də bir müddət rəhbərlik edib. Fabio Filippininin “NARGIS” Jurnalına verdiyi eksklüziv müsahibəni təqdim edirik.

“Gran Turismo” 100 milyona yaxın oyunçunu əhatə edən dünyanın ən populyar kompyuter oyunlarından biridir. Bir sıra brendlər bu oyun üçün eksklüziv yarış avtomobili modelləri hazırlayır. Bəziləri bu konseptlərini yalnız virtual şəkildə hazırlasa da, digərləri bu modellərin real həyat versiyasını da təqdim edir. Barselonada “Gran Turismo” kompyuter oyunu üzrə yarışın finallarında təqdim edilən “Bulgari”nin “Aluminium Vision GT” modeli də bunlardan biridir. Bu, funksional maşından daha çox heykəltəraşlıq nümunəsinə bənzəyən, bir dəfə üçün təqdim olunmuş bir avtomobil modeli yaratmaq mövzusunda ilk təşəbbüsünüzdür?
Əvvəllər də oxşar təcrübəm olub. Hələ 2017-ci ildə Pininfarinada olarkən “Gran Turismo” oyunu üçün xüsusi bir avtomobil hazırlamışdım, lakin daha sonra diqqətimizi bu tip modelin məhdud seriyalı istehsalının mümkünlüyü ətrafına yönəltdik. Müəyyən bir model yaradılmazdan əvvəl "genişləndirilmiş dizayn" mərhələsi olur ki, bu mərhələdə dizaynerin işi onu təcrübə etmək və yeni ideyalar təqdim etməkdən ibarət olur. Hər avtomobil ideyasının real həyatda tətbiq olunması nəzərdə tutulmur, bunları “konsept avtomobillər” adlandırırıq. Onlar adətən innovativ konsepsiyaları, texnoloji irəliləyişləri və yeni tərzləri nümayiş etdirmək üçün nəzərdə tutulur, hansı ki, bu modellərdə faktiki istehsal mərhələsinə keçid etmək məcburi deyil.

  •  
  •  
  •  
  •  
  •  
/

Virtual və real avtomobillərin dizayn olunması arasında hansı fərqlər var?
Dizayn prosesinin özü o qədər də fərqlənmir, hər şey məzmundan və məqsəddən asılıdır. Hal-hazırda hər bir avtomobilin səyahət yolu rəqəmsal inkişaf ilə başlayır. Bununla belə, istifadə olunan proqram təminatı həmin dizayn üçün istehsalın nəzərdə tutulub-tutulmamasından asılı olaraq dəyişir. Təbii ki, istehsalı da nəzərdə tutulan avtomobillərin dizaynlarının hazırlanmasını üçün yalnız virtual dünyaya xas avtomobillərlə müqayisədə daha dərin, texniki cəhətdən mürəkkəb proqram təminatı tələb olunur. "Əsl" avtomobillər bir sıra təhlükəsizlik qaydalarına və ekoloji tələblərə cavab verməlidir, bunun üzərinə marketoloqlar tərəfindən edilən hesablamaları da qata bilərik.

Deməli, "oyun" maşını dizayn edərkən texniki məhdudiyyətlərə və müəyyən problemlərə o qədər də diqqət yetirməmək olar?
Oyunlar ilk növbədə hisslərimizi əhatə edən xəyali dünyalardır. Doğrudur, virtual dünyalarda real həyatdakı müəyyən məhdudiyyətlər mövcud deyil, lakin bunun da bir sərhədi var, çünki hər bir halda oyunlar real dünyanın bir simulyasiyasıdır. “Gran Turismo” kimi oyunlarda ekrandakı avtomobillər reallığa yaxın texniki göstəricilərə malik olur və bu da sözükeçən məhdudiyyətləri nəzərə almağımızı bizdən tələb edir. Bu, oyun sükanı arxasında olan oyunçunun əsl yarış avtomobilinin içərisində imiş kimi bir hiss yaşamasını təmin edir. Bu isə bizim həmin oyun avtomobillərini nə dərəcədə real həyatdakı orijinal versiyalarına bənzətmək istəməyimizdən asılıdır.

Bu gün ictimaiyyətə nümayiş etdirilən “Bulgari”nin konsept avtomobil modelinə əsl mühərrik, əyləclər, təkər sistemi quraşdırılması və onun real yarış təcrübələrinə uyğun hazırlanması ideyasına necə yanaşırsınız?
Nəzəri olaraq, bu mümkündür. Bununla belə, bu ideyanı reallaşdırmaq üçün istər-istəməz orijinal konsepsiyanı hansısa şəkildə dəyişdirmək lazım olacaq, bu isə əlavə vaxt və xüsusi səy tələb edir. Məsələn, ilkin olaraq, avtomobilin elektrikli mühərrikə, yoxsa ənənəvi mühərrikə sahib olmağı ilə bağlı bir sual yaranır. Bu, mənim saat hazırlanması ilə məşğul olan həmkarlarımın hazırladıqları saatın “quartz” və ya ənənəvi mexaniki “calibre” sistemi ilə quraşdırılması barədə verməli olduqları qərara bənzəyir.

  •  
  •  
  •  
  •  
/

Siz real ölçülü modeli Turində, konsept avtomobillər hazırlayan emalatxanada artıq yaratmısınız. Oradakı sənətkarlar sizə bu işiniz haqqında nə dedilər?
Onların öz iş yerlərində hər gün bir neçə diqqətəlayiq model və prototiplərlə qarşılaşdığını və bu mövzuda çox təcrübəli olduqlarını nəzərə alsaq, “Aluminium Vision GT” avtomobilini təqdir etmələri bizim üçün xüsusi əhəmiyyət daşıyır.

  •  
  •  
  •  
/

Avtomobilin dizaynı ilə yeni saat arasındakı əlaqəni necə izah edə bilərsiniz? Hansı xüsusiyyətlər bizə bu avtomobilə əsl “Bulgari” istehsalı kimi yanaşmağa imkan verir?
Biz “Bulgari” şirkətinin baş dizayneri Fabrizio Buonamassa ilə bu dizaynı bir yerdə hazırlamışıq, onun da avtomobil dizaynı sahəsində böyük təcrübəsi var. Onunla birlikdə bu qədər fərqli miqyasa malik iki obyekt arasında tam birəbir olmasa da, kifayət qədər oxşarlığa nail olduq. Məsələn, avtomobilin alüminiumdan hazırlanmış kuzovu və qara rezin buferi, alüminium saat korpusu və onun rezin qolbağı arasındakı əlaqəni əks etdirir. Dairəvi kabin saatın şüşə ilə örtülmüş örtüyünə uyğun gəlir, maşının kuzovundan kənara çıxan təkərlər isə saatın yan vintlərini əks etdirir. Əlavə olaraq da, göstərici panelinin rəngi və quruluşu yeni model saatların üzlüyünün görüntüsünə bənzəyir.

  •  
  •  
  •  
  •  
  •  
/

Saat komponentlərinin avtomobillər üzərinə onları mahiyyətcə heykəltəraşlıq nümunələrinə çevirəcək şəkildə adaptasiya edilməsi dizayn sənətinin mahiyyəti və fəlsəfəsi ilə üst-üstə düşürmü? Fabrizio Buonamassanın "təkərli saat" yaratmaq ideyasına o qədər də isti münasibət bəsləməməsi ilə bağlı bir ifadəsi də var.
Fəlsəfi cəhətdən yanaşsaq, yarış avtomobilləri mahiyyətcə sürət anlayışını təcəssüm etdirir, hansı ki, bu anlayış da zaman ilə əlaqəlidir. Saatlar, xüsusən də bizim nümunəmizdəki xronoqraflar isə mahiyyət etibarı ilə zamanı əks etdirir, sadəcə onu ölçmək üçün deyil, həm də vizual olaraq görə bilmək üçün nəzərdə tutulmuşdur. Hər ikisini birləşdirən isə gözəllik anlayışıdır. Yeni bir “Bulgari” saatı kimi bizim avtomobilimiz də gözəl görüntüyə sahibdir. Beləliklə, bir-birinə zidd olmayan üç anlayış: zaman, sürət və gözəllik arasında bir bağlantı yaranmış olur.

Aleksey Tarxanov, eksklüziv olaraq ”NARGIS MAGAZINE” üçün

Həm kişilər, həm də qadınlar üçün hazırlanmış “Bulgari Aluminium x Gran Turismo” saatı yüngül, lakin davamlı alüminiumdan hazırlanmış korpusa və öz-özünə fırlanan “Manufacture B381” xronoqraf mexanizminə malikdir. "GT Vision 10th Anniversary" loqosu ilə işlənmiş tac və korpusun arxa hissəsi titandan hazırlanmışdır. İtalyan yarış avtomobillərindən ilhamlanaraq hazırlanmış saatların daxili hissələri onların rənglərini xatırladan çalarlara malikdir. 500 ədəd məhdud sayda buraxılmış saatlar qara rəngli göstəricilərlə bəzədilmiş sarı örtüyə, əlavə 1200 ədəd buraxılmış versiya isə sarı rəngli əlavələrlə boz örtüyə malikdir.