NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Palitradan Dəbdəbəyə

Yeni ikonumuz - standartlardan tamamilə uzaq bir tərzə malik Elnarə Nəsirli ilə tanış olun. Onun geyim seçimləri öz emosiyalarını təcəssüm etdirən bir güzgü kimidir. Seçmiş olduğu hər bir elementin bir sənət əsəri olması ilə bərabər, onun müstəsna tərzi sahib olduğu hüdudsuz xəyal dünyasının bariz göstəricisidir.

Ətək və çəkmələr – “BALENCIAGA”, Əlcəklər – “DATT”, Üst geyimi – “WONDERWANDERSHOP”

Şalvar – “MMMDN”, Sviter – “TTSWTRS”, Aksesuarlar – “TIFFANY”

Elnarənin Hekayəsi:

Mən sənəti ifadə edirəm. Mən tam şəkildə inanıram ki, sənət digər heç bir dildə izahı olmayan şeyləri ifadə etmək üçün ideal vasitədir. İncəsənət bizə özümüzün və ətrafımızın qoyduğu məhdudiyyətləri aşaraq azadlığa çıxmaq üçün imkan yaradır.

Ətraf mühit və texnologiya sahəsindən gəlmiş biri olaraq, mən biotexnologiya və qarışıq mediadan ilham alıram. Rəsm, heykəltəraşlıq, kollaj və quraşdırma kimi sənət sahələrində qeyri-ənənəvi materiallardan istifadə etməklə heç bir limiti olmayan biomorfik dünyalar yaradıram. Biomorfik formalara əsaslanan bu vizual dil öz mahiyyətini yunanca həyat mənasını verən “bios” və forma mənasını verən “morfe” sözlərindən götürür.

Mənim bədii təcrübələrimin əsasında mədəni və coğrafi sərhədləri aşan biomorfik sənətin dəyişdirici gücü, özünü ifadəsi dayanır. Mənim əsərlərim tamamilə şəxsidir, onlar sadəcə ətraf mühit texnologiyası ilə bağlı keçmiş təcrübələrimi deyil, həm də fiziki mövcudluğumu və üzləşdiyim çətinlikləri, macəraları əks etdirir.

Yaratdığım məkanlar insan təcrübəsinə, özünü ifadə etməyə və ümumilikdə dünyaya müxtəlif baxış bucaqları açaraq, emosional cəhətdən bərpa olmaq, eyni zamanda ətraf mühitə qarşı qayğını artırmaq üçün izləyiciləri həm səslərdən, həm də görüntülərdən ibarət cəlbedici kəşfiyyata dəvət edir. Mənim sənətimin əhəmiyyətli bir hissəsi həyatı və əbədi mövcudluğu simvolizə edən dairəvi parçalardan - tondilərdən ibarətdir. Çoxsaylı əsərlərdən ibarət kətan seriyamda isə daim dəyişməkdə olan fiziki və emosional vəziyyətlərimin müvəqqəti keçidlərini ərsəyə gətirmişəm. Qeyd edim ki, ən böyük əsərlərimdən biri Tbilisinin Müasir İncəsənət Muzeyindəki sərgi üçün hazırlanıb və 40 metr uzunluğundadır. Hər bir sənət əsərini heç bir hüdudun olmadığı, daha genişhəcmli rəsmlərə açılan bir pəncərə kimi qəbul edirəm.

Bədii təcrübəmdəki fədakarlıqlar ən çətin şəraitlərdə, hətta möhkəm bir qayanı sındırmaq bahasına olsa belə böyüyərək çiçəklənməyi bacaran bir gülün sarsılmaz əzmini əks etdirir. Bu bənzətmə, yalnızca mənim şəxsi mübarizələrin və çətinliklərin öhdəsindən gəlmək qabiliyyətimi deyil, həm də başqalarının da eyni şeyi etmək üçün ilhamlanmasını ehtiva edir, bütün çətinliklərə baxmayaraq yaradıcılığın və mənəviyyatın inkişafına şərait yaradır.

Mənim stilim sənət əsərlərimin və dünyaya baxışımın təcəssümüdür. Özümüzü gücləndirən, eyni zamanda qadına xas olan yeni bir tərz üçün daim axtarışda olmalı olduğumuzu düşünürəm.

"BÜTÜN BU ZÜLMƏTDƏN BƏŞƏRİYYƏTƏ MƏLUM OLAN ƏN PARLAQ İŞIQ ÇIXAR."
Paramatma Siri Sadhana