NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Mehriban Zeynalovanın “təmiz dünyası”

Məişət zorakılığı dünyada lazımi dərəcədə qiymətləndirilməmiş cinayət növlərindən biri olaraq qalır: bir qayda olaraq, qurbanın qohumları ailədə hökm sürən özbaşınalıq haqqında susurlar, hətta tibb işçiləri belə faktları saxtalaşdıra və işgəncələrin izlərini gizlədə bilərlər – ilk baxışdan ən ülvi niyyətlərə görə: ailənin qorunması üçün. Axı Azərbaycanda ailə ənənəvi olaraq ən başlıca həyati dəyərdir.
Azərbaycan Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə ölkəmizdə 1175 məişət zorakılığı hadisəsi qeydə alınıb, nəticədə 47 nəfər həlak olub. Daha çox, əlbəttə ki, qadın və uşaqlar əziyyət çəkir. Zorakılığın qurbanına çevrilmək çox qorxuncdur, amma nə ümid, nə dəstək, sadəcə getməyə bir yerin olmayan şəraitə düşmək daha da qorxuludur. Xoşbəxtlikdən, ölkəmizdə hətta belə çıxılmaz vəziyyət təsiri bağışlayan məqamda yardım əlini uzatmağa hazır olan kifayət qədər insan yaşayır. Belə insanlardan biri “Təmiz dünya” – qadınlara və uşaqlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalovadır. 2002-ci ildə o, məişət zorakılığının qurbanları üçün sığınacaq yaratdı. Burada zərərçəkənlər yaşamağa yerdən savayı həm də hüquqi və psixoloji yardım alırlar.


Mehriban xanım, zəhmət olmasa, sığınacaq haqqında danışardınız. Bu sığınacaqda qadın nə kimi yardım ala bilər?
Əvvəlcə qeyd edim ki, qadınlar bizim sığınacağa müxtəlif səbəblər üzündən düşürlər, axı onların hər birinin öz dünya görüşü, emosional intellekti və hadisələrə münasibətləri var. Bəzən bizdən soruşurlar: nə üçün sığınacağa fiziki cəhətdən zərər çəkməyən qadınları qəbul edirsiniz? Bu, düzgün yanaşma deyil. Qadınlar var ki, onları hər gün döyürlər və onlar müticəsinə bütün döyülmələrə və alçalmalara dözürlər, bəzən heç ehtimal da vermirlər ki, belə “mələk səbri” onların ölümü ilə nəticələnə bilər. Amma qadınlar var ki, əzəldən alçaldıcı münasibəti qəbul etmirlər və onlar fiziki zorakılığı gözləməyərək bizə üz tuturlar. Belə qadınlar çox şey istəmirlər: azad olmaq və bu cür qohumlardan uzaq yaşamaq.


Qadın və uşaqlar üçün “Təmiz dünya” sığınacağımız 2002-ci ildən fəaliyyət göstərir. Psixoloq, hüquqşünas, sosial işçilər və rəhbərlik daxil olmaqla burada 9 əməkdaş var. Yeni zərərçəkən daxil olduqda onların hamısı əl-ələ verib prosesə qoşulurlar: gələnin psixoloji durumunu qiymətləndirmək, onun problemini dinləmək və onu necəsə həll etməyə çalışmaq lazımdır. Biz ailə, sosial-iqtisadi vəziyyət, qohumlar, təhsil, irsi xəstəliklər və s. haqqında suallar veririk – bir sözlə, mürəkkəb vəziyyətin daha dəqiq qiymətləndirilməsi üçün bütün detalları üzə çıxarmağa və nəzərə almağa çalışırıq.
Polisin küçədə tapdığı və bizim yanımıza gətirdiyi qadın və uşaqlar var. Belə olan halda biz onların qohumlarını axtarırıq, zərərçəkənlərin nə üçün küçəyə atıldıqlarına aydınlıq gətirməyə çalışırıq və yardım etmək üçün əlimizdən gələni əsirgəmirik. Burada qeyd etmək istərdim ki, bu baxımdan dövlət orqanları bizə çox dəstək verir. Biz Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Sosial Müdafiə Nazirliyi, Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Sığınacağa gələn əksər qadınlar Əmək və Sosial Müdafiə Nazirliyi vasitəsi ilə iş tapırlar, Daxili İşlər Nazirliyi isə bizə onların təhlükəsizliyinin təminatında yardım göstərir. Səhiyyə Nazirliyinin sayəsində qadınlar və uşaqlar tibb müəssisələrinə müraciət edə bilirlər, Təhsil Nazirliyi isə himayəmizdə olan uşaqlar üçün yaxınlıqdakı məktəblərə getməyə şərait yaradır. Yeri gəlmişkən, biz yalnız uşaqların deyil, həm də qadınların (onların sırasında da tez-tez az savadlılara rast gəlinir) mütləq təhsilinə böyük əhəmiyyət veririk. Könüllülər, rus və ingilis dilləri müəllimləri bizə bu işdə çox yardım edirlər.

Hələ qurbana çevrilməmiş, lakin faciənin baş verəcəyini hiss etmiş qadınlar Mərkəzə tez-tez müraciət edirlərmi?
Kifayət qədər tez-tez. Bəzən qadınlar artıq hədə səviyyəsində təhlükəni hiss edərək müraciət edirlər. Biz onların ərlərini psixoloqun yanına göndəririk ki, o, rəyini bildirsin: həqiqətənmi belə təhlükə mövcuddur. Bəzən psixoloqla söhbət müsbət nəticə verir, lakin daxili aləmini və hisslərini əsaslı surətdə gizlədən kişilərə də rast gəlinir, bəziləri isə psixoloqla görüşdən qəti imtina edirlər. Amma buna qədər biz qadınla uzun müddət söhbət edirik və öz müşahidələrimizdən nəticə çıxarırıq: bu bizə problemin nədən və ya kimdən qaynaqlanmasını anlamağa imkan verir.

Belə kişini mütəxəssislərin yardımı olmadan “yenidən tərbiyələndirmək” realdırmı?
Bir çox kişilərimizdə qadına əl qaldırmaq – uşaqlıqdan miras qalan “vərdişlərin” davamıdır. Belə olan halda ona arvadını idarə etmək daha asandır, həm də ki, ailədə üstünlüyünü bəyan etmək üçün başqa üsul da tanımır. Kişilər də var ki, qadınlara aşkar nifrət bəsləyirlər, belələri xüsusilə qəddar rəftardan çəkinmirlər.
Bütün bu davranış faktorları daha çox şüuru zədələyən neqativ uşaqlıq təcrübəsi, kişinin həyatının erkən mərhələsində yaşadığı hər hansısa sarsıntılar ilə bağlıdır, – səbəblər müxtəlif ola bilər. Qadınlarda olduğu kimi, kişilərə də müxtəlif şəxsiyyət cizgiləri, psixotip və emosional intellekt xasdır, bunları nəzərə almaq vacibdir. Lakin bəzi hallarda qadın özü zorakılığa provokasiya edir. Biz qadınlar bütün qayğıları öz üzərimizə götürməyi adət etmişik. Bunun motivləri xoşdur, amma kişilər belə vəziyyətə tez öyrəşirlər, illər ötdükcə isə yüklənmə artır və günlərin birində qadın anlayır ki, bu yükü tək daşımağa qadir deyil – ev işlərindən savayı dükanları gəzmək, uşağı bağçaya ya məktəbə aparmaq, məişət məsələlərini həll etmək – razılaşın ki, bizim ailələrdə bütün bunlar tamamilə və bütünlüklə əsasən qadının çiyinlərinə düşür! Biz hər şeyə övladlarımız naminə dözməliyik düşüncəsi ilə yaşayırıq. Lakin zaman ötdükcə münasibətlərdə ciddi problemlər yaranır, hər şey də ona görə ki, vaxtında ailədəki rollar lazımınca bölünməmişdi, tərəflər bir-birini anlamır və ya anlamaq istəmir və heç zaman aralarında öz problemlərini müzakirə etmirlər.

Necə düşünürsünüz, kişilərin aqressiv davranışına daha çox nə zəmin yaradır?
Bizdə başqa ənənə də var – əsas ailə problemləri yükünü kişi adətən tək daşıyır və ömür-gün yoldaşı ilə düşüncələrini bölüşmür. Hesab olunur ki, ər arvadını təmin etməlidir, amma necə – bu artıq onun problemidir. Bəzi qadınlar da bütün ailə və məişət məsələlərinin həllinin ərin öhdəsinə buraxır, öz işlərinin isə – yalnız uşaqların tərbiyəsindən ibarət olduğunu düşünürlər. Hər kəs də öz işi ilə məşğuldur, ancaq məqam yetişir və kişi anlayır ki, ona əsl partnyor, maraqlı həmsöhbət lazımdır: o, açıq diskussiyaya, anlayışa, həyatın mənəvi dolğunluğuna kəskin ehtiyac duyur... Biz qadınlar isə, kişini digərləri ilə müqayisə etməklə çox zaman onu aşağıladığımızın, onda aqressiya doğurduğumuzun fərqində olmuruq. Və nə qədər çox qadın ərinə ailəni təmin etməkdə aciz olduğuna dair irad bildirirsə, bir o qədər o, ona hörmətlə yanaşılacaq və onu anlayacaqları yerə can atır. Ailə xəyanətləri beləcə əmələ gəlir...

Ailə həyatına hazırlaşan və artıq ailə problemlərinin həllini axtaran qadınlara nə tövsiyə edərdiniz?
Nə isə tövsiyə etmək çox çətindir, axı hər bir ailə – kiçik dövlətdir, öz qanunları, ənənələri və ailədaxili ünsiyyət qaydaları ilə. Amma istənilən halda qadın üzərinə daşıya bilməyəcəyi yükü götürməməlidir, o, zərurət yarandıqda “yox” deməyi bacarmalıdır və tərəf müqabili ilə onu narahat edən şey haqqında danışmalıdır, bütün məsələləri müzakirə etməlidir. Özü də buna hələ nikahdan əvvəl başlamaq lazımdır. Bəzən deyirlər ki, bizim kişilərə əcnəbi qadınlarla yaşamaq daha rahatdır. Məsələ isə burasındadır ki, əcnəbi qadınlar ilk gündən özlərini elə olduqları kimi təqdim edirlər, biz isə hiss və düşüncələrimizi gizlətməyə adət etmişik, haradasa uydurulmuş, ideal obraz yaradırıq, lakin bir müddət sonra, bu obraz qeybə çəkildikdə və real cizgilər ortaya çıxdıqda – çox zaman boşanmaya aparıb çıxaran münaqişələr də elə buradan başlayır.
Çoxillik təcrübəmə əsaslanaraq belə bir qənaətə gəlmişəm: bizdə geniş yayılmış fikrin əksi olaraq, qadın mütləq işləməlidir – iqtisadi baxımdan müstəqil olmaq üçün. Bu heç də o demək deyil ki, ər və arvadın öz pulu olmalıdır və onlar bu pulları öz bildikləri kimi xərcləməlidirlər: ailə büdcəsini birlikdə idarə etməyi öyrənmək lazımdır, bu olduqca vacibdir.

Azərbaycanda qadınların zorakılığa məruz qalmaları probleminin sistemli həllini necə görürsünüz?
Məişət zorakılığı mövzusu bu gün bütün sivil ölkələrin gündəmindədir. 2020-ci ildə BMT-nin Qadınların vəziyyətinə dair komissiyasının 64-cü sessiyasında Pekin deklarasiyasının və Fəaliyyət platformasının həyata keçirilməsini, onların töhfəsini, həmçinin həll edilməmiş məsələləri nəzərdən keçirəcək və qiymətləndirəcək.
Bizim ölkəmizdə də artıq bu problemin sistemli həlli əlamətləri hiss olunur. O cümlədən, bizim sığınacaqda da: burada qurduğumuz sistem sayəsində bizə daxil olan qadınların problemləri diqqətlə öyrənilir və informasiya müvafiq dövlət orqanlarına göndərilir – bütün bu strukturlar öz tərəfindən bizim fəaliyyəti dəstəkləyir. Amma hətta bu işlək mexanizmdə həllini tələb edən korrdinasiya problemi mövcuddur.
Bizim sığınacağımızın sakinləri zorakılığa məruz qalan qadınlar və uşaqlardır. Qəyyumluğumuzda olanların təhlükəsizliyini təmin edən öz daxili qanunlarımız mövcuddur. Məsələn, biz 11-12 yaşdan yuxarı oğlanları qəbul etmirik, həmçinin foto və videoçəkilişlərə dair qərarı xüsusi olaraq qəbul edirik.
Daha bir vacib ictimai problem – çətin vəziyyətə düşmüş uşaqlarla bağlı məsələlərin həllinin maksimal effektivliyinin təminidir. Elə ailələr var ki, uşaqlarına normal tərbiyə verməyə və onların ehtiyac duyduğu diqqət və qayğını göstərməyə qadir deyillər. Sirr deyil ki, uğursuz ailələrin övladlarının əksəriyyətində mütəmadi məişət zorakılığı nəticəsində psixiki pozuntular əmələ gəlir. Belə uşaqların ailələrdən dövlət müəssisələrinə köçürülməsi aylar aparır. Lakin uşaq zorakılığa məruz qaldığı anda qaynar xəttə bu barədə məlumat daxil olursa, o zaman uşaq ailədən 14 saat ərzində alınır: bu dərhal edilməsə, uşaq aqressiyadan mühafizə olunmasa, bu çox pis nəticələnə bilər! Uşaq belə ailədə birtəhər həyatda qalacaqsa, lakin daim zorakılığın qurbanı olacaqsa, onun gələcəkdə cani və ya dilənçi olmağa bütün şansları var. Bir çoxları düşünür ki, uşaqlar hər şeyi tez unudur, amma bu belə deyil! Dəhşətli neqativ vəziyyət uşaq şüurunda silinməz iz buraxır və onda, qeyri-adekvat davranışı hələ bir kənara qoyaq, təhrif olunmuş mənəvi dəyərlər formalaşdıra bilər.


Biz sığınacağımızın hər sakininin problemini həll etmək üçün səylə çalışırıq. Bəzi qadınlar bizdə daha çox qalmaq istəyirlər, lakin biz hesab edirik ki, bu onların özünə ziyan verəcək: belə olan halda qadın öz sığınacağından asılı vəziyyətə düşür, onun cəmiyyətə inteqrasiyası çətinləşir, qorxuları isə ancaq artır. Biz qəyyumluğumuzda olanları müstəqil həyata hazırlamağa çalışırıq və hazırda cəmiyyətə inteqrasiya üçün “Özçətir” adlı yeni proqramı hazırlayırıq.
Mənim müşahidələrim göstərir ki, bir çox qadınlar öz “çətirlərini” yaratmaq əvəzinə kiminləsə – valideynləri və ya həyat yoldaşı ilə birlikdə “çətir” altında gizlənməyə çalışırlar. İstənilən halda, müstəqil yaşamağa və işləməyə başlayan qadın, hər şeyə rəğmən övladlarını öz “çətiri“ altında saxlamalıdır, hərçənd, bu asan deyil... — N