Biz Anna İbrahimbəyova ilə çəkilişdən əvvəl uyğun obrazları müzakirə etmək və çəkiliş yerini öncədən görmək üçün Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində görüşməyə qərar verdik. Anna xanım hər zamankı kimi zərif, qədd-qamətli, bər-bəzəkli üzüklərlə dolu barmaqları arasında alışdığımız siqaret ilə başdan-ayağa qara geyinmiş libasda məni salamlayır. “Maqsuddan sonra bu rənglə doğmalaşmışıq” – sanki ev sahibi düşüncələrimə cavab verir. Qara məxməri smokinqdə, qısa kəsimli saç düzümü, kübar davranışları və kamera qarşısında unutmadığı model duruşunu düzəltməsi ilə Anna xanım bundan sonra həmişəlik mənim şəxsi tərz ikonası top-onluğumda yer alacaq. Ancaq o, “Maqsud haqqında” danışmağa başladığında böyük tünd eynəkləri belə mavi gözlərindəki eşq işıltısını gizlədə bilmirdi, Anna xanım qarşımızda yazıçının gözəl və sadiq muzası obrazında durur və daha da özünə məftun edir. 33 illik sevgi hekayələri dənizdə başladı və orada da bitdi. Ancaq bu hekayənin sonu yoxdur və ola da bilməz. Çünki həqiqi sevgi bitmir. Həqiqi ədəbiyyat kimi...
Doğma ocaq
Ötən il sevindirici hadisələrlə yadda qalmayıb, lakin Maqsud İbrahimbəyovun 85 illik yubileyi xoş bir istisnadır. İçərişəhərdə, yerli dəzgahların əntiq xalçaları ilə döşənmiş yol ayrıcında yerləşən gözəl memari binanın qonaqpərvər qapıları ziyarətçilər üçün həmişə açıqdır. Binanın girişindən Maqsud böyük kətan rəsmdən qonaqları əsrarəngiz bığaltı təbəssümü ilə salamlayır, sanki evin sahibsiz olmadığını xatırladır... Əlbəttə ki. Axı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin yerləşdiyi bina yazıçının ata-baba yuvasıdır. Bu bina 1914-cü ildə yazıçının babası, neft sənayeçisi Ələkbər Məşədibəyov üçün məşhur memar Zivərbəy Əhmədbəyov tərəfindən inşa olunub. Yazıçının anası, 1924-cü ildə güllələnən Məşədibəyovun 7 övladından biri Fatma xanım burada doğulub. Sonradan ailə buradan köçürülüb. 70-ci illərə qədər bina kommunal mənzillərin olduğu yaşayış binası kimi istifadə edilib, Böyük Vətən müharibəsi dövründə isə binanın zirzəmisi bomba sığınacağı kimi fəaliyyət göstərib. 70-ci illərin sonlarında bina Sülhün Müdafiəsi Komitəsinin istifadəsinə verilib.
Bir gün inanılmaz, qeyri-adi bir hadisə baş verir: Maqsud İbrahimbəyova bu komitəyə rəhbərlik etmək təklif edilir və onu... bu quruma ayrılmış binanı görməyə dəvət edirlər. “Məni anamın doğulduğu, babamın evinə gətirdiklərində heyrətləndim və artıq razılaşmaya bilməzdim. Beləliklə Sülhün Müdafiəsi Komitəsinin rəhbəri oldum” - İbrahimbəyov o zaman bildirmişdi. Komitə vətənpərvərliyin təbliği ilə, xeyriyyəçiliklə, uşaqlara, yoxsul ailələrə və müharibə veteranlarına yardım göstərməklə məşğul olub. 1993-cü ildən bəri bu binada Maqsud İbrahimbəyovun sədrlik etdiyi "Azərbaycan Pen-Klub" təşkilatı fəaliyyət göstərib. 1999-cu ildən binada Maqsud İbrahimbəyovun Azərbaycan Prezidenti Heydər Əliyevin dəstəyi ilə yaratdığı “Əsilzadələr məclisi” fəaliyyət göstərib. Bina 2001-ci ildən İçərişəhər Dövlət Qoruğunun tarixi abidələr siyahısına daxil edilib. Bu gün isə bina Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzidir...
Sığınacaq
“Bu ev 33 ilə yaxındır ki, Maqsudun ofisi olub və bu səbəbdən buranı muzeyə çevirmək fikrinə gəldim. Bu fikri Prezidentimiz İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva dəstəklədilər. 2016-2017-ci illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə binada əsaslı təmir və bərpa işləri aparıldıqda ağlımdan interaktiv muzey yaratmaq fikri keçdi, sonra isə Mehriban xanım burada yaradıcılıq mərkəzi yaratmağı təklif etdi. Bu çox əla fikir idi! Çünki soyuq, rəsmi, donmuş, toz basmış bir şey istəmirdim – həyat dolu, gənclik coşğusu olan bir şey istəyirdim! Elə buna görə də bizim daimi ziyarətçilərimiz tələbələr, məktəblilərdir. Burada poeziya və musiqi axşamları, mühazirələr, tamaşalar keçirilir... Yaradıcı və istedadlı hər bir kəs üçün qapılarımız həmişə açıqdır. Məsələn, Nəsimi festivalının keçirildiyi günlərdə Leyla Bəyimin pyesi əsasında eksperimental interaktiv tamaşamız keçirildi. Tamaşada izləyicilər bütün evi aktyorların dalınca gəzirdilər. Burada davamlı olaraq nəsə baş verir, biz sanki bütün İçərişəhərin döyünən mədəni ürəyi olmuşuq. Görünür Maqsud sayəsində bura bir növ sehrli məkana çevrilib: buranı ən azı bir dəfə ziyarət edən hər bir kəs geri dönmək istəyir. Bura insanların xoşuna gəlir. İndi müharibədir və bu səbəblə hər şeyi dayandırmışıq, amma əminəm ki, biz qalib gələcəyik və hər şey yaxşı olacaq!" Ehtiyatla zirzəmiyə enirik. Divarlar İçərişəhər İstedArt layihəsi çərçivəsində könüllü rəssamların dərs verdiyi inkişafdan geri galmış xüsusi uşaqların heyrətamiz rəsm əsərləri ilə bəzədilib. Böyük Vətən Müharibəsinin bomba sığınacağının divarlarının içindən keçən bir növ dua hissi insanı tərk etmir... “Əvvəlcə uşaqlar müxtəlif muzeylərdə məşğul olurdular, amma sonra hamısı buraya gəlməyə başladılar. İnkişafdan geri galmış uşaqlar, Daun sindromlu uşaqlar, internatdakı kar və lal uşaqlar – hamısı burada xoşbəxtdirlər, onlar bura gəlmək üçün can atırlar və buradan getmək istəmirlər. Biz onları sevirik, onların yolunu gözləyirik, onlar üçün bayramlar təşkil edirik...”
Miras
Mərkəzin ekspozisiyası olduqca böyükdür, Maqsud İbrahimbəyovun müxtəlif illərdə nəşr olunmuş və ümumilikdə 36 dilə tərcümə olunmuş əsərləri də daxil olmaqla böyük bir kataloqu olan kitabxanadır. “Əsas fəaliyyətimiz Maqsudun kitablarının Azərbaycan və ingilis dillərinə tərcümə edilməsidir. Beş mindən çox nüsxəni Azərbaycanın bütün məktəblərinə paylamaq üçün Təhsil Nazirliyinə təhvil verdik. Tirajın müəyyən hissəsini hərbi hissələrin kitabxanalarına göndərdik.”
Evin hər guşəsi yazıçının xatirəsini qayğı ilə qoruyub saxlayır. Budur, şəxsi əşyaları və yazı maşınının yerləşdiyi kabinet. İkinci mərtəbədə rəssam Tahir Salahovun çəkdiyi, yazıçının dərin mənalı Marusya adlı mops it cinsinin əhatəsində çox uzaqlara dərin mənalı baxışlı portreti asılıb. Həsən Haqverdiyevin coşqulu karikaturalarından sanki dost məclislərinin səsi eşidilir... Silah kolleksiyası isə insanı vahiməyə salır və eyni zamanda valeh edir.
Yazıçının ədəbiyyat və ictimai-siyasi fəaliyyət sahəsindəki uğurlarına görə təltif edildiyi orden və medalları olan otaqda Nobel mükafatına namizəd göstərilən sənəd sərgilənir. 11 il ərzində komitədən ona məktublar yazılırdı, namizədlik üçün təkliflər göndərilirdi, lakin o, bu məktublara nadir hallarda cavab verirdi. Və budur, 2012-ci ildə o, namizəd göstərildi; hərçənd mükafat almamasına baxmayaraq, nominasiya faktı özü-özlüyündə Maqsud İbrahimbəyovun dünya ədəbiyyatındakı mühüm yerini təsdiqləyir.
Əgər Maqsud İbrahimbəyovun dünya kontekstindəki rolu çoxdan müəyyənləşdirilibsə, bu gün siyasi hadisələr fonunda milli yazıçı panteonundakı yeri məsələsi yenidən ortaya çıxır. Maqsud İbrahimbəyov İttifaq respublikalarından olan Fazil İskəndər, Çingiz Aytmatov və altmışıncı illərin digər yazıçıları kimi rus dilində yazırdı. Onların əsərlərini milli ədəbiyyata aid etmək nə qədər düzgündür?
“Mənə elə gəlir ki, Ramiz Fətəliyevin Maqsudun “Qardaşdan yaxşısı yox imiş” romanına yazdığı resenziyadan daha yaxşı cavab vermək mümkün deyil: “Maqsud əsl Azərbaycan münasibətləri, əsl Azərbaycan zehniyyəti haqqında əsl Azərbaycan əsərlərini başqa dildə yazırdı. Və bu fakt bu böyük kitabın tərkib hissələrindən yalnız biridir.” – Düşünürəm ki, bu sözləri Maqsudun bütün yaradıcılığına aid etmək olar və bununla da hər şey deyilib.
Xatırlayıram ki, 95-ci ildə Maqsuda millətçi zəmində fəal şəkildə böhtan atmağa başlamışdılar. Rəhmətlik Heydər Əliyev Maqsudun yubileyində iki dildə çıxış etdi, əsasən farsca və ərəbcə yazan Nizami və Füzulinin nümunələrini verdi, bu faktın onların böyük Azərbaycan şairləri kimi əhəmiyyətlərinin azalmadığını vurğuladı...”
Keçmiş olmadan gələcək olmaz
Bildiyiniz kimi, iki zadəgan ailənin davamçısı və mənəvi kübarlığın nümayəndəsi olan Maqsud İbrahimbəyov nəsillərin tarixi davamlılığını bərpa etmək arzusu ilə Milli “Əsilzadələr məclisini” qurdu. – “Əsas ideya Azərbaycanın elit təbəqəsini - intellektual, yaradıcı, elmi elitasını canlandırmaq, bu insanları birləşdirmək, onlara stimul vermək idi. Maqsud, ümumiyyətlə, yalnız tək bir millətin - ziyalı millətinin olduğuna inanırdı”.
– “Buna görə də cəmiyyətin əsas və birinci növbəli vəzifəsi şəxsi elitasını yaratmaqdır. Nə qədər ki, uğur əldə etmək ümidi var, bunu həyata keçirmək lazımdır. Risk çox yüksəkdir - qarşımızda millətin və dövlətin qorunub saxlanılması hətta qurtuluşu durur. Keyfiyyətli insani material olmadan istənilən siyasi-maliyyə aksiyaları və islahatlar, ən mənfəətli beynəlxalq sazişlər boşa çıxacaq. Bu gün olmasa, sabah. Sabah olmasa, on ildən sonra!” (M. İ. “Keçmiş olmadan gələcək olmaz” məqaləsindən, 17)
Rəssam/Hakimiyyət əbədi diadasında bir qayda olaraq Rəssam həmişə qəbul edən mövqeyindədir, Hakimiyyət isə ya bəxş edən, ya da cəzalandıran rolundadır. Ancaq yazıçının ilk əsilzadə rütbəsinin sertifikatını Prezident Heydər Əliyevə təqdim etdiyi sənədli kadrlarda bərabər mübadilə, bərabər dialoq nümunəsi var. Kübar cəmiyətin yenidən yaranmasını yazıçı məhz bu cür mübadilə olaraq başa düşürdü, onsuz nə millət, nə də milli mədəniyyət mövcud ola bilməz.
“Yeri gəlmişkən, elə bir dövr var idi ki, Bakı mətbuatında Maqsudu “Azərbaycanın Soljenitsını” adlandırırdılar. “Qardaşdan yaxşısı yox imiş” və "Günlərin bir günü" əsərləri antisovet əsəri olaraq elan edilmişdi, bir partiya ideoloqu hətta bütün teatrlara və nəşriyyatlara qadağanedici məktublar göndərməyi əmr etmişdi... Heydər Əliyev bu məsələyə müdaxilə etdi və böhtanları dayandırdı. Maqsud tez-tez bu epizodu xatırlayırdı... Ümumiyyətlə, Maqsud Heydər Əliyevə bir siyasətçi kimi heyran idi, böyük bir derjavaya rəhbərlik edə biləcəyi halda belə kiçik bir ölkəni idarə etməsinə həmişə təəssüflənirdi. Heydər Əliyevin Maqsudun bədii yaradıcılığına münasibətinin necə olduğunu bilmirəm, amma bilirəm ki, həm o, həm də indiki Prezidentimiz İlham Əliyev onun publisistikasını çox qiymətləndiriblər”.
– “Yadımdadır, Gülüstan sarayında Respublika Günü qeyd olunurdu. Heydər Əliyev müşayiətçilər dəstəsi ilə əhatə olunmuş şəkildə gəlir, biz isə - Maqsud və Fərhad Xəlilov ilə sakitcə divara söykənmişik. Heydər Əliyev gözünün ucu ilə bizə baxdı - onun gözündən heç vaxt heç nə qaçmırdı və hər şeyi çox gözəl xatırlayırdı – o, ətrafındakı canlı zənciri açaraq bizə yaxınlaşdı və Maqsuda dedi: “Sən çox yaxşı yazırsan. Amma bu çox azdır!” Sonra mənə tərəf döndü: "Sən isə ona pis baxırsan – o, çox kökəlib.” Dedi və getdi”.
Görüş
Yazıçı 2013-cü ildə səhhəti ilə bağlı məşhur Paşkov Evində “Birliyin ulduzları” dövlətlərarası mükafatlandırılma mərasiminə qatıla bilməmişdi. Onun yerinə mükafatı Anna İbrahimbəyova almışdı.
Səhnədə oxuduğu bir məktubda Maqsud onun əvəzinə mükafatı dünyada ən çox sevdiyi insanın, həyat yoldaşının aldığı üçün çox şad olduğunu etiraf etmişdi. – “30 il əvvəl yazıçının dostlarına bu barədə danışsan, heç kim inanmazdı, çünki Maqsud subaylıq tərəfdarı olaraq tanınırdı!
İlk dəfə Bakıya gələndə təyyarənin illüminatorundan səmanı qara buludların bürüdüyünü xatırlayıram, sonra isə günəş çıxdı və inanılmaz nəhəng göy qurşağı yarandı. Düşündüm ki, yəqin məni misilsiz bir möcüzə gözləyir...” Vari və Tahir Salahovların dəvəti ilə Bilgəhdəki dənizkənarı bağlarına qonaq gələn Anna Qerulaytis o axşam həyatının sevgisi ilə qarşılaşacağını hələ bilmirdi.
– «Maqsudla elə ilk söhbətdən sonra dünyada belə insanların varlığına görə xoşbəxt olduğumu hiss etdim. O qədər hazırcavab, reaktiv, pafossuz və hər hansı bir stereotipi olmadan, daxildən azad, hər şeyə dair öz fikirləri olan biri idi... Düşünürəm ki, onu görən kimi ona aşiq oldum. Ertəsi səhər əlində yasəmən rəngli astra çiçəkləri ilə gəldi. Tahir Salahov bunu görən kimi dedi: “Annoçka, fikrimcə, bu çox ciddidir. Maqsudu heç vaxt əlində çiçək görməmişəm”. Moskvaya qayıtdığımda rejissor rəfiqəm qəribə olduğumu anladı. Dedim ki: “Aşiq olmuşam. Onunla evlənmək istəyirəm”. Hərçənd heç vaxt bu cür istəklərim olmayıb, həmişə azadlığı sevmişəm və heç də güzəştə gedən biri olmamışam. “Oy, kimə? – rəfiqəm dik atılaraq soruşdu. –“Maqsud İbrahimbəyova”. – “Sən dəli olmusan! Axı o, evliliyə qarşı olan biridir!” – rəfiqəm dedi. Biz sentyabrda tanış olduq, dekabrda isə ailə qurduq. Mən işimi, hər şeyi atdım və buraya gəldim. Sadəcə başa düşdüm ki, həyatımı ona həsr edə bilərəm – ona kömək edə bilərəm, onun məişət işlərini görə bilərəm. Ona xidmət etmək istəyirdim. Çünki o dahi insan, dahi yazıçı idi».
Dostdan yaxşısı yox imiş
“Maqsudu bütün ömrü boyu, ta uşaqlıqdan heyvanlar əhatə edib. Vaxt var idi bağımızda 18 it birdən saxlayırdıq. Və o qədər də yemək qabı olurdu – onları həm də yedizdirmək lazım idi. Sümük, içalat, quyruq alırdım, onları qazanda yulafla, qarabaşaqla qaynadırdım... Bir dəfə heç nə tapa bilmədim və Maqsud bir yeşik “Sosisli Litva borşu” konservi gətirdi. Əlbəttə ki, biz hamımız çox sevindik! Mən bu konservləri sıyıqla qarışdırdım və qablara tökdüm. Ancaq yəqin ki, sosisin heç iyi də gəlmirdi... çünki onlar o qədər ac idi ki, yeməklərə hücum etdilər, sifətlərini qabların içinə saldılar, sonra hamısı birlikdə Maqsuda tərəf çöndülər və sanki tənə ilə “Bu nədir bizə vermisən?” dedilər”
– “Bizim çəhrayı flaminqo ilə də epik hekayəmiz var. Bizim bir tanışımız, zooparkın direktoru Alina Maqsudu çox sevirdi və ona çəhrayı flaminqo hədiyyə etmişdi. Maqsud çox xoşbəxt idi! Quş üçün həyətdə hovuz qazdıq, çünki flaminqonun ayaqlarının yarısı suda olmalıdır, bir torba krill aldıq... Bizim nyufaundlend cinsli Hryap itimizə və pişiyimiz Asparuxova Maqsud rəsmi şəkildə bildirdi: əgər onlar quşa yaxınlaşsalar onların başını, quyruqlarını qoparacaq, vəssalam! Səhər açılır, Maqsud hələ ki yatır, biz isə rəfiqəmlə görürük ki, quş ölüb. Fövqəladə iclas keçiririk – bunu Maqsuda necə deyək? Onun qəzəbi inanılmaz idi, hər şeyi dağıdıb tökürdü. Nədənsə, düşünürdü ki, quşu Asparuxov öldürüb. Və o, Alagöz Salahovanın on yaşlı oğlu ilə oturub pişiyi boynuna daş bağlayıb torbanın içində suda necə boğacaqlarını müzakirə edirlər. Mən, əlbəttə ki, sevimli pişiyimi qorumaq istəyirəm, ancaq anlayıram ki, məni də onunla birlikdə suyun dibinə göndərə bilərlər. Elə bu dəmdə pişik göründü və Maqsud hirsindən taxta ilə onun belindən vurdu. On beş dəqiqədən sonra pişik yenə də gəldi və yaltaqcasına sahibinin ayaqlarına sürtünməyə başladı. Maqsud peşman oldu: “Mən necə heyvanam! Onu necə vurdum, amma o hər şeyi unudub yanıma barışmağa gəlib, dostlaşmaq istəyir...”. Nə isə, flaminqonu basdırdıq, evdə yasdır, kefimiz heç yoxdur, bir yandan da pişiyi vurub… Bu zaman qonşu bağın qarovulçusu gəlir və şikayət edir: -“Maqsud müəllim, hansısa qəddar mənim pişiyimi vurub!”. Qonşunun pişiyi isə bizim pişiyə çox oxşayırdı, Maqsud da taxta ilə onu vurubmuş. Ayaqlarına isə heç nədən xəbəri olmayan bizim pişiyimiz Asparuxov sürtünübmüş…” – “Alman ovçarkası Fransuaza Saqan Maqsudun ölümündən bir gün əvvəl bütün gecə bərkdən ulayırdı və ertəsi gün öldü. Otağın girişində kreslo var idi, Maqsud orada oturub siqaret çəkməyi sevirdi, bir də qızıl balıqlarla dolu akvarium var idi, onlara yemi özü verirdi, onlar isə Maqsudun olduğu tərəfə toplaşmağı və ona baxmağı sevirdilər. Maqsud axşam dünyasını dəyişdi, səhər isə balıqlar tərs üzürdülər… Bu əsl mistikadır…”.
Dənizkənarında ev
“Onun üçün Azərbaycan, Bakı, Vətən hər şey idi… – o özünü bunun xaricində heç cürə düşünə bilmirdi! Bir yerə gedəndə onunla bircə gün doğma vətənindən uzaqda qalması üçün bazarlıq etməliydim, üçüncü gün artıq evə can atırdı… Vətənində baş verən hər bir şeyi şəxsi draması olaraq qəbul edirdi. Bunu təsvir etmək, bunu çatdırmaq mümkün deyil… 90-cı illərdə bütün bu hadisələr başlayanda biz Moskvada idik və o, tez-tələsik Bakıya gəldi. Əlbəttə ki, mən onu tək qoymadım, onunla birlikdə gəldim”...
“Həmişə düşünürəm: bugünkü hadisələrə necə reaksiya verərdi?.. Yəqin ki, siyasi məqalələr yazardı, çıxış edərdi, baxmayaraq ki, müsahibə verməyi sevmirdi – sadəcə, özü nəsə demək istədiyi zaman danışırdı. Ermənilər o zaman onu öldürmək istəyirdi. O vaxtlar sükan arxasında özü otururdu – gah əyləc imtina edirdi, gah başqa bir şey olurdu... Ancaq istədiklərinə nail ola bilmədilər! Buna baxmayaraq, ona yaxın olan ermənilərə, məsələn, sürücümüzə gəmi ilə getməyə kömək etmişdi.”
“Maqsud “Çəyirtkə mövsümü” məqaləsində yazırdı ki, 90-cı illərin əvvəllərində “Azərbaycana bir tərəfdən ermənilər, bir tərəfdən də dəniz hücum edirdi”. Ermənilər qəzəblənirdilər. “Onlar hücum edərək şəhərləri məhv edirdilər, kəndləri yandırırdılar, qadınlara və uşaqlara rəhm etmirdilər. Qonşularının bir qarış torpaqlarını zəbt etmək uğrunda soyğunçuluq edirdilər, onlara heç bir şey etməyən insanları inanılmaz qəddarlıqla öldürürdülər.
Eyni zamanda Xəzər dənizinin çılğın dalğaları evləri, yolları, elektrik xətlərini, zeytun bağlarını və üzümlükləri yer üzündən süpürüb aparırdı. Bunu alçaqlıq və hiyləgərlik kimi görmək olmazdı, çünki təbii fəlakət insanlardan fərqli olaraq mənfəətsiz və kordur.
Görünür, əhali buna görə dənizin hücumunu çox sakit qarşılayırdı və Xəzər dənizinin coşmasını durdurmağa güclərinin yetməyəcəyini bilərək görünməmiş daşqının verdiyi gündəlik ziyanı sayırdılar”. Maqsud evi düz dəniz kənarında tikmişdi və hər kəs ona deyirdi:
“Qorxmursan? Su altında qalacaqsınız!” Dalğalar artıq bağın divarlarına çırpılırdı, fırtına zamanı isə hətta hasar uçmuşdu. Maqsud isə cavab verirdi: “Siz necə insanlarsınız? Dənizdən qaçırsınız!” Sonra damba tikdirdi. Dəniz də çəkilirdi”.