Bakı Kitab Mərkəzində Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən silsilə “açıq qapı” günləri çərçivəsində Bəhram Bağırzadənin uşaqlar üçün “Mən hakim olmaq istəyirəm” adlı yeni kitabının təqdimat mərasimi keçirildi. Azərbaycan Respublikasının əməkdar artisti, yazıçı, aktyor və rejissor, əfsanəvi “Bakılı oğlanlar” və “Şən və hazırcavablar klubu”nun üzvü, 40-dan çox uşaq kitabının müəllifi 100 illik yubileyə həsr edilmiş ən son kitabını işıq üzünə çıxardı.
50 kitabdan ibarət yeni nəşrlər silsiləsini açıq elan edən bu kitab uşaqlara peşə seçimində köməklik göstərəcək, çünki Bəhram bəyin qeyd etdiyi kimi, “Öz sahənin peşəkarısansa, sən artıq vətənpərvərsən”.
“Mən hakim olmaq istəyirəm” kitabı Azərbaycan dilində uşaqların anlayacağı sözlərlə Ədliyyə sisteminin bu günə qədər keçdiyi inkişaf tarixindən, ölkəmizdə mövcud olan məhkəmələrdən bəhs edir və illüstrasiyalarla müşayiət olunur.
Tədbirin əsas qonaqları İkinci Qarabağ Müharibəsi iştirakçıları və şəhidlərimizin övladları oldular. Onlar kitabın bir nüsxəsini alıb Bəhram Bağırzadədən avtoqraf almaq və onunla xatirə şəkli çəkdirmək imkanı əldə etdilər.