Əziz Oxucu, bu sətirləri yazarkən anidən fikrə getdim – gör nə vaxtdır ki, səninlə səmimi qəlbdən kitablar, ya da başqa şeylər haqqında ünsiyyət qurmurduq... Hər birimiz qəribə 2020-ci ildən öz dərsini aldı. Necə deyərlər, daha əvvəlki kimi olmayacağıq. Kimsə öz ev fəzasını, yaxınları ilə münasibətlərini, işə münasibətini başdan ayağa nəzərdən keçirdi. Hamı müəyyən dərəcədə bədən və sağlamlığa qarşı münasibətlərində dəyişikliklər etdi. Hə, bir də bilirsiniz, nə? Biz daha çox oxumağa başladıq! Sadəcə çox yox, daha çox! Sosial şəbəkələr oxunan əsərlərin icmalı ilə bərq vurur, kitab mağazalarının kuryerləri kitab sifarişlərini şəhər boyu güclə çatdırırlar, kiçik kafelərin masaları, park skamyalarını yalnız qəhvə içkiləri deyil, yeni kitablar da bəzəyir. Belə gözəl xəbərə sevinməmək mümkün deyil, elə buna görə də, məmnuniyyətlə, mən yeni kitablarla birlikdə icmal məqalələrimin dünyasına qayıdıram.
2021-ci il böyük ümidlər ilidir, həm oxucuların yeni nəşrlərə marağı, həm də bütün dünya ictimaiyyətinin vaksinlə xilas olması baxımından. İkinci bənd üzrə mən usta deyiləm, amma birinci ilə bağlı sizə bəzi şeyləri danışmaqdan şərəf və sevinc duyuram.
“SƏMƏRQƏNDƏ GEDƏN EŞELON”, Gözəl Yaxina
Kitab 1923-cü ildə yüzlərlə sahibsiz uşağın Kazandan Səmərqəndə evakuasiyasından söz açır. Onların 6 həftəlik təhlükəli və üzücü səyahəti haqqında.
Gözəl xanım “Böyük kitab” və “Yasnaya Polyana” (Rusiya və beynəlxalq ədəbiyyat mükafatları) kimi nüfuzlu mükafatlar sahibi olduğu üçün onun üçüncü romanını bu ilin ən gözlənilən yeni kitablarına aid etdik. Lakin tarixçi Qriqoriy Sidenkov müəllifin Eşelonu kitab mağazalarında görünməsi ilə Yaxinanı plagiatda ittiham etdi. Kitabın işıq üzü görməsi ətrafındakı qalmaqal barədə Qalina Yuzefoviç maraqlı yazı yazıb, “Kitab bazarı” podkastının dinləyiciləri onu yaxşı tanıyır. Sənədli mənbələr – kəndlilərin məktubları, tarixçilərin əsərləri, uşaq evlərindən sənədlər və sair romanın əsasını təşkil edir. Bir şey aydındır – Yaxina bizim müasir dövrümüzün ən güclü müəlliflərindəndir və şübhəsiz ki, biz onun yeni romanını oxuyacağıq.
“KLARA VƏ GÜNƏŞ”, Kadzuo İsiquro
Bu yeni kitabı səbirsizliklə gözləyirəm. Fəxri mükafatı, ədəbiyyat üzrə Nobel mükafatını aldıqdan sonra “Klara və günəş” müəllifin ilk əsəridir. Yeni anti-utopiyada Kadzuo bizə qeyri-adi müşahidə qabiliyyətinə malik, dünyanı vitrindən öyrənən qız-androidin tarixçəsini danışır. Həm də o, texniki mənşəyinə rəğmən, insani hissləri keçirə bilir. Maraqlıdır ki, İsiquro əvvəlcə kitabın uşaqlar üçün yazılmasını nəzərdə tutmuşdu, lakin süjeti doğmalarına danışdıqdan və onların qəribə baxışlarını dəyərləndirdikdən sonra, niyyətini dəyişir. Yapon mənşəli britaniyalı müəllifin yeni kitabını 2015-ci ildən səbirsizliklə gözləyən pərəstişkarlar artıq Klara haqqında orijinalda oxumağa axın ediblər. Rus dilinə tərcüməsi aprelin sonunda gözlənilir.
“NARAHATLIQ TERAPİYASI”, Devid Brens
Bir qədər şəxsi yüksəlişimiz barədə. Nə qədər olmasa da, bu il varlığın olduğu kimi qəbul edilməsi ilə bərabər, həm də çox sayda həyəcan gətirdi. Çox yaxşıdır ki, hətta ÜST-ə inam sarıdan suallar yaranan dünyada bizə dərmansız daxili narahatlığın öhdəsindən gəlməyə yardım edən kitablar işıq üzü görür. Kitabın müəllifi – Devid Berns - tibb elmləri doktoru, Stenford universitetinin Tibb məktəbinin psixiatriya və davranış elmləri kafedrasında adyunkt-professoru, koqnitiv terapiyanın banilərindən biridir. O iddia edir ki, həyəcanlı halların əsasında bizi zəiflədən irrasional etiqadlar durur və bizə həyəcanların səbəbini anlamağa, neqativ düşüncələrin öhdəsindən gəlməyə və qorxularımızı geridə buraxmağa yardım edəcək 40 sadə və effektiv texnika təklif edir. Berns özü yazır ki, hər zaman özünü xoşbəxt hiss etməyi mümkün hesab etmir və hətta buna can atmağın lazım olduğuna əmin də deyil: “Həyat streslərlə dolu ola bilər, hər birimiz zaman-zaman özümüzə şübhə və narahatlıq dövrü yaşayırıq. Əhvalınızın əzablı dəyişkənliyinin öhdəsindən gəlmək üçün alətlərə malik olduğunuzu bilmək vacibdir. Odur ki, onlardan qorxmaq və ya onların hiylələrinə uymaq lazım deyil”.
“MÜQƏDDƏS TORPAQ”, Barak Obama
Orijinalda kitab 2020-ci ilin noyabrında nəşr olunub və elə ilk sutka ərzində yalnız ABŞ və Kanadada 890 000 tirajla yayılıb – istənilən nəşriyyat evi üçün rekord bir göstəricidir. Lakin rusdilli oxucu onun tərcüməsini yalnız 2021-ci ildə əldə edə biləcək. Hələ ikinci prezidentlik müddətinin sonunda Obama Ağ Evdəki həyatı ilə bağlı xatirələrini təsvir edəcəyinə söz vermişdi. Artıq heç bir şübhə yoxdur ki, 44-cü prezidentin etirafları bütün prezidentlərin memuarları arasında ən çox satılan olacaq. ABŞ-ın sabiq və ilk qaradərili prezidentinin, Nobel mükafatı laureatının, beynəlxalq arenada ən çox ehtiyac duyulan məruzəçilərdən birinin Putin, Ərdoğan, Merkel, Kemeron, Sarkozi və digər dünya liderləri haqqında nə düşündüyü hamıya maraqlıdır.
Ekskursumuzu başa vuraraq Rebekki Makkayın artıq Pulitser mükafatı finalçılarının siyahısına daxil olan və çox sayda həm pozitiv, həm də neqativ rəylər toplayan “Bİz İnanmağı bacarırdıq” kitabını qeyd etməyə bilmərəm. Ümumilikdə isə, artıq bahardır – Turgenev, Nabokov, Rey Bredberi və ya baharın rəssamı – Van Qoqun dostlarına məktublarını yenidən oxumaq üçün yaxşı bəhanədir.
Ləzzətlə oxuyun və xəstələnməyin, Sizin Z.