NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

Keep a little fire burning

Atəş məni uşaq vaxtından valeh edib. Hər il Novruz bayramında valideynlərimdən balaca tonqal yandırmağı xahiş edirdim və bacımla birlikdə onun üstündən tullanırdıq. Həmişə odla bacardığım qədər eksperiment aparmışam və o qədər barmaqlarımı yandırmışam ki...


Düşünürəm ki, bunu edən tək mən deyiləm. Oda olan bu maraq, həvəs və ona toxunmaq arzusu, onunla oynamaq istəyi, yəqin ki, hər bir uşaqda var. Bəs niyə? Mən özüm artıq ana olmuşam, amma yenə də atəşə heyranam.


Saatlarla yanan atəşin qığılcım səsinə qulaq asa, odunların kömürə dönməsini və onların üzərində bozarmış və qıpqırmızı naxışların əmələ gəlməsini izləyə bilərəm. Bu, məni rahatlaşdırır və bir növ transa, bütün suallarımı asanlıqla cavablandıra biləcəyim, istənilən çıxılmaz vəziyyətdən çıxış yolu tapa biləcəyim bir dünyaya qərq edir.


Atəşə baxanda qan təzyiqi düşür, insan rahatlaşır. Odla yaxınlıq sosial yönümlü davranışlarda kömək edir, insanların tez-tez buxarı başında dərin, mənalı söhbətlər aparması əbəs yerə deyil. Bütün bunlar mistik şəkildə bir-biri ilə bağlıdır!


Od – xeyirdəndir, amma tarazlığı qorumağı bacarmaq lazımdır: hər şeyin çoxu sizin əleyhinizə çevrilə bilər. Oda hakim olmağa çalışmayın, ona təslim olun. Sadəcə seyr etməkdən zövq alın və dinləyin – ehtiyacınız olanı əldə etmək üçün bu kifayətdir.
Mənə elə gəlir ki, bütün ömrüm boyu tonqalın yanmasını seyr edə bilərəm!

Ülviyyə Mahmudova,
Baş redaktor