NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

“Four Seasons Hotel Baku” və “Azərxalça”: Azərbaycan ənənələrini qoruyaq və mühafizə edək

Novruz – Azərbaycan xalqı üçün baharın başlanmasını və təbiətin yenilənməsini ifadə edən ən sevimli və vacib bayramdır. O, baharın ilk günlərində 20-21 martda qeyd olunur və onun kökü qədim zamanlara gedib çıxır. Bu gözəl və şən ənənələrlə dolu və bütün ay boyu davam edən bayramdır.

“Four Seasons Hotel Baku” həmişə Novruzu xüsusi olaraq qeyd edir və bu il də istisna olmadı: “Azərxalça” ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın kökləri və mədəniyyətinin böyük hissəsinə hörmətin təcəssümü kimi otelin tam mərkəzində əl işləri olan xalçalardan instalyasiya təqdim edilmişdir.

Azərbaycanda xalq yaradıcılığının ən geniş yayılmış növlərindən biri xalça incəsənətidir. Uzun müddət ərzində yaşlı nəsil xələflərinə xalçaçılığın sirlərini ötürmüşdür, axı o zamanlarda xalça toxumaq bacarığı praktiki olaraq hər xanım üçün vacib idi.

Buna görə də, Azərbaycan dünyada xalçaçılığının ən qədim mərkəzlərindən biri hesab olunur. 2010-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO Azərbaycanın xalçaçılıq incəsənətini UNESCO-nun qeyri-maddi irsinin reprezentativ siyahısına daxil etmişdir.

Müasir Azərbaycanda xalçaçılıq artıq 100 yaşını haqlamaqda olan “Azərxalça” təşkilatı ilə əlaqəlidir.

“Xalçaçılıq ənənələrinin qorunması “Azərxalça”nın əsas missiyalarından biridir. Təqdim olunan instalyasiyanın əsas ideyası xalçalara və milli ənənələrə diqqətli yanaşma, həmçinin xalça istehsalının qalıqlarının istifadəsidir – onlardan Novruz bayramı üçün yumurta fiqurları hazırlanıb. Dayanıqlı ekoloji istehsal ideyası da bizim fəaliyyətimizin prioritet hissəsidir”, - “Azərxalça”nın kreativ direktoru Əsmər Abdullayeva deyir.

Müasir rəssam və heykəltəraş Çingiz Babayevin instalyasiyasının əsas qayəsi Azərbaycanda unikal ənənəvi xalçaçılığın qorunması və inkişafıdır. Mumdan hazırlanmış əllərin tutduğu bükülmüş xalçalar milli ənənələr və köklərdən söhbət getdikdə daim mövcud olmalı qayğını ifadə edirlər.

İnstalyasiyanın ikinci hissəsi Novruz bayramının ənənələrindən birindən – boyanmış yumurtalardan ilham alıb. Hər ilin mart ayı bayram ərəfəsində ailələr bir yerə toplanır və bişmiş yumurtaları tərəvəzlərdən, meyvələrdən və hətta qəhvədən alınan təbii rənglərlə boyayaraq incəsənət yaradırlar. Bundan sonra yumurtalar bayram süfrəsinin gözəl bəzəyinə çevrilir.

“Azərxalça”nın ustalar komandası xalçaların qalıqlarına ikinci həyat verib, 100% emal olunmuş yundan Novruz üçün rəngarəng yumurtalar hazırlayıblar.

İdeyalarını müasir incəsənət üzərindən ifadə etməyə çalışan Çingiz Babayev eksperimentlərini davam etdirir. Onun əsərləri Bakı Müasir İncəsənət muzeyində və Londondakı Madam Tüsso muzeyində təqdim olunur.

O, dünya üzrə 100 000, öz ölkəsində isə 100 ən yaxşı sənətkar siyahısına daxildir.

Otelin baş direktoru Bob Suri öz düşüncələrini bölüşür: «Biz “Azərxalça” ilə əməkdaşlıqdan qürur duyur,həmçinin Novruz bayramının tarixindən otelimizin qonaqlarına bu cür fərqli və xüsusi üsullarla söz açaraq yerli ənənələri yaymaq imkanı əldə etməyimiz ilə fəxr edirik. İnstalyasiya oteldə martın 31-nə qədər qalacaq. Bizhəm qonaqlarımızı, həm də bütün bakılıları otelimizə baş çəkməyə və bu gözəl incəsənət əsərindən zövq almağa dəvət edirik».

“Azərxalça” ilə maraqlı əməkdaşlıq otelin əsas restoranı – Zafferanoda davam edir. Bazar günü martın 20-də, bayram brançı zamanı, “Azərxalça” xalçaçılığa həsr olunan xüsusi guşəni təqdim edəcək. Burada qonaqlar bu xalq yaradıcılığının bir hissəsi olmaq və öz əlləri ilə xalça yaratmaq imkanını qazanacaqlar.

Branç 12:00-dan 15:00-a qədər keçiriləcək və əvvəlcədən bron etmək tələb olunur. Öncədən bron etmək üçün əlaqə məlumatları:

[email protected] // 012 404 24 24