Zəncəfil şirniyyatlı “Karabakh – Winter Wonderland” sərgisi noyabr ayının 15-də “Port Baku Mall” ticarət mərkəzində açıq elan ediləcəkdir.
“NARGIS” nəşriyyat evi ildən-ilə həm Azərbaycanda, həm də ölkə xaricində ictimai maraq kəsb edən müxtəlif sahələrə toxunan irimiqyaslı sərgilər təşkil edir. Belə ki, 5 dekabr 2019-cu il tarixində “Port Baku Mall” ticarət mərkəzində “NARGIS” jurnalının baş redaktoru Ülviyyə Mahmudovanın müəllifliyi ilə zəncəfil şirniyyatlarından hazırlanan şəhərciyinin açılışı baş tutmuşdu. Ötən qış pandemiya səbəbindən baş tutmayan sərgi bu il yeni instalyasiya ilə geri dönür.
“Karabakh – Winter Wonderland” Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbənin ildönümünə həsr edilmişdir. Layihənin məqsədi Bakı sakinləri və şəhərin qonaqlarını Qarabağ diyarının zəngin mədəniyyəti ilə tanış etmək, eləcə də uşaqlara və böyüklərə Yeni il ərəfəsində xoş əhval-ruhiyyə bəxş etməkdir. Layihənin ideya müəllifi və rəhbəri Ülviyyə Mahmudovadır.
“Karabakh – Winter Wonderland” instalyasiyası Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsinin rəmzi olan xarıbülbül gülünü tərənnüm edir. Paytaxtın tanınmış memarları və istedadlı qənnadıçıları Şuşa qala divarlarından Ağdam məscidinədək Azərbaycanın mədəni abidələrinin, eləcə də Füzuli hava limanı və Bakı şəhərinin diqqətəlayiq yerlərinin şirin miniatürlərini ərsəyə gətiriblər. QR kodlar vasitəsilə bu abidələrin tarixi və mədəni əhəmiyyəti barədə məlumat əldə etmək mümkündür. Bütün məlumatlar üç dildə “NARGIS” jurnalının vebsaytında yerləşdirilmişdir.
İnstalyasiyanın hazırlanmasında 80 kq un, 15 kq yağ, 330 ədəd yumurta, 20 kq şokolad, 200 kq marsipan, 250 kq aysinq, 15 kq bal, 3 kq zəncəfil tozu və müxtəlif şirniyyatlardan istifadə olunmuşdur. 40-dan çox marsipan fiquru əllə hazırlanmış, 30 zəncəfil evi quraşdırılmış, 100-dən çox zəncəfil ağacı və 5 yeni il ağacı “bəzədilmişdir”. Şəkərli “qar” ilə örtülmüş küçələrdə yüzdən çox zəncəfil miniatür adamlar gəzir: onlar Cıdır düzündə yallı rəqs edir, qiymətli Qarabağ xalçalarını toxuyur və milli alətlərdə ifa edirlər. Eksponatların şəklini çəkmək və sosial şəbəkələrdə #nargisgingerbreadcity həştəqlə paylaşmaq sərbəstdir.
“NARGIS” komandası bu cür geniş miqyaslı layihənin gerçəkləşməsində əvəzsiz dəstəklərinə görə Fövqəladə Hallar Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, “Azərenerji” ASC-yə, “Azərsu” ASC-yə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə, Bakı Nəqliyyat Agentliyinə, “SMTS” MMC, “Port Baku Mall” və JW Marriott Absheron Baku otelinə öz minnətdarlığını bildirir.
Sərgi 13 yanvar 2022-ci il tarixinədək davam edəcəkdir. Giriş sərbəstdir.