Xudafərin körpüləri, VII əsr, Cəbrayıl
1813-cü ildən bəri azərbaycanlılar Cənubi Azrbaycana həsrət və intizarla baxırlar. Məhz Cəbrayıl və Araz çayı üzərində salınmış Xudafərin körpüləri VII əsrdən başlayaraq “ayrılıq çayı”nın müxtəlif sahillərindəki qan qardaşlarını bir araya gətirib. Çay yatağından keçən qayalar təbii dayaq rolunu oynayıb, hündür sahillər isə körpünü sel altında qalmaqdan qoruyub. Xudafərin körpüləri təkcə Azərbaycanın şimalıyla cənubunu deyil, həm də Şərqlə Qərbi birləşdirib. Tacirlər Çin və Hindistandan gətirdikləri nadir malları onun vasitəsilə keçiriblər, cənubdan şimala keçəndən sonra isə irəli – Avropaya doğru yön alıblar.
Dəmiryolu, 1880-ci il, Bakı
Azərbaycanda ilk magistral dəmiryolu – Bakı-Sabunçu-Suraxanı 1880-ci ildə inşa edilib. Onun uzunluğu 20 kilometr idi. Dəmiryolunun çəkilməsi neft sənayesi ilə birbaşa bağlıydı: dünyada ilk dəfə nefti sisternlərlə daşımağa başladılar. Az sonra SSRİ-də ilk elektrik qatarı da dövriyyəyə buraxıldı – magistral dəmiryoluna paralel marşrutla elektrikləşdirilmiş qatar da işə salındı. 2021-ci ildə isə “Azərbaycan dəmiryolları” Şuşa şəhərinə dəmiryolunun çəkilməsi layihəsinin işlənib hazırlanmasına başladı.