NARGIS
Ru En
NARGIS MAGAZINE
Karabakh – Winter Wonderland

Karabakh – Winter Wonderland 5

Şeytan çarxı, 2014-cü il, Bakı

Bakı sakinlərinin və qonaqlarının sevimli attraksionlarından biridir. Dənizkənarı bulvarda yerləşən “Şeytan çarxı”nın hündürlüyü 60 metrdir və onun hər bir kabinəsi 10 nəfər üçün nəzərdə tutulub. Gün ərzində bu hündürlükdən şəhəri, Bakı teleqülləsini və evlərlə örtülmüş Bayıl təpəsinin gözəl mənzərəsini izləyə, dənizə və pilot kabinəsindən yaxşı görünən Böyük-Zirə adasına tamaşa edə bilərsiniz. Gecələr isə möhtəşəm "Baku Crystal Hall” kompleksinin sayrışan işıqlarının və "Alov Qüllələri”nin (Flame Towers) divarlarındakı nəhəng atəşin seyrinə dalmaq olar. Nə yaxşı ki, bu, alov real deyil!

Qız qalası, Bakı

Bu qədim qala sirlər və əfsanələrlə doludur. Onun tikilmə tarixi dəqiq məlum deyil. Müxtəlif dövrlərdə Qız qalası fərqli funksiyaları yerinə yetirib: XII əsrdə o, müdafiə xarakteri daşıyıb və Bakı qalasının əsas bürcü olub, XVIII-XIX əsrlərdə mayak kimi fəaliyyət göstərib. İndi YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Qız Qalası müşahidə meydançası olan muzeydir, burada memarlıq abidəsi ilə bağlı gözəl əfsanələri dinləyə bilərsiniz.

Port Baku Mall, 2014-ci il, Bakı

25 sentyabr 2014-cü ildə şəhərin ən iri ticarət mərkəzi olan “Port Baku Mall” qapılarını ziyarətçilərinin üzünə açdı. Bu gün 32 000 kvadratmetr ərazisi olan nəhəng üçmərtəbəli kompleksdə aparıcı dünya brendlərinin elit butikləri və dekor əşyaları təmsil olunub. Burada ən məşhur və arzuolunan brendləri tapmaqla yanaşı, həm də restoran və kafelərdə qastronomik təamlardan zövq ala bilərsiniz.
Ticarət Mərkəzinin ərazisində “Ralph Lauren”, “Giorgio Armani”, “Valentino”, “Alexander McQueen”, “Michael Kors”, “Burberry” və “Givenchy” kimi gözəl brendlərin mağazaları da var.
“Port Baku Mall” – tendensiya, dəb, gözəllik və zövq mərkəzi, eyni zamanda tərəqqiylə yanaşı addımlamaq istəyənlərin sevimli məkanıdır.

"NARGIS" jurnalının redaksiyası, 2012-ci il, Bakı

13 dekabr 2012-ci ildə "NARGIS" jurnalı ilk dəfə işıq üzü gördü. Bu günədək jurnalın “Nargis Book Karabakh” və ilk illüstrasiyalı Azərbaycan əlifbası da daxil olmaqla 88 sayı nəşr olunub, Azərbaycanda və ölkə hüdudlarından kənarda bir çox sərgilər keçirib. “NARGIS”in yaradıcısı və əsas ideya müəllifi Ülviyyə Mahmudovadır.

Jw Marriot

Beşulduzlu elit otel “JW Marriott Absheron Baku” Bakı şəhərinin mərkəzində, dənizkənarı bulvarla üzbəüz yerləşir. Bura əsl azərbaycanlı qonaqpərvərliyindən zövq almaq istəyənlər üçün ideal yerdir. Xəzər dənizinin füsunkar mənzərəsinə açılan oteldə lüks otaqlar, “Absheron Spa” və Fitnes mərkəzi də daxil olmaqla 237 gözəl nömrə var və onların hər biri təkrarolunmaz rahat atmosferi ilə fərqlənir. Otelin qastronomik müxtəlifliyi beş restoran və barda əksini tapır. Uzun illərdir ki, “JW Marriott Absheron Baku” oteli, eyni zamanda restoranlar və SPA çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb. Bu mükafatların arasında “World Luxury Spa Awards” və “World Luxury Restaurant Awards” xüsusilə diqqəti çəkir.

Flame Tower (“Alov Qüllələri"), 2012-ci il, Bakı

Bu, qısa müddətdə şəhərin simvoluna və müasir Bakının “vizit kartına” çevrilmiş ultramodern kompleksdir. Xarici görünüşünə görə üç alov dilini xatırladan bu binalar ölkənin ən hündür binalarıdır. Hər üç qüllənin fərqli ölçüləri var: birinci qüllə 39 mərtəbədən ibarətdir və hündürlüyü 190 metrə çatır, ikinci qüllə 160 metr hündürlüyə malikdir və 36 mərtəbəlidir, üçüncü isə hündürlüyünə və mərtəbələrinin sayına görə “böyük bacılarından” geri qalsa da, onun da ölçüləri çox kiçik deyil: 140 metr hündürlük və 28 mərtəbə.

Heydər Əliyev Mərkəzi, 2012-ci il, Bakı

Heydər Əliyev Mərkəzi dünyaşöhrətli memar Zaha Hadidin ən cəsarətli layihələrindən biridir. Bu bina haqlı olaraq müasir memarlığın şedevrləri arasında aparıcı yerlərdən birini tutur. 2014-ci ildə o, London Dizayn Muzeyinin təsis etdiyi “ilin dizaynı” mükafatına layiq görülüb. Burada mütəmadi olaraq müxtəlif sərgilər təşkil edilir və daimi eksponatlar – retro avtomobillər kolleksiyası, "Millət atası" Heydər Əliyevin xidməti avtomobilləri, eləcə də ölkənin müasir görməli yerlərinin – Bayraq Meydanının və elə Heydər Əliyev Mərkəzinin özünün maketləri saxlanılır. Binanı əhatə edən park isə ildən-ilə əcnəbi rəssamların müasir incəsənətə xas müxtəlif heykəltaraşlıq əsərləri ilə zənginləşir.

Heydər Əliyev Hava Limanı, 1980-ci il, Bakı

Heydər Əliyev Beynəlxalq Hava Limanı bütün dünya üzrə sərnişin və yükdaşıma xidmətləri göstərir. Bu gün burada iki yük və iki sərnişin terminalı fəaliyyətdədir. 2018-ci ilin mayında I Terminal hava limanlarının ən nüfuzlu audit təşkilatı olan “Skytrax World Airport Awards” tərəfindən maksimal statusa – “beş ulduz”a layiq görülüb. II Terminal da öz “qənimətləri” ilə öyünə bilər – 1981-ci ildə terminal layihəsi müsabiqədə birinci mükafatı qazandı və 1989-cu ildə bu layihə həyata keçirildi.