Azıx mağarası, Füzuli
Paleolit dövrünə aid ibtidai insan məskəni – Azıx mağarası Füzuli şəhərindən bir qədər aralıda yerləşir. 1968-ci ildə arxeoloji qazıntılar zamanı orada 350-400 min il əvvəl yaşamış ibtidai insanın alt çənəsi aşkar edilmişdi. Mağaradan üç mindən çox daş əmək aləti və otuz mindən çox qılıncdişli pələng və mağara ayısının daşlaşmış sümükləri toplanıb. Bu gün dəqiq müəyyən edilib ki, Azıxdakı ocaqlar hələ 600-700 min il əvvəl yanırmış.
Mirəli məqbərəsi, XIII əsrin sonu – XIV əsrin əvvəlləri, Füzuli
Aşağı Veysəlli kəndindəki bu daş məqbərə Elxanilər sülaləsi dövründə tikilib. Məqbərə qədim köç yolunun üzərində yerləşirdi və bir çox köçərilərin ziyarət yeri idi. Bu məkan o dövrdə region üçün əsl memarlıq möcüzəsi idi. Maraqlıdır ki, köçəri tayfalar uzun əsrlər boyu abidənin çöl divarlarında müxtəlif yazılar, işarələr və rəsmlər qoyub gediblər.
Füzuli hava limanı, 2021-ci il, Füzuli
2020-ci il oktyabrın 17-də Azərbaycan ordusu Füzuli şəhərini uzun illərin işğalından azad etdi və artıq 2021-ci ilin yanvarında şəhərdə gələcək hava limanının təməli qoyuldu. Sentyabrın 5-də onun uçuş-enmə zolağında ilk “dəmir quşlar” - ən böyük yük təyyarələrindən biri olan “Boinq 747-400F” və “Qarabağ” rəmzi adını daşıyan, jurnalistləri və məmurları şəhərə gətirən Azərbaycan Hava Yollarının “Airbus A340” sərnişin təyyarəsi eniş etdi. Bir ay sonra, 26 oktyabr 2021-ci il tarixində isə Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı oldu. Açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Hava limanı üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) kodu – UBBF, eləcə də Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının üçhərfli kodu – FZL təyin və təsdiq edilib.
Sarı Aşıq məqbərəsi, XVII əsr, Laçın
Bu məqbərənin yaranma tarixi kifayət qədər romantikdir. Onun süjeti belədir: XVII əsrdə xalq şairi-ozanı Sarı Aşıq Abdulla Qaradağdan Laçına yollanır və Maqsudlu kəndindən olan Yaxşı adlı qızla qarşılaşır. Onlar ilk baxışdan bir-birinə aşiq olurlar. Amma sevgililər qovuşa bilmirlər, adətə görə, dağda yaşayan qız heç vaxt gəlməyə ərə gedə bilməzdi. Yaxşı taqətdən düşür, Qarabağın səhləb çiçəyi kimi gündən-günə solub-saralır, sevgilisindən xəbərsiz ölür. Sarı Aşıq isə Yaxşının məzarı başında əzablı günlər keçirir. Sazını sinəsinə sıxaraq, sevdiyi dilbərinə mahnılar bəstələyir. Sonunun yaxınlaşdığını hiss edən Sarı Aşıq onu üzü qibləyə – müqəddəs Kəbəyə deyil, sevgilisinin yanında üzü ona tərəf basdırmalarını vəsiyyət edir. Beləliklə, əfsanəvi Məcnunla bərabər sayılan şairin məzarının yerində xalq arasında “Aşıq oylağı” – “Aşıq məskəni” adlandırılan məqbərə ucaldılır.
Gəncəsər monastırı, XIII əsr, Kəlbəcər
Alban memarlığı incisi. Əsas tikililəri XIII əsrdə ucaldılıb, monastırın özü isə 1240-cı ildə Qafqaz Albaniyasının katolikosu Nersesin iştirakı ilə fəaliyyətə başlayıb və uzun əsrlər boyu alban kilsəsi katolikoslarının iqamətgahı olub. Qarabağın alban hökmdarlarını, o cümlədən Qarabağ hakimlərini bir xanlıqda birləşdirən Həsən Cəlalın da ailə sərdabəsi buradadır.