Dünyanın hər bir yerində yaşayan soydaşlarımızın uğurları haqqında xəbərlər almaq qürurvericidir.
Bu gün Norveçin Oslo şəhərində yaşayan kişik həmvətənimiz 8 yaşlı Selma Babazadədən danışacağıq. Xaricdə yaşamasına baxmayaraq, o vətənini çox sevir və ana dilini öyrənmək məqsədi ilə Osloda Azərbaycan Evi və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşəbbüsü ilə yaradılmış Nizami Gəncəvi adına "Azərbaycan dili" həftəsonu məktəbinə gedir.
Məktəbdə Qarabağı gənc nəslə daha yaxından tanıtmaq, azad olunmuş torpaqlarımızın gözoxşayan təbiətini tərənnüm etmək və istedadlı uşaqların bacarıqlarını aşkar etmək məqsədi ilə rəsm müsabiqəsinə start verilmişdir. Selma bu müsabiqədə Qarabağın rəmzi sayılan Xarıbülbül çiçəyinin gözəl rəsmini yaratdığına görə "Sehrli dünya" jurnalına məxsus DİPLOM ilə təltif olunmuşdur.
Həyatda hər kəsin bir arzusu var. Kimi müəllim, kimi həkim olmağı arzulayır, kimi isə hələ uşaq yaşlarından texnikaya maraq göstərir, böyüyəndə də bu yolu tutur. Sıralarımızda hərbçi, idmançı, gəmi kapitanı olmaq istəyənlər də var. Bir sözlə, bu fidanlar quş qanadlı xəyalları ilə gah müəllimlərinə oxşamaq, onların yolunu davam etdirmək, gah da rəssam olub rəsmlərini dünyaya tanıtdırmaq istəyirlər.
Gəlin Selma balamızı bu ilk qələbəsi münasibəti ilə təbrik edək və bu yolda ona daha böyük zirvələri fəth etməyi arzulayaq! Uğurların bol olsun, Selma!