Moda dünyasında müəyyən şəxslər var ki, inanılmaz istedadları, bənzərsiz tərzləri və ciddi təsirləri sayəsində asanlıqla digərlərindən seçilirlər. Belə insanlardan biri də Qazaxıstanın moda sektorunda ən nüfuzlu qadın olan Liliya Raxdır. Onun Bakıya səfəri zamanı biz onun modaya necə meydan oxuduğunu araşdıraraq, müsahibəmizdə moda səhnəsinin gələcəyi ilə bağlı onun baxış bucaqlarını müzakirə etdik.
Qazaxıstan çöllərinin azad ruhlu mühiti sizin xarakterinizi və ümumi şəxsiyyətinizi necə formalaşdırıb?
Çox gözəl sualdır. Qazaxıstana - onun dağlarına, dənizlərinə, çöllərinə, torpağımızın qoxusuna dərin sevgim var. Orada qeyri-adi bir şey, güclü bir cazibə var, sanki o cazibə məni o çöllərə doğru çəkən saplardır. Mən Qazaxıstan torpağında dayananda içimdən gələn enerji sanki yer üzünə nüfuz edir. Mənim üçün başqa həyat yoxdur – uşaqlığımdan bəri belə düşünmüşəm. Əvvəllər Semipalatinsk vilayətindəki kəndimdə dağlara doğru qaçmağı, yaz fəslində qar dənələrini yığmağı çox sevirdim. Ola bilsin ki, Qazaxıstanın təbiəti, həmişə məni özünə səsləyən torpağı ilə məndə o vaxtdan möhkəm əlaqə yaranıb. Maraqlıdır ki, mən həmişə Qazaxıstanın təbiəti ilə təklikdə, baş-başa qalmaq istəmişəm. Mən torpağımızın fərqli rənglərini çox sevirəm; onlar özünəməxsusdur və özündə unikal bir cazibə ehtiva edir. İnanıram ki, bu cazibə uşaqlıqdan bəri mənə çox təsir göstərib. İçimdə bir güc varsa, bu torpaqdan qaynaqlanır. İndi anlayıram ki, torpaq mənə enerji verərək, ruhumu möhkəmləndirib.
Müasir modanın üç əsas pilləsini vurğulaya bilərsinizmi?
Bu dövr, insanların intellektləri, ambisiyaları, eqo və ən əsası individuallıqları vasitəsilə özlərini ifadə etdiyi göstərişsiz lüks hissini özündə cəmləşdirir. İnsan səs-küyü və hər şeyin arxasınca qaçma istəyini özündən uzaqlaşdırdıqda, özünəməxsus tərzini tapa bilir, bu isə digər hər şeyin üzərində dayandığı təməl daş rolunu oynayır. Zamansız dəb o zaman əldə edilir ki, insan öz tərzini müəyyən edib, onu özü üçün ən vacib atribut halına gətirir. Bunun ardınca isə insan öz büdcəsi daxilində, göstərişsiz lüks hissini itirmədən, cari trendlərə uyğun tərz seçə bilər. Mənim üçün ən vacib məsələ şəxsi stildir. Bu, sadəcə trenddə olan şeyləri geyinməkdən ibarət deyil, bu, sizə uyğun olanı seçmək, rahatlıq və özgüvəninizi təmin etməkdir. Bunlar əldə edildikdən sonra mövcud trendlərə uyğunlaşıb-uyğunlaşmamaq ikinci dərəcəli bir məsələ halını alır. Şəxsi stiliniz uğuru, şöhrəti, yüksəlişi və ən əsası, bütövlükdə sizi özündə əks etdirən bir elementə çevrilir. Şəxsi stilə sahib olmağın mahiyyəti də məhz budur.
Şəxsi stilə sahib olma prosesi necə başlayır?
Şəxsi stil sadəcə geyimdən ibarət deyil; bu, səhər seçdiyiniz qəhvəni, süfrənizin qurulma tərzini və sizə aid olan fərqli jestləri özündə ehtiva edir. Hamımız buna sahib olsaq da, bir çoxları öz fərdiliklərini gizlətməyə meylli olurlar, xüsusən də postsovet regionundan olan və özünü ifadə etməkdən çəkinən insanlar bunu daha çox edir. Mənim təşviqim odur ki, hər kəs bir divarın arxasında gizlənməkdənsə, özlərini həqiqətən olduğu kimi göstərsinlər. Sevinirəm ki, son 33 il ərzində mən qeyri-ixtiyari şəkildə də olsa, insanları öz həqiqi kimliklərini qəbul etməyə və onu nümayiş etdirməkdən çəkinməməyə istiqamətləndirmişəm.
Şəxsi stilinizi necə formalaşdırmısınız?
Uşaqlıqdan anamın sayəsində mənim özünəməxsus bir tərzim olub. Təhsilinin sadəcə iki dərəcədən ibarət olmasına baxmayaraq, həm o, həm də mən yaşadığımız ərazidə həmişə fərqli və özünəməxsus halımızı nümayiş etdirirdik. Biz, özümüzü tamamilə fərqli bir tərzdə geyinərək təqdim edirdik. Anam hər səhər oyanır, gözəl paltar geyinir, vəzifəsindən, iş yerindən asılı olmayaraq, həmişə qəşəng bəzənirdi. Kəndə yeni geyimlər gətiriləndə, ölçülərinin uyğun olub-olmamasından asılı olmayaraq az qala gördüyü hər şeyi alırdı. Sanki şəxsi tərziniz hissi sizin bir parçanız və ya taleyinizdir, siz onunla doğulursunuz. Anam da bunu qəbul etmişdi və daha sonra mənə də aşıladı. Mən isə şüurlu şəkildə olmasa da, onun arxasınca getdim. Əsas məsələ onu qavramaq, həzm etmək, onu ört-basdır etməyə və ya gizlətməyə ehtiyac duymamaq, ən əsası özün kimi olmaqdan qorxmamaqdır.
Biri ilə qarşılaşdıqda, onun fərdi həyat hekayəsini yazmağa başlayırıq
Özünüzü alıcı və ya stilist kimi qəbul edirsiniz?
33 ildir ki, kolleksiyalar toplamaqla məşğulam – təəccüblüdür ki, həmin müddətin ilk 8-9 ilində özümü əminliklə alıcı kimi qəbul edirdim. O zaman mən bu peşənin sahibi olmağa doğru irəliləsəm də, kimsə məndən bunu soruşanda özümü necə adlandıracağımı bilmirdim. Sonra uzun bir müddət keçdi və bəli, indi özümü qürurla alıcı adlandıra bilərəm. Özümü stilist kimi adlandırmağım isə cəmi beş il əvvəl baş verdi. Liliya Raxın alıcı olduğu bu dünyada, müxtəlif stillərin ucsuz-bucaqsız səltənətində biz öz unikal kimliyimizi – Liliya Rax brendi altında “Sauvage”i yaratdıq. Bu tərzdən istifadə edən insanlar indi asanlıqla digərlərindən seçilir və buna görə də bəli, bu gün əminliklə deyə bilərəm ki, mən stilistəm.
Stilist olmaq başqalarının etdiklərinin fonunda öz hekayənizi, bənzərsiz şah əsərinizi yaratmaq deməkdir.
Bu, həqiqətən orijinal bir şey yaratmaqdan ibarətdir. Biri ilə qarşılaşdıqda, onun fərdi həyat hekayəsini yazmağa başlayırıq. Biz hər bir insan üçün onun şəxsiyyətini ortaya qoyacaq olan fərdi bir tərz ərsəyə gətiririk və bu, bizim üçün həqiqətən həyəcan verici bir təcrübədir. Bu, bizim üçün sənət anlayışının özüdür.
Çoxları modanın bir sənət olduğunu düşünür. Bununla belə, moda sərgilərinə və təqdimatlarına nəzər saldıqda, onların müsbət emosiyalarla dolu tədbirlər, ekstravaqanza olduğunu görmək olur. Bəs niyə biz sənətin digər formalarında tez-tez göz yaşlarının, kədərin, qəmginliyin şahidi oluruq? Moda və digər sənət növləri arasındakı kəsişmə nöqtəsi tam olaraq harada yerləşir?
İstənilən sənətkarın keçdiyi yollar çətinliklərlə dolu olur. Aleksandr Makkuinin şoularında da o, podiumlardakı gözəl görüntülər vasitəsilə öz hekayəsini xatırladırdı. Dizaynerin nə üzərində işlədiyini başa düşmək çox vacibdir - onlara bir əsas mövzu lazımdır. Çox xüsusi dizaynerlər üçün bunun özü də bir sənətdir. Bu parlaq zəkalar sərgilər və kolleksiyalar vasitəsilə həyat hekayələrini paylaşırlar. Mənim istəyim həmişə dizaynerin çatdırmaq istədiyi mesajı dərk etmək olub. Mənə daha sonra aydın oldu ki, moda həqiqətən də bir sənət növüdür və bu fakt məni motivasiya mənbəyi olaraq sırf mənfəət qazanmağa çalışmaqdan uzaqlaşdırdı. Əvəzində mən Cianfranko Ferre, Qalliano, Aleksandr Makkuin, İv Sein Louren kimi böyük ustadların əsərlərini araşdırmağa başladım. Çox şanslıyam ki, belə parlaq insanlarla işləmək mənə də nəsib olub. Mənim üçün moda bir sənətdir, bunu hər mövsüm öz təcrübələrini, düşüncələrini və uşaqlıq xatirələrini bizlərlə bölüşən bir dizaynerin kitab yazmaq üsulu kimi də qəbul etmək olar. Bunlar bir insanın həyatından olan fraqmentlərin kino təsviridir, özündə dramanı, enişləri və yoxuşları cəmləşdirir.
Müasir dizaynerlərdə çatışmayan cəhətlər nələrdir?
İndi üzə çıxan dizaynerlərin nə ilə fərqləndiyini bilirsiniz? Postsovet məkanında əsas problem odur ki, dizaynerlər mövcud olan yaradıcılıq nümunələrini təkrarlayırlar. Onlar bir-birindən müəyyən təfərrüatları götürür, əvvəllər ərsəyə gətirilmiş elementlərdən yeni bir şey yaratmağa çalışırlar. Bununla belə, çatışmayan əsas şey hekayənin mahiyyəti və mənim də uzun müddətdir arzuladığım kino keyfiyyətinin olmamasıdır. Ona görə də mən həmişə “Narazı Liliya Rax”am. Bunu Ulyana Sergenko ilə müqayisə edə bilərsiniz, o, 60-70-ci illərdə yaşayan sovet qadını haqqında povest yazaraq, valehedici bir hekayə ərsəyə gətirib. Denis Simaçevin zəhmətkeş insan obrazı həm keyfiyyətinə, həm də fərqli genlərə sahib olduğuna görə dərhal rezonans doğurdu. Ulyana Sergenko öz həyatının və ölkəsinin tarixinin bir fəslini bizlərlə bölüşdü. Qazaxıstanda mən həmişə vurğulayıram: “Özünüzü sadəcə adi bir dizayner adlandırmayın, bunu düşünərək edin”. Həvəskar dizaynerlərə məsləhətim odur ki, öz genlərini müəyyən edərək, özünəməxsus tərzlərini, individual formalarını yaratsınlar. Bu, sirlərinizi kəşf etməkdir, ən yaxşı nümunə kimi Aleksandr Makkuinin təkrarolunmaz sənətini deyərdim.
Bakı Moda Həftəsi haqqında nə düşünürsünüz? Təəssüratlarınızı bölüşə bilərsinizmi?
Bakı Moda Həftəsi hər aspektdə peşəkarca təşkil olunub – heç bir həvəskarlıqdan və ya spekulyasiyadan söhbət gedə bilməz. Bunun bir standartı var, “biz öz rolumuzun vacibliyini qəbul edərək, işimizə ciddi yanaşırıq” mesajı ötürür. Moda nümayişinin təşkili üçün müəyyən edilmiş qaydaların artıq var olması yeni çərçivələrin yaradılmasına olan ehtiyacı aradan qaldırır; sadəcə mövcud olan çərçivələrə uyğunlaşmaq lazımdır. Hər şey ilkin mərhələdə olsa da, bizi hələ qarşıda çox şey gözləsə də, növbəti mühüm addım dizaynerlərlə işləmə mərhələsidir. Mən Bakı Moda Həftəsinin peşəkar şəkildə həyata keçirilməsini xüsusi vurğulamaqla bərabər, onun hazırki başlanğıc mərhələsini yüksək qiymətləndirirəm. İnsanların məsləhət üçün peşəkarlara müraciət etdiyini görürəm – bu çox vacib bir nüansdır.
Həvəskar dizaynerlərə məsləhətim odur ki, öz genlərini müəyyən edərək, özünəməxsus tərzlərini, individual formalarını yaratsınlar
Moda sektorunun əvvəlki günlərinə xas olan hansı elementlərə görə özünüzü nostalji hesab edirsiniz?
Çox vaxt düşünürəm ki, Yamamoto (o, ultramodern dərzilikdə usta kimi tanınır) və Armani artıq aramızda olmayanda bizim vəziyyətimiz necə olacaq? Bu şəxslər həyat hekayələrini sərgiləri vasitəsilə ifadə edən insanlardır. Sərgi salonuna girəndə kolleksiya ilə baş-başa qalmaq istəyirəm. Dizaynerin çatdırmaq istədiklərinin mahiyyətini dərk etmək, onların həyat hekayəsini başa düşmək üçün mənə cəmi 5 dəqiqə lazım olur. Mən Makkuinin ölümündən bir qədər əvvəl onunla qarşılaşdığım anı çox yaxşı xatırlayıram. Onun “Plato’s Atlantis” kolleksiyası gələcəyin xəbər verən bir kolleksiya kimi görünürdü. Bu kolleksiya məni dərhal özünə cəlb etdi - o, kosmosamı baxırdı? O, dünyanın dəlilik həddinə çatacaq dərəcəyə gələcəyini əvvəlcədən təxmin edərək, yeraltı dünya və kosmosla əlaqəni təsvir edirdi. Onun kolleksiyası dünyamızın gələcəyini qorxulu şəkildə proqnozlaşdırırdı. Az bir müddət sonra onun vəfat xəbərini aldıq.
Moda reallığı yaşamaq üçün bir vasitədir, yoxsa ondan qaçmaq üçün bir imkan?
Hər ikisi. Aleksandr Makkuin öz yaradıcılığında reallıqdan qaçmağa çalışırdı. Cianfranko Ferre isə əksinə, reallığı öz təsəvvür etdiyi kimi təqdim edirdi. İv Sein Louren hər iki yanaşmanı ustalıqla öz işlərində əhatə edirdi. Valentino reallığı qavradığı şəkildə göstərir, Giorgio Armani isə hazırki reallığı təsvir edirdi. Bu yaxınlarda baş verən pandemiya zamanı Armani, "Mən yalnız mövsümi moda dizayneri kimi xatırlanmaq deyil, Giorgio Armani adı ilə iz buraxmaq istəyirəm" demişdi. Hər bir insan üçün öz adına sadiq qalmaq sənət anlayışının özüdür. Çoxları bunu çətin hesab edir və ondan qaçır, çünki bu reallıq daxilində pulun ardınca getmək yorucu ola bilər.
Uğurlarınızı necə qeyd edirsiniz?
Hansısa cəhdlərimin uğurlu nəticələndiyini görəndə məni iki fərqli emosiya bürüyür - nailiyyət əldə etdiyimə görə sevinc hissi keçirsəm də, eyni zamanda işin yekunlaşdığına görə hüznlənirəm. Bəzən hər şeyin yenidən başlamasını istəyirəm, diqqətli olmağımı tələb edən, həm sevinc hissi bəxş edən, həm də yekununa çatdıqda o tanış acılı-şirinli hiss doğuran yeni bir proses axtarıram. Bizi mənalı bir nəticəyə doğru aparan bu cür prosesləri çox sevirəm.
Hər bir insan üçün özünə sadiq qalmaq sənət anlayışının özüdür