Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi.
2-6 oktyabr 2023-cü il tarixlərində Bakıda baş tutmuş 74-cü Beynəlxalq Astronavtika Konqresi üçün gözləntilər böyük idi. Bu, bugünə qədər bir sıra böyük və mötəbər tədbirlərə ev sahibi olmuş Bakı şəhəri üçün ilk təcrübə deyildi. Bu mötəbər tədbirin ikinci dəfə ev sahibliyini edən Bakıda daha öncə 1973-cü ildə sözügedən tədbir baş tutmuşdu.
Beynəlxalq Astronavtika Federasiyası tərəfindən təşkil edilən və hər il baş tutan tədbir kosmosla əlaqəli tədqiqatların, innovasiyaların müzakirəsi və təcrübələrin bölüşdürülməsi üçün platforma rolunu oynayır. Konqres milli kosmos agentliklərini, sənaye rəhbərlik edən qurum və şirkətləri, ekspertləri və elmi mütəxəssisləri bir araya gətirir. Beləliklə, bu tədbir həm də bir sıra əhəmiyyətli əməkdaşlıqların yaradılması üçün platforma kimi mühüm rol oynayır. Tədbirdə kosmik agentliklərin, dövlət və özəl sektorlara məxsus kosmik şirkətlərin, yerli və beynəlxalq media qurumlarının nümayəndələri, həmçinin investorlar iştirak ediblər. Tədbir boyunca bir çox konfranslar, sərgilər və 190-dan çox texniki sessiya nümayiş etdirilib.
Heydər Əliyev Mərkəzi ilə Bakı Konqres Mərkəzi arasında strateji şəkildə yerləşdirilmiş 7800 kv. metr ərazini əhatə edən nəhəng ərazidə 36 ölkəni təmsil edən 150 şirkətin sərgi və stendləri nümayiş etdirilib. Qeyd edək ki, bu tədbir Beynəlxalq Astronovtika Federasiyası üçün də xüsusi əhəmiyyət daşıyıb, belə ki, federasiya tarixində ilk dəfə olaraq bir tədbirdə 132 fərqli ölkədən nümayəndələr iştirak edib.