NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Çilpaq Dəniz

Yəqin ki, hər birimiz ən azı bir dəfə də olsa ictimai yerlərdə çılpaq olduğumuz kabusunu görüb və yuxudan utanc hissindən soyuq tər içində oyanıb. Deyim ki, utancaqlıq fenomeni ilk dəfə özünü məhz insan varlığında büruzə verir. Yunq analitiki Mario Yakobi "Utanc və özünə hörmətin mənbəyi” adlı işində insan varlıqlarının "fiziki təbiəti ilə bağlı olaraq təbii davranmalarının qeyri-təbii olduğunu" qeyd edir. Ancaq məşhur amerikalı foto-rəssam Spenser Tunikin, demək olar ki, xəyalpərəst yaradıcılığındakı kollektiv çəkinməzliyi əks şəkildə – çılpaq bədənlərin təbiilik ideyasında və urbanistik fonun mənasızlığında qurulub. Onun əsərləri – performansı, heykəltəraşlığı və fotoqrafiyanı birləşdirən bədii aktdır. Ümumilikdə, bütün həyatı boyu təxminən 50 min insanı soyundurub və yerlərə uzadıb. Ona poz verənlər arasında həm tələbələr, həm hörmətli ailə başçıları, məmurlar, müəllimlər, təqaüdçülər – yəni dünyada hələ də sevgi, gözəllik və çılpaq ürəklərin sinxron döyüntüsünə inanan insanlar yer alır. Kənardan onun instalyasiyalarının çəkilişi sektantların demarşına bənzəyir: minlərlə çılpaq insan, əlində meqafon tutan bir insanın əmri ilə landşaft üzərində öz bədənlərindən bir kompozisiya yaradır. Nyu-York, Vena, Los-Angeles, Bazel, Mexiko, Barselona, Amsterdam, Sidney – çılpaq dəstələr bu şəhərləri bir neçə saatlıq urbanizmin və canlı cismlərin simbiozuna çevirdilər.

Yəqin ki, minlərlə çılpaq bədənin enerjisinin Sizin ixtiyarınıza tabe olması acılı-şirin bir hissdir...
Sənət yaratmağı sevirəm, fotoqrafiyanın fiziki sima alması, çərçivəyə salınması, sonra başqa bir yerdə – məsələn, kiminsə evindəki divarda və ya bir qalereyada asılması xoşuma gəlir. Bu məni bir rəssam kimi çox sevindirir. Bir fotonun planşetdə və ya kompyuterdə rəqəmsal versiyasına sahib olmaq mənə kifayət etmir – bu şəkildə işimin bitdiyini hiss etmirəm. Mənim üçün görülən işin nəticəsi əlimə ala biləcəyim, həyatda iz qoyacaq fiziki bir obyektdir – məni ən çox məmnun edən bax budur. Həmişə mümkün qədər ünsiyyətə açıq olmağa çalışıram. Bilirsiniz, bu qədər çox insanla işləyəndə buna nail olmaq çətindir, amma insanlarla əlaqədə qalmağa çalışıram. Ən azından buna cəhd göstərirəm. Həm də işarə verərək camaatı soyunmağa məcbur edən sehrli bir kameram var.

İbrahim ənənəsində çılpaqlıq seks və digər cismi həzzlər kimi haram sayılır. Ancaq işlərinizdəki çılpaqlığın kütləvi olması erotik çılpaqlığı kölgədə qoyur. Bəs çılpaq kütlə erotik əhval-ruhiyyə nümayiş etdirirmi?
Bu səhnələrdə iştirak edən insanlar seks haqqında heç düşünmürlər, onların niyyəti səmimi olaraq sənət yaratmaqdır. Poz verərək insanlar bir-biri ilə həqiqi mənada bərabər olduğunu və paltarın sadəcə zireh olduğunu başa düşürlər. Mənim üçün poz verən insanlar heç də nudist deyillər və bunu ilk dəfə edirlər. Onlar nəyisə yalnız bir dəfə sınamaq istəyən adi insanlardır, bunu bir daha təkrar etməyə də bilərlər. Onlar ilk başlarda utanırlar, lakin ətrafda minə yaxın insan çılpaq olduğu zaman bəzi geyimdə olanlar çılpaq olmadıqlarına görə sıxılmağa başlayırlar.

Kütləvi çılpaqlıq şəxsiyyətsizlik təəssüratı yaradır. İnsanlar birlikdə utanmadıqları üçün birlikdə poz verirlər?
Xeyr, düşünürəm ki, hər hansı bir kollektiv hissi müxtəlif qəbul edilə bilər. Bir qrup insan bundan xəcalət çəkə bilər, digər bir qrup isə özünü rahat hiss edə bilər. Hər şey insanın özündən, ölkəsində və ya dövlətində hansı siyasətin aparılmasından, hansı dəyərlərinin olmasından və əhval-ruhiyyəni verməsindən asılıdır. Nyu-York ştatında insan bədəninin ictimai yerdə çəkilmiş fotosunu sənət obyekti olaraq qoruyan bir qanun var. Buna görə də, Nyu-York ştatında foto və ya video çəkilişi zamanı istənilən yaşayış məntəqəsində çılpaq poz vermək olar. Ancaq qanunlar fərqlidir. Bəzi ştatlarda, məsələn, evin yanında şezlonqda çılpaq uzanaraq günəşlənmək qadağandır. Ancaq çəkiliş zamanı buna icazə verilir: əgər evin yanındakı məkanda hansısa sujet çəkilirsə, o zaman şezlonq və kokteyl istifadə edərək çılpaq uzanmaq olar!.. Ümumiyyətlə, deməliyəm ki, çılpaq şəkildə beton və asfalt üzərində uzanmaq çox güclü bir hissdir. Bu təbiət, tərəqqi, "beton cəngəllik" ilə vəhdət hissi yaradır... Bir növ ziddiyyətlə vəhdətdir.

Çılpaq olmaqdan daha çox kimlər utanır: kişilər yoxsa qadınlar?
Bəzi ölkələrdə kişilər qadınların azad ruhunu yatırmağa çalışırlar. Ancaq ümumilikdə fotoqrafiya işində nisbət demək olar ki, həmişə eynidir: iştirak etmək istəyənlərin 55%-i kişilər, 45%-i qadınlardır.

İsrail məmurları sizin işlərinizi “Bədii vəhşilik” adlandırıblar. Bu reaksiya sizi incitdi? Sizin tərəfinizdən cavab "mesajı" verildimi?
Bu, çəkilişlərdə iştirak etmək istəyən vətəndaşların hisslərini daha çox incitdi. Axı bizim işimiz kollektiv işidir. Təsəvvür edin, minlərlə insan mənim çəkilişlərimdə iştirak etmək arzusunu bildirirlər, ancaq senzuraya məruz qalırlar, onların istəklərini nəzərə almırlar, sənətin bir hissəsinə çevrilmələrinə imkan vermirlər. Odur ki, bundan daha çox bu ölkənin vətəndaşları və sonra – yaratmaq və ümumiyyətlə bu yerlərdə olmaq istəyim əziyyət çəkir. Hökümətin mühafizəkar hissəsi işimi dayandırmaq istədi, amma sonunda sevgi və sənət qalib gəldi və Ölü dənizindəki işimi sülh yolu ilə tamamlaya bildim. Yəqin ki, bu mühafizəkarlardan yüksəkdə üzən, onlara əl sallayan və gülümsəyən çılpaq insanlar onların yuxularına giriblər.

Sizin fikrinizcə, ümumiyyətlə nəyi sənət adlandırmaq olar, nəyi yox?
Əgər rəssam olduğunuzu bəyan edirsinizsə, deməli, rəssamsınız. Rəssamlar əsərlərinin başqalarında nə kimi hisslər oyatdığına nəzarət edə bilmirlər. Sənət olduğunu iddia edən hər şey, pis və ya yaxşı olmasından asılı olmayaraq sənətdir. Ancaq buna qərar verən rəssam deyil. Qərar hər zaman hakimlərindir: onlar savadlıdırlar, hansısa təhsil alıblar – onlar qərar verirlər. İyerarxiyaya tabe olmaq belədir. Burada demokratiya yoxdur, sənət dünyası belə qurulub.

Yəni rəssam peşəkar təhsil almalıdır?
Sənət sahəsində imkan varsa təhsil almaq yaxşı olardı. Rəqabətli sənət mühitində yaratmaq və yaşamaq istəyirsənsə, təhsil böyük dayaq olacaq. Çünki yeni fikirləri irəli sürməyə çalışırsan, ancaq bunu təməlsiz, təcrübəsiz, rəhbərsiz etmək çətindir. Rəqabətli sənət dünyasında güclülər sağ qalır və üzdə qalmaq asan bir iş deyil, çünki buradakı rəqabət vəhşidir. Buna görə bir insan nə qədər savadlıdırsa, nə qədər çox şey öyrənibsə, bir o qədər yaxşıdır.

Bəs əgər xüsusi təhsilim yoxdursa, özümü rəssam adlandıra bilərəm?
Bilərsiniz. Lakin özünü sadəcə rəssam adlandırmaq kifayət deyil: bunu sübut etmək üçün hansısa nəzəri və ya praktik iş göstərməlisiniz. Öz təxəyyülünüzü izah etməlisiniz. Və əgər izləyici bəyənirsə, deməli, yaxşıdır. Bu işdə qərar verən rəssam deyil, tamaşaçıdır.

Çilidəki performansınızdan sonra – çəkiliş meydançasına planlaşdırılan dörd yüz nəfər əvəzinə təxminən üç min nəfər toplaşdıqdan, onlar evlərinə xoşbəxt və çılpaq şəkildə qayıtdıqdan, Sizin isə İlin adamı elan edildiyinizdən sonra sənətinizin psixoterapevtik təsiri olduğunu demək olar?
Bəli, performanslarım çox vaxt terapevtik təsir göstərir. İnsanlar bədənlərinin ağaları olduqlarını və daha az məhdudlaşmış, sərbəst olduqlarını hiss edirlər. Narahatlıq hissi yox olur – çünki onlar poz verirlər və bu onlara kömək edir. Bədən formasının necə olduğu, qısa və ya uzun boylu, arıq və ya kök olmağının heç bir əhəmiyyəti yoxdur. İnsanlar özünə inam əldə edir, gülünc utancaqlıq hissindən qurtulurlar, bədənlərini göstərməkdən artıq çəkinmirlər. İşimi sevirəm, çünki insanlarla işləyirəm, onların reaksiyasını görürəm. Bu, məsələn, gil və ya boya ilə işləyən rassamlar üçün belə deyil. Mənim işim emosiyalar və hisslərlə əlaqəlidir və insanların mənimlə bərabər daxilən açılması və güclənməsi xoşuma gəlir. İnsan duyğularının və hərəkət etmək üçün... insan ayaqlarının olduğu bir mühitdə işləmək hər zaman əladır. Cəmiyyət təzyiq altında olduğunda işlərim yeni məna kəsb edir: insanlar yalnız sənət üçün poz vermirlər, hökumətə onlara sahib ola bilməyəcəklərini və bədənləri ilə istədiklərini etməkdə sərbəst olduqlarını bağırırlar. Əlbəttə məhdudiyyətlər var. Ancaq bir-birinin yanında çılpaq dayanmaq və ya uzanmaq seksual deyil, həm də insanın öz bədəni ilə sərbəst hərəkət etmək, o cümlədən, müəyyən məkan və zaman çərçivəsində ictimai yerlərdə formalar və abstraksiyalar yaradaraq bədəni ilə sənət yaratmaq hüququ olmalıdır. Məsələn, Çilidə mənim gəlişimdən on il əvvəl diktatura var imiş. Bu ölkəyə sənət yaratmaq üçün gəldiyimdə səyahətimin qısa olacağını düşünürdüm, lakin minlərlə könüllü poz vermək istəyini bildirdikdə səfərimi uzatmalı oldum – mənim layihəm onlar üçün qan axıtmadan öz narazılıqlarını hökumətə bildirmələri üçün bir vasitə oldu.

Bir dəfə demişdiniz ki, çılpaqlığa münasibət cəmiyyətdə azadlığın barometridir. Layihələrinizi "daha çox müqavimət" göstərən yerlərdə etməyə üstünlük verirsiniz, yoxsa sənətinizi qəbul edən ölkələrdə?
Mühafizəkar ölkələrdə işim poz verən insanlar üçün daha əhəmiyyətlidir və bu, planetdə olduğum qısa müddət ərzində bir şey dəyişdirdiyimi hiss etdirir. Nə deyirsən de, bunda nəsə xüsusi bir şey var – insanları küçələrdə nümayiş edilən sənət və çılpaq bədənlərin köməyi ilə azad etmək hissi...

Sizcə, tanımadıqları minlərlə insanın qarşısında digər insanların soyunmağa hazır olmaqları nəyi sübüt edir?
Onların dahiliyini və layihənin bədii missiyasını.

Otuz illik təcrübəniz müddətində modellər necə dəyişib? Bugünkü çılpaqlar 1991-ci ilin çılpaqlarından fərqlənirlər, yoxsa heç bir fəqr yoxdur?
Bədənlərində döymələr çoxalıb. Keçmişdə döymələr daha çox bohema halı idi, indi isə tendensiyaya çevrilib, onları hətta mühafizəkar insanlar da vurur.
İlk dəfə çılpaq insanların fotolarını çəkdiyimdə, onları görə biləcəmiz yeganə yer muzeylər və fotoqrafiya kitabları mağazaları idi. Bu gün isə İnternet, Facebook və Instagram kimi sosial şəbəkələrinin artması ilə bütün fotoqraflar və onların anaları (ancaq səssiz!) ictimai yerlərdə nyu tərzində fotolar çəkdirirlər. Bunu hər kəs edir. Əgər istənilən fotoqrafın portfoliosuna baxsanız, yaradıcılıq dövrünün çox hissəsini o, bu cür fotoları şəhər məkanlarında, ictimai yerlərdə çəkdiyini görəcəksiniz. Bu bizim bir rəssam kimi dünyanı qavramamızın bir hissəsidir. Ola bilsin ki, əvvəllər bizlər azlıq təşkil edirdik. İndi isə belə deyil, hətta fotoqraf olmayan insanlar belə çılpaq poz verirlər. İnsanlar həvəslə soyunmağa meyillidir. Hər kəsin kamerası var, həmçinin, hökümətə, dinə və mənəvi məhdudiyyətə qarşı çıxış etmək, üsyankarlıq hissi çoxalır. Buna görə düşünürəm ki, bu gün çılpaqlaşmaq üçün ən münasib vaxtdır.

Əgər çılpaqlığın adi hala çevrildiyini, tabu olmadığını, qalmaqallığını itirdiyini bir anlıq təsəvvür etsək çılpaqları çəkməyə davam edərdinizmi?
Əgər çılpaqlıq adi hala çevrilsəydi, müharibələr və qadınlara qarşı zorakılıq azalardı, çünki bədən bir qədər deseksuallaşdırılmış olardı. Bəli, davam edərdim.

Sənətinizin qalmaqallı olması – məqsədyönlüdür yoxsa vəziyyətə görədir?
Mən sənət predmetlərini yaratmağa konsentrasiya oluram, insanlar isə onların ətrafında mənim düşüncələrimə yardımçı olan hekayələr yaradır.

Siz Instagramda çılpaqlıq senzurasına qarşı aksiyalar keçiridiniz. Nəyəsə nail ola bildiniz?
Instagram – pis yaxşı, bugünkü dünyanın xronikasıdır. Sosial mediya-platformasında yayımlanan fotolarda bildiyim qədər pornoqrafiyasız çılpaqlığa icazə verilməlidir. Həm də Instagramda nyu sənətinə azadlıq verilməlidir. Biz, The Nipple olaraq Instagram və Facebook platformalarının baş ofislərində hər bir məsul rəhbərə güzgüdə öz çılpaq bədənlərinə baxıb və bunun zorakılıq və ya cinayət olub-olmamasına qərar vermələrini təklif edərək kiçik qarışıqlığa səbəb olduq. Instagramda heykəl və ya rəsm əsərində, hətta məsələn sekslə məşğul olan insanların erotik sujetlərində əks olunan çılpaq bədən fotosunu paylaşımına icazə verilir. Onlara qadağa yoxdur. Lakin video və ya fotokameraya çəkilən çılpaq bədən fotosu dərhal bloklanır. Belə çıxır ki, Instagram sənəti senzuraya salır. YouTube kanalında da çılpaqlığı sənət olaraq yerləşdirmək olar, yəni onlar çılpaq bədəni sənət olaraq onların platformasında yayımlanması üçün çıxış yolu tapıblar. Mənim işlərimi YouTube-də qadağan etməzlərdi. Bəs niyə Instagramda bunu etmək olmaz? Niyə bunu çılpaq bədənlərlə işləyən rəssamlar üçün istisna etmək istəmirlər? Düzgün hərəkət etdiklərini düşünmürəm. Əgər kimsə şəhərdə öz sərgisini anons etmək istəsə və ya kimsə özünü rəssam kimi bəyan etmək istəsə bu paylaşımlara icazə vermək üçün bir funksiya yaratmaq olar. Axı onlar pornoqrafiya sferasında olmayan çılpaq bədənlərlə işləyirlər. Halbuki seksdə pis bir şey yoxdur, bu gözəl bir şeydir. Pornoqrafiyanı çılpaq bədən fotosundan ayıran servis yaratmaq olardı. Məhz bu problemə diqqət cəlb etmək üçün aksiya keçirirdim. Və olduqca uğurlu alındı.

Nəticədə nəyə nail oldunuz?
Mən digər rəssamların və muzey direktorlarının toplaşdığı görüşə nail oldum və görüşdə bu məsələ müzakirə olundu. Ancaq sonra pandemiya başladı və bəlkə də baş tuta biləcək dəyişikliklər, yəni rəssamlar üçün verifikasiya və icazə sisteminin yaradılma fikri hazırda havada qaldı.

Sizin bir çox aksiyalarınız insanların ucbatından yaranan ekoloji problemlərə həsr olunub. Sizcə, insan və təbiət arasında sərhəd haradadır? İnsanlıq təbiəti məhv etmədən yaşaya bilərmi?
İnsanlar çoxlu ağac əkməlidir, sonra isə onların ətrafında çılpaq rəqs etməlidirlər. İnsanlar həyatları boyunca incəsənətdə, rəngdə, kütləvi sənətdə daha çox sərbəstliyə ehtiyac duyurlar. Əgər ölkə öz rəssamlarına qarşı daha mehriban olarsa, onlar da planetə və təbiətə qarşı mehriban olacaqlar. Rəssamlar alimlər və ətraf mühitin mühafizəkarları ilə birlikdə cəmiyəti nasist, tənbəl, hakimiyyətlə gözləri tutulmuş rüşvətxor məmurlardan xilas edəcəklər. İnsanları təbiətdə çəkdiyim zaman həmişə onları sadəcə insan deyil, təbiətə zorla girmiş şəhərin bir hissəsi olduğu hissi yaranır. Mənim üçün insan bədəni urbanizm, şəhər mühiti ilə sıx əlaqəlidir. Mən buna təbiət-təbiət tandemi kimi baxmıram, mənim anlayışımda insan – təbiət deyil, o, təbiətin ərazisində məskun salan ətli-canlı şəhərin memarlığıdır. Biz təbiətdən uzaqlaşmışıq və təbiət adlanmaq üstünlümüyüzü qoruyub saxladığımızı düşünmürəm. Biz onu məhv edirik. Buna görə hesab edirəm ki, insan bədəni təbiətin qoynunda
nəyəsə qarşıdurmadır.

Biz insanlar, təbiətə ziyan vurmadan mövcud ola bilərik?
Bəli, mən buna inanıram. Pandemiya göstərdi ki, fövqəladə vəziyyətdə səyahətdən imtina etmək mümkündür, nəqliyyatdan daha az istifadə etmək olar. Planetdə yaşayaraq biz onu dəyişdiririk. Ancaq planetə pandemiyasız belə ziyan verməmək bizim ixtiyarımızdadır.

Əgər sosial məsafə saxlamaq “yeni norma” olarsa, sizin sənətiniz necə olacaq?
Mən bir-birindən altı fut məsafədə dayanan insanlarla işləyə bilərəm, sadəcə daha böyük məkan lazım olacaq. Düşünürəm ki, indi hər birimiz tənhalıq hissi yaşayırıq. Kiminsə asqırmasına gülümsəyərək cavab verdiyi, qucaqlaşdığı və bir-birinin yanında dayanmaqdan qorxmadıqları vaxtlar üçün darıxırıq. İndi dünyada baş verənlərdən bir az kədərlədir. İnanıram ki, sənətdəki çılpaq bədən əvvəlki kimi ləyaqətlə qəbul ediləcək. Çılpaq bədənin öz gözəlliyi olduğuna inanıram. Birlik və dürüstlük hissinin həyatımızın bir hissəsi olacağına inanıram. Məhz buna görə gördüyüm işi sevirəm və bunu
dünyanın hər yerindən olan insanları birləşdirməyi davam etdirəcəyəm. Suriyalı birinin Çilidən olan bir insanla birlikdə poz verməsi çox gözəldir və sənətin insanları bir araya gətirməsi çox gözəldir! Bədənin sənət ilə əlaqəsi hüdudsuz azadlıqdır. Sevinirəm ki, hələ də sənət yaradıb insanları bir araya gətirə bilirəm. Kim bilir, bəlkə də Azərbaycandan kimsə bu müsahibəni oxuyacaq, layihələrimin iştirakçısı olmaq və mənə yazmaq istəyəcək. Bəlkə də, azərbaycanlılar da kameramın qabağında soyunmaq istəyəcəklər. Düşünürəm ki, Azərbaycandan ən azı beş yüz arzuedən toplayardım. N