NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

FƏRHAD XƏLİLOVUN METARƏSSAMLIĞI

Onun rəsmlərində çox zaman ağacları görürük. O, elə özü də ağaca bənzəyir. Amma haradasa bağçada qayğı ilə deyil, daha çox yabanı halda yol kənarında və ya çöllükdə bitən ağaca. Möhkəm, hündür, küləyin təsiri ilə əyilməyən. Budur, ilk rəsmlərinin birində tənha donub qalan, yöndəmsiz, amma mənalı əncir ağacı; yana əyilən budaqlar qarışıq həyəcan gətirir. İllər ötür və rəssamın əsərlərində qızaran tut, çiçəklənən albalı, qarlı heyva ağacları peyda olur... Bu həyəcan təbiətin qəbulu ilə əvəzlənir. Yenə də illər ötür və təbiət haqqında - rəssam üçün doğma Xəzər, adət etdiyi Abşeron haqqında təəssüratlar bütün fərqləndirici işarələri sıxışdırıb çıxarır. Yalnız dəyişkən Xəzər və ciddi Abşeron, yöndəmsiz əncir ağacı və baharın şadyanalığı barədə xatirələr qalır... Bax, bu sondakı Fərhad Xəlilov daha çoxmənalıdır.

Fərhad Xəlilovu çox zaman abstraksionist adlandırırlar. Lakin qeyri-fiqurativ rəssamlığın əsas fiqurantı Cekson Pollokun rəsmlərində ritm özündən çıxırsa, Mark Rotkonun lövhələrində isə çılpaq sinirin rəng çalarları döyünürsə, Xəlilovun əsərlərində fəzanın gizli həyatı əks olunur. Onun şəkillərində Yerin xəritəsində qeyd olunan dəniz deyil, hər birimizin bu ram olmayan təbiət ünsürü ilə rastlaşdığımız zaman daxilimzdə baş qaldıran şey yer alıb. Gözlərimizin önündə dəniz peyzajı deyil, ona tərəf aparan yol canlanır. Fərhad Xəlilov döyüşçüdür. Bu, hər şeydə sezilir. Onun nitqində – danışır, lakin açıqlamır – polad zirehlə müdafiə olunur. Qəfildən masaya vurmasında – bu zərbədə qəzəb deyil, epik qüvvə var. Kişi, rəssam, hakimiyyətə mənsub şəxs rolunu oynamağa cəhd etməməsində... Bir zamanlar heykəltəraş Fazil Nəcəfov onu “qoca general” adlandırmışdı, lakin öz ruhunun labirintlərində dolaşan bu general qanlı savaşların döyüş səhnələrini deyil, alçaq ehtirasların hüdudlarından kənardakıları təsvir edir. O, axtarışın metafizikasını çəkir.

Qarşıdakı müsahibənin qəhrəmanı haqqında materialların axtarışı adi işdir. Sizinlə müsahibəyə gələndə də belə oldu, lakin Fərhad Xəlilovun nə yaradıcılığı haqqında kitablar, nə də Bakıdakı sərgiləri haqqında məqalələr tapmadım. Eyni zamanda, məlum oldu ki, ölkə hüdudlarından kənarda, xüsusən də Moskvada tez-tez sərgiləriniz keçirilir...

Bakıda bir neçə səbəbdən sərgilərimi təşkil etməmişəm. Birincisi, atamın mövqeyinə görə. Deməzdim ki, bu mənə ağır gəlirdi, sadəcə anlayırdım ki, insanlar mənə qarşı obyektiv deyillər. Bəziləri qeyri-səmimi, digərləri yaltaqdırlar... Bir dəfə mənə Qrişa Anisimov zəng vurmuşdu, o isə rəssamlarımız haqqında çox yazırdı, Azərbaycanı çox sevirdi. O, mənim əsərlərimə baxdı və onların fotolarını Moskvanın “Yunost” jurnalının redaksiyasına apardı. O zaman orada solçu, əsasən moskvalı rəssamların sərgiləri keçirilirdi. Jurnalda çox ciddi jüri fəaliyyət göstərirdi – redaksiya sadəcə əsərlərin nümayişi üçün meydança funksiyasını yerinə yetirmirdi. Və bir dəfə Qrişa mənə zəng vuraraq dedi: “Jüri materialla tanış oldu və sərginin keçirilməsinə razılıq verdi”. Bu, 73-cü ildə idi və o zamanlar üçün ciddi hadisə idi: milyonluq tirajla nəşr olunan “Yunost” jurnalında dərc edilən məqalə ilə sərgi... Bakı üçün bu nadir hal idi. Bir müddət sonra, 76-cı ildə, İspaniyaya həsr edilən böyük fərdi sərgi keçirildi. İspaniyaya iki il əvvəl getmişdim. Orada Abşeronla çox bənzərlik tapdım: daş hasarlar, zeytun ağacları, qum üzərində uzanan üzümlüklər, elə insanları da bizə çox bənzəyir. Bizim dağlarda olduğu kimi kürən oğlana da rast gəlmək olardı, qaraşına da. Bizə yaxın olan bu kontrast diapazonu məni düşünməyə vadar etdi: “Onsuz da vətənimdə görə biləcəyim şeyləri görmək üçün bu qədər uzağa getməyə nə ehtiyac var idi?!” Səfərdən dönəndən sonra İspaniya haqqında şəkillər çəkməyə başladım. Tezliklə Moskvadan təklif aldım. Bu sərgi həm də Frankonun ölümündən bir il sonra keçirilməsi ilə əlamətdar idi – qırx illik fasilədən sonra Sovet İttifaqına ilk ispaniyalı diplomat gəlmişdi. Müasir insana bunun gənc rəssam üçün nə olduğunu anlamaq çətindir: belə qısa müddətdə ikinci fərdi sərgini təşkil etmək, özü də haradasa deyil, sovet Moskvasında. Mən İspaniyanı çox sevirəm. Bu həm Lorka ilə, həm rəssamlıqla əlaqədardır... Ümumiyyətlə, məncə, hər yaxşı şey oradan qaynaqlanır. Hərçənd rəssamlıqda mənim üçün ən əhəmiyyətli fiqur Van Qoqdur.

Müsahibələrinizin birində demişdiniz ki, “ətrafda çox lazımsız şey var, bunlardan imtina etməyi bacarmaq lazımdır”. Sizin əşyasızlığa müraciətiniz elə bu lazım olmayanlardan imtinadır?

Deməzdim ki, fiqurativ təsvirdən uzaqlaşmışam. Londondakı sərgimdən sonra bir tənqidçi belə yazmışdı: “Bu rəssam reallıqla abstraksiya arasında gözəl balans tapıb”. Yəqin ki, bununla razılaşaram. Məni heç zaman dəbdəbə, ifrat cəlb etməyib... Nə yaradıcılıqda, nə ətrafdakı reallıqda. Mən orta əsrlərə aid, ibtidai hər şeyi xoşlamışam... Rəssamlığım da prinsipcə dəyişməyib. Mən sadəcə gərəksiz şeylərdən imtina etdim və buna davam edirəm. İncəsənətdə davranışlarımın məğzini belə izah edərdim.

Lakin bu keçid təcrididən daha çox qəfil təsiri bağışlayır...

Hər şey “Dağ” əsərindən başladı. Mən onu 1983-cü ildə çəkmişəm. O, içimdən qəfildən meydana gəldi, ardından isə - yenə və yenə... Sonra əvvəllər etdiyimə qayıtmağa cəhd göstərdim, amma birdən fikir verdim: məndən tamamilə gözlənilməz əsərlər sıçrayır. Beləcə “Görüş” adlı silsilə yarandı.

Bu dəyişikliklərə təkan verən nə oldu?

Yəqin ki, mənim təkamülüm. Axı bu dərhal baş vermir. Özüm üçün adi rəsmlər çəkərkən fikir verirdim ki, beynimdə bir sıra yeni təsvirlər yaranır və sonradan onlar kətana çevrilir. Tədricən onlar məni öz tərəflərinə çəkdilər və mən onlara qərq oldum. Əsərlərimi abstrakt adlandırmalarına təəccüb edirəm – mənim üçün onlar tam realistikdirlər.

Sizin daha sonrakı əsərlərinizdə çox güclü enerji konsentrasiyası mövcuddur. Bu hər hansı dərk edilən praktikanın nəticəsidir, yoxsa temperamentinizin qeyri-şüurlu təcəssümü?

Bu, mənim bir hissəmdir. Gəncliyimdə hər gün rəsm çəkməsəydim stress keçirirdim. Bu gün sadəcə yaradılma prosesində olan rəsmi seyr edə bilərəm. Bu o demək deyil ki, mən rəsm çəkmirəm, bəlkə bu həqiqətən də çəkməyimdən daha məhsuldardır. Sonra işə başlayanda fırça öz işini görür. Mən özüm də buna təəccüblənirəm... Bəzən bununla əlaqəmin olmaması hissi yaranır – sanki onları mən yox, başqası çəkib, amma buna baxmayaraq, həyəcan var. Bax, bu rəsmlər mənə hər şeydən əzizdir. Praktiki olaraq mən emalatxanada yaşayıram. Heç zaman şəhərdə işləməmişəm. Uzun müddət Abşeronda miqrasiya etmişəm, kəndlərdə emalatxanalar kiralayırdım, İspaniyadan sonra isə Nardaranı seçdim.

Sizi bu yerin asketliyi cəlb etdi?

Bəli, əncirliklər, qumsallıq və camaat da... bir az çətin xarakterlidirlər. Ümumiyyətlə, Nardaran çətin yerdir, amma mən də sadə insan deyiləm. Mənə deyəndə ki, “sən xoşbəxtsən, oturmusan orada, özün üçün şəkil çəkirsən”, cavab verirəm – “bəs sizə nə mane olur? Siz də gəlin və oturun”.

Dostlarınız bu qədər uzun müddət tənha qalmaq bacarığınıza təəccüblənirlərmi?

Mən ümumiyyətlə tənhalığın nə olduğunu bilmirəm. Təəssüf ki, insan əzəldən tənhadır.

Bəs o zaman nə üçün “təəssüf ki”?

Ona görə ki, insan tənhalıqdan qaçmağa, onu aldatmağa çalışır və dostlar, pərəstişkarların sayəsində buna qismən nail olmağı bacarır. İnsan həyatının zirvəsi kimi ailə, uşaqlar da önəmlidir. Zaman-zaman ruhən yaxın insanlarla görüşmək, onlarla söhbət etmək istəyi yaranır... Vəssalam. Mən ünsiyyəti, şəhərimi sevirəm, lakin insanlar arasında uzun müddət qala bilmirəm. Ona görə də emalatxanaya qayıdıram. Nadir hallarda yanıma kimisə buraxıram. Mənim rəsmlərim yadların mövcudluğundan əziyyət çəkirlər. Mən bunu görürəm, görürəm onlar göz önündə necə dəyişirlər və bu da məni ağrıdır. Kətanla ünsiyyət üçün mənə tam tənhalıq gərəkdir. Buna görə də şəhər vurnuxmasından kənarlaşaraq işləyirəm. Kətanlarım məni gözləyir, mən də onlardan uzun müddətli ayrılmamağa çalışıram – onlar çox qısqancdırlar.

Siz də soyuq palitraya daha tez-tez müraciət etməyə başlamısınız...

O elə əvvəl də bir o qədər isti deyildi. Mən heç zaman rəngarəng olmamışam. Bilirsiniz, vaxt var idi, ümumiyyətlə rəsm çəkməyəcəyimə qərar verdim. Düşünürdüm ki, “mən məgər təbiətin quluyam?! Gedirəm, baxıram, gəlirəm, çəkirəm...” Mən bu düşüncələrlə yaşayırdım, özümü azad hiss etmirdim.

Rəssamlığı atsaydınız, nə ilə məşğul olardınız?

Ciddi deyildim, özüm özümlə fəlsəfəyə dalırdım. Düşünürdüm ki, gözəlliyin müşahidəsi məni incəsənətdə daha kamil vəziyyətə gətirib çıxaracaq.

Bu böhran uzun müddət davam etdi?

Nə üçün böhran? Əksinə, mənə elə gəlirdi ki, həqiqətin yanındayam... Amma bu zaman məni İttifaqın sədri seçdilər və o zamandan da mən hər boş dəqiqədən istifadə edərək daha məhsuldar rəsm çəkməyə başladım. Belə, bu dünyada heç nə təsadüfi deyil.

Sizi sədr olaraq rəssamlar seçdilər?

Bəli, qurultay keçirildi, iki gecə davam etdi, Azərbaycan kommunist partiyasının MK-nin katibi də iştirak edirdi. Partiya qrupu tərəfindən başqa namizəd irəli sürülmüşdü, lakin o, böyük dəstək qazanmadı. Rəssamlar səslərini mənim lehimə verdilər. Əvvəlcə hakim səlahiyyətli rəssamların mənə etimadı yox idi: mən partiya üzvü deyildim, mükafatlarım yox idi, ayaqyalın və üstüaçıq “qazik”də gəzirdim... Yadımdadır, opponentlərim deyirdilər: “O heç olmasa bir il tab gətirə bilsə, biz adımızı dəyişərik”. Lakin onlar bir şeyi nəzərdən qaçırmışdılar – mənə xas olan məsuliyyət hissini. Bu isə insanda ən vacib xüsusiyyətdir.

Əvvələ qayıdaq... Nə zaman rəssamlıqla maraqlanmağa başladınız?

Uşaqlıq rəsmlərimi unutmuşam. Onlar, demək olar ki, heç yox idi... Evimizin tinində yerləşən Pionerlər evinə üzv olmağım yadımdadır. Orada uzun müddət tab gətirmədim: nə isə xoşuma gəlmədi... Dördüncü və ya beşinci sinifdə məktəbimizə gözəl pedaqoq gəldi – Yuriy Yakovleviç Lobaçevski və mən natürmortları, peyzajları, naturadan etüdləri çəkməklə yanaşı rus klassikləri – Vasnetsovun, Polenovun, Savrasovun əsərlərinin surətini çıxarırdım... Elə o zaman da ilk dəfə yağlı boyalardan istifadə etməyə başladım, indi də bu ətirsiz yaşaya bilmirəm.

Rəssamlıqla maraqlanmağınız ailədə təqdir olunurdu?

Mənə heç kim mane olmurdu. Yalnız bir dəfə atam rəssamlıq məktəbinə daxil olmaq istədiyimi bildikdə dedi: “Bəlkə memarlığı seçəsən?” Necə də olmasa rəssam peşəsi... qeyri-sabit görünürdü, memar isə sənaye, təşkilatlar, layihələrlə əlaqəlidir. Bir sözlə, bu aydındır, axı sən əsl rəssam yolunu seçmisənsə, çox sayda çətinliklər yaşamalısan. Bu mənada sovet sistemi “xaltura” etmək imkanı verməklə ərköyünləşdirirdi: Stalinin, Leninin, Brejnevin, Siyasi Büronun üzvlərinin portretləri... Bu işlərdə rəssamlar pis qazanmırdılar. Amma böyük hesabla incəsənətlə məşğul olmaq – dəbdəbədir. Bunu özünə rəva görməyi bacarmalısan.

Söhbətimizə hazırlaşarkən Qriqoriy Kozintsevin gündəliklərini oxudum. Onun yazılarında bəzi şeylər Sizin təcümeyi-halınızla həmahənglik təsiri bağışladı. Belə bir parça: “Hələ uşaq ikən rejissor olmaq qərarına gəldikdə, atam, qoca həkim, çox məyus oldu. O deyirdi ki, “bu nə işdi, publika sevinsin deyə insanları əyləndirmək, hoqqa çıxartmaq. İş – çörək vermək, ev tikmək, sağaltmaqdır.” Tez-tez mənə elə gəlir ki, atam haqlı idi. Amma onu fikrindən döndərmək üçün mən Şekspirə müraciət etdim. Rəssamlar İttifaqının sədri olmaq qərarınız atanızın nəzərində özünüzü təsdiq etmək, Dövlətov yazdığı kimi, peşənizin obyektivliyini ona sübut etmək istəyi ilə əlaqəli deyil?

Hər şey birdən oldu: artıq söz açdığım quldarlıq haqqında düşüncələrim, soyadın təmtərağının aradan getməsi – o zaman artıq atam təqaüddə idi... Və ən əsası – insanların inamı. Mənim üçün bu çox önəmlidir! Adətən yüksək vəzifəli şəxslərin övladlarının ardınca getmirlər, onları heç yerə seçmirlər. Mən də bununla fəxr edirəm. Fəxr edirəm ki, insanlar ardımca gəlirdi, hərçənd o anda məni tapdalaya bilərdilər. Deməli, mən düzgün yaşamışam və onların nəzərində xilaskar idim. Bütün gecə davam edən səsvermənin sabahı atamın yanına gəldim və onu çox həyəcanlı gördüm, hətta gözü yaşarmışdı. Hər şey əlaqəlidir. Sədrliyimin əvvəlində Moskvada “Rəssamın xatirəsinə” sərgisini təşkil etdim. Çox çətin zaman idi – 90-cı illərin əvvəli. Orada Cavad Mircavadovun, Səttar Bəhlulzadənin, Qorxmaz Əfəndiyevin, Ələkbər Rzaquliyevin əsərləri var idi. Ruslar bu sərgidən sərsəmlədilər, deyirdilər “biz yaşayanları unutmuşuq, bu isə ölüləri xatırlayıb!”. Bu çox gözəl ekspozisiya idi, hər kəsin öz zalı var idi. Abşeron dövrü ümumiyyətlə yüksəliş idi! Həm qeyri-rəsmi, həm də tanınmış rəssamların.

Tanınmış rəssam dedikdə kimi nəzərdə tutursunuz?

Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov... Hamısı güclü uşaqlar idi! Sadəcə hakimiyyət üçün “həzm edilən” və “həzm edilməyən” rəssamlar var idi.

Maraqlıdır, bu “təsdiq” statusu necə yaranır? Axı Toğrul Nərimanbəyovu sosial realist adlandırmaq olmaz, amma buna rəğmən o hələ həyatda ikən populyar idi...

Çox sadə: onların bəxti gətirdi! Azərbaycan Kommunist partiyasının ikinci katibi, rəssamlığın böyük vurğunu Pyotr Matveyeviç Yelistratov gəldi. Bir dəfə sərgidə Toğrulun geri qaytarılan əsərini gördü və ölkənin ali rəhbərliyinə dedi: “Bu rəssamın əsərini sərgiləmək və ona mükafat vermək lazımdır!” Hadisələrin necə uyğun məcrada cərəyan etməsini anlayırsınız? Nərimanbəyovun yolu açıldı! Salahova da yardım göstərirdi, Səttarın arxasında həmişə dağ kimi dayandırdı... Bütün bunlar fəaliyyət üçün böyük stimul idi.

Tənqid Sizi hövsələdən çıxarmır?

Bir dəfə dostum Sənan Qurbanov demişdi: “Yalnız səninlə mən sərbəst ünsiyyət qura bilirəm. Təriflərlə bərabər tənqidi fikirlər də bildirirəmsə, bütün digər rəssamlar məndən inciyir”. Amma hamının xoşuna gəlmək olmaz. Tənqidi iztirabla qarşılayanlar sadəcə özlərinə həddindən artıq inanırlar və heç bir şəkkə yol vermirlər. Mən heç zaman sərgilərimdə olmuram, amma bir dəfə Moskvada, bağlanışa bir gün qalmış gəldim və belə bir mənzərə ilə rastlaşdım: bir zəhmətkeş, ayağında səndəl, – hadisə isə qışda cərəyan edirdi! – ondan da axsayan, ziyalı görkəmli bir insan yapışıb. Aralarında vurhavurdu! Səndəlli kişi axsağı nalayiq sözlərlə söyür, ziyalı isə bu vəhşini “Bura sizin yeriniz deyil! Burada sizə yer yoxdur” deyərək zaldan bayıra itələyir. Bu mənim üçün sərgimin ən səmimi müzakirəsi idi.

Bir dəfə effektiv idarəetmə haqqında suala “özünü unutmağı bacarmalısan” cavabını vermişdiniz. Özünü unutmaq bacarığı rəssam naturasına zidd deyil? Axı rəssamın diqqəti həmişə özünə yönəlir...

Bəli, rəssam eqosentrikdir, ancaq ətrafını görür və bütün onun inciklikləri, iztirabları və şikayətləri bundan irəli gəlir. Məsələn, mənə hər hansı problem haqqında söz açırlar, lakin incəsənətə öz baxışımdan imtina etməsəm bunu eşidə bilməyəcəm. Başqasının kətanına nəzər saldıqda özümü unutmalıyam. Əsasən rəssamların 99,9% öz yaradıcılıqları prizmasında baxırlar, bu isə tam səhv yoldur. Hətta dahi Sezann Van Qoqun əsərlərini dəlinin rəssamlığı adlandırarkən, düşünürəm ki, öz təcrübəsini əsas götürürdü və böyük rəssamın yaradıcılığına halı acımırdı. Lakin mən hər şeyi daxilimdən keçirsəm, görkəmli rəssam Qorxmazın rəsmlərini layiqincə qiymətləndirməyi bacaracağammı? Sezanın vecinə deyildi, mənim isə buna haqqım yoxdur, mən insanlarla işləyirəm.

Əsərləriniz arasında portretlərə də, natürmortlara da rast gəlinir, amma bunlar əsasən peyzajlardır. Təbiətin təsvirinə belə cazibə haradandır?

Mən ümumiyyətlə “peyzaj” deyilməsini o qədər də bəyənmirəm, bilirsiniz? Mənim üçün bu daha çox təbiət hadisələridir. Məni qarşımda gördüyüm deyil, onun vəziyyəti həyəcanlandırır. Təbiət həmişə məni cəzb edib. Yadımdadır, hələ uşaq vaxtı bağda əyləşərək baxırdım – küləyin, qürubun, otun hərəkətlərini müşahidə edirdim...

Bəs nə üçün məhz Abşeron landşaftı? Məsələn, nə üçün Lənkəran meşələri və Şahdağ dağları yox?

Mən Abşeronda böyümüşəm, hər şeyi burada əldə etmişəm. Arxitektura, məskənlər, ümumilikdə estetika... Demək olmaz ki, o məni cəzb edir – mən özüm onun bir hissəsiyəm. Amma öz əsərlərimdə mən bütün Azərbaycanı görürəm.

Müsahibə: Nonna Müzəffərova

Foto: Maya Bağırova